Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşüb

3-07-2022, 09:14

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşüb

İranda səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Rza Tehranda Prezident İbrahim Rəisi ilə görüşüb.

Ordum.az xəbər verir ki, bu barədə “ANI News” məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş zamanı hər iki tərəf iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində uzunmüddətli əməkdaşlığa başlamaq arzusunu ifadə edib.

Görüşdə həmçinin ikitərəfli strateji maraq doğuran məsələlər və regionda təhlükəsizlik müzakirə olunub.

General Nadim Rza həmçinin İranın müdafiə naziri briqada generalı Məhəmməd-Rza Gərayi Aştiani, Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami və İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Şahram İrani ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Qeyd olunub ki, İran hərbi rəhbərliyi Pakistan Silahlı Qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib və onların terrorizmlə mübarizədəki xidmətlərini vurğulayıb.




Facebook'da Paylaş