KİV: “Azovstal”da həlak olan hərbçilərin meyitləri Ukraynaya təhvil verilir
Rusiya Mariupolda yerləşən “Azovstal” polad zavodunun müdafiəsi zamanı həlak olan ukraynalı hərbçilərin nəşini qarşı tərəfə təhvil verməyə başlayıb.
Ordum.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə "Azov" alayının sabiq lideri Maksim Jorin məlumat verib.
Bildirilib ki, hərbçilərin nəşi paytaxt Kiyevə çatdırılıb. Orada onların kimliyini müəyyənləşdirmək üçün DNT analizi aparılır.
Xatırladaq ki, Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etməyiblər. Bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu indiyədək tam ələ keçirə bilməmişdi. Bu müddət ərzində onlar yüzlərlə rusiyalı hərbçini, o cümlədən yüksəkrütbəli zabitləri məhv edib, işğalçı qoşunların Ukraynanın digər ərazilərinə hücumunu xeyli ləngidib. Ukrayna hərbçilərinin “Azovstal”dan təxliyəsi mayın 16-da başlayıb. Mayın 20-də zavodun aparıcı müdafiə qüvvəsi olan “Azov” alayı müdafiənin dayandırılması əmri verildiyini açıqlayıb.
Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.
Facebook'da Paylaş