Yaponiya səfirliyi Tərtər rayonunun minalardan təmizlənməsinə qrant ayıracaq

9-03-2022, 18:08

Yaponiya səfirliyi Tərtər rayonunun minalardan təmizlənməsinə qrant ayıracaq

Yaponiyanın Azərbaycandakı səfirliyi və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

Ordum.az xəbər verir ki, layihənin əsas məqsədi Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır.

Layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ayrılacaq.

Yaponiyanın Azərbaycandakı səfiri Cunici Vada bildirib ki, ölkəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə və ümumilikdə bu torpaqların bərpasına dəstək göstərməyə davam etməyə hazırdır.




Facebook'da Paylaş