Anar Eyvazov: "İtkin düşən hərbçimizin axtarışına kifayət qədər şəxsi heyət və texnika cəlb edilib"

29-01-2022, 19:00

Anar Eyvazov: "İtkin düşən hərbçimizin axtarışına kifayət qədər şəxsi heyət və texnika cəlb edilib"

"Hadisə ilə bağlı deyə bilərəm ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb".

Ordum.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, ərazinin çətin relyefli yüksəklikdə və qarla örtülməsini nəzərə alaraq bura kifayət qədər şəxsi heyət və texnika cəmləşdirilib: "Axtarış işlərinə cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin edilir. Keçirilən axtarışlar nəticəsində bu gün səhər saatlarında kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılıb və onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Baş leytenant Fuad Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir".




Facebook'da Paylaş