Regional inkişafa göstərilən diqqət
Prezident İlham Əliyevin bölgələrə səfərləri “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dovlət Proqramı”nın icrasına təkan verir
Son illər Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Prezident İlham Əliyevin bütün bölgələrə mutəmadi səfərləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dovlət Proqramı”nın icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib. Prezidentin regional inkişafa göstərdiyi diqqət ölkənin hər bir bölgəsində yeni istehsal və emal sənayesi müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib.
2004-cü ildən başlayaraq regionların tarazlı inkişafı siyasətinə uyğun olaraq mövcud istehsal potensialından səmərəli istifadə məqsədilə müəssisələrin fəaliyyətinin bərpasına, yeni müəssisələrin yaradılmasına, eləcə də kənd təsərrufatı məhsullarının emalı müəssisələrinin istehsal imkanlarının artırılmasına xüsusi diqqət yetirilib. Adı çəkilən Dovlət Proqramının icrası yerli əhalinin məşğulluğunun və ölkədə dinamik inkişafın təmin edilməsində əsas inkişaf göstəricilərindən biri kimi qiymətləndirilir. Ölkə başçısının səfərləri çərcivəsində yeni istehsal müəssisələrində keçirdiyi görüşlər sahibkarlığın inkişafına dövlət dəstəyinin əyani sübutu və Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına verdiyi xüsusi diqqətin bariz numunəsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər edərək bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı muəssisələrin fəaliyyəti ilə maraqlanıblar.
Ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarədir. Dövlət Proqramına uyğun olaraq bu sahədə ölkədə həyata keçirilən layihələr energetika sisteminin daha da möhkəmlənməsinə və yerli əhalinin keyfiyyətli enerji təminatına xidmət edir. Enerji infrastrukturunun yaxşılaşdırılması sahəsində ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər
2023-cü ildə də davam etdirilib və aprelin 18-də ölkə başçısının iştirakı ilə “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi keçirilib. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb. Qeyd edək ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev, həmçinin Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Cənab Prezident müsahibəsində deyib ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir: “Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir”.
Artıq ildən-ilə artan neft və qaz gəlirləri qeyri-neft sektoruna yönəldilir. Bu da iqtisadiyyatın dinamik inkişafına nail olmaq üçün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindəndir. Məhz bu məqsədlə Azərbaycanda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” həyata keçirlir. Dövlət Proqramın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilər yüksəlib. Bununla yanaşı, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin rifah halını yaxşılaşdırıb. Eyni zamanda bu, regionlarla paytaxt arasında fərqi azaldıb. Dövlətimizin başçısı müsahibəsində bu məsələni də xüsusi vurğulayıb: “Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir”.
Qeyd olunduğu kimi, ölkədə formalaşmış əlverişli iqtisadi mühit Dövlət Proqramının uğurla gerçəkləşdirilməsinə zəmin yaradıb. Bundan sonrakı dövrdə də həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətləndirilməsinə və keyfiyyətcə daha yüksək səviyyəyə qalxmasına, cəmiyyətdə orta təbəqənin payının artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və yoxsulluq həddinin aşağı düşməsinə səbəb olacaq. Bütün bunlar da davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaq.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Facebook'da Paylaş