Bank Ombudsmanının saytı fəaliyyətə başlayıb

6-09-2017, 11:24

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başlayıb.


ABA-dan bildiriblər ki, Bank Ombudsmanının rəsmi internet səhifəsinə www.bankombudsman.az ünvanından daxil olmaq olar. Sayt vasitəsilə Bank Ombudsmanının əsasnaməsi, reqlamenti və müraciət qaydaları ilə tanış olmaq mümkündür. Eyni zamanda, saytda bank və müştəri arasında yaranan və Bank Ombudsmanının reqlamentinə daxil olan problemli məsələlərlə bağlı elektron müraciət imkanı yaradılıb. Bunun üçün "Müraciət et" bölməsindən "Elektron müraciət"ə daxil olub, müvafiq məlumatları doldurmaq lazımdır.


Xatırladaq ki, iddia məbləği maksimum 2000 ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, banklarla əqdlərin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan, heç bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mülki-hüquq mübahisələrinin həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilib.

Eyni zamanda, mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud deyilsə; mübahisəyə Bank Ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmayıbsa, ona dair barışıq sazişi təsdiq edilməyibsə və ya Ombudsmanın mübahisəni mahiyyəti üzrə həll edən qərarı yoxdursa; ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan 2 (iki) il keçməyibsə; ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və faiz siyasətinə aid deyilsə; qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yoxdursa; iş bankın qiymət siyasətinə aid deyilsə; barəsində ərizə verilən maliyyə təşkilatının lisenziyası geri çağırılmayıbsa və ya bu maliyyə təşkilatı ləğv olunmayıbsa qeyd olunana işlərə baxıla bilər.

Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağının 2017-ci il aprelin 3-dəki iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 19 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.




Facebook'da Paylaş