"İran komandanları Rəhbərin (Xameneinin) Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı mövqeyini qulaq ardına vururlar.
Məlum oduğu kimi, Ermənistanın Azərbaycana qarşı bu ilin sentyabr ayının 27- də növbəti hərbi təxribatına qarşı Azərbaycan əks-hücum əməliyyatına başlayıb, qısa müddət ərzində özünün düşmən işğalı altında olan İranla həmsərhəd ərazisini işğaldan azad edəndən sonra, İran sərhədin öz tərəfində olan ərazisinə SEPAHın(konkret səlahiyyətləri olmayan, lakin bütün sahələrə müdaxilə edən ayrıca ordu) quru qoşunları, Hava Hücumundan müdafiə qoşun hissələri, Silahlı qüvvələrin Quru qoşunlarının hərbi hissələrini gətirib yerləşdirmiş və onları daim gücləndirməklə məşğuldur.
Həmin hərbi hərəkətlər, dislokasiyalar qeyd edilən qoşun hissələrinin komandirlərinin İranın Ərdəbil və Şərqi Azərbaycan ostanlarına (Azərbaycan Respublikası ilə həmsərhəd əyalətlər) səfərləri ilə müşaiyət olunur. Həmin komandanlar istər məntəqəyə baxış keçirərkən, istərsə də öz mərkəzi qərargahlarında Ermənistan -Azərbaycan müharibəsi barədə hərbi və siyasi fikirlər söyləməkdə sanki bir-biri ilə yarışırlar.
Bu gün Silahlı Qüvvələrin Quru qoşunlarının komandanı general Keykavus Heydərinin həmin məsələ ilə bağlı fikirləri internetdə yayılıbdır. Komandan sərhədi daim gücləndirdiklərindən, ora əlavə qüvvələr göndərildiyindən danışıbdır ki, bu, hərbçi üçün adi və vəzifələri çərçivəsində olan bir mövzudur. Lakin həmin komandir də digər komandirlər kimi Ermənistan -Azərbaycan müharibəsi ilə bağlı fikirlərini deməklə kifayətlənməyərək, müharibənin başa çatmasının yollarını göstərmək kimi bir missiyanı da öz üzərinə götürməyə cəhd edir. O, münaqişənin həlli ilə bağlı fikirlərini deyərkən ya İranın Ali Rəhbərliyinin və hökumətin mövqeyini bilmədiyini ya da onların mövqeyinə etinasızlıq göstərdiyini nümayiş etdirir.
Burada bir cəhətə diqqət yetirmək vacibdir. SEPAHın (İslam İnqilabı Keşikçiləri Korpusu), xüsusən onun daxilində ayrıca, hətta müstəqil hərbi-siyasi vahid olan "Qüds"ün İslam inqilabı ixracı və s. hədəflər çərçivəsində müstəqil xarici siyasət yeritdiyi məlumdur. Lakin Silahlı qüvvələrin həmin sahədə fəaliyyəti haqqında demək olar ki, məlumat yoxdur. Ona görə də son hadisələrlə bağlı ordunun və onun komandirlərinin fəallaşması, yalnız hərbi deyil, həm də siyasi məsələlərlə bağlı fikir söyləmələri xüsusi maraq doğurur. Belə ki, general Keykavus Heydəri qeyd edir ki, İranın hər iki qonşu dövlətlə bir çox ortaq cəhətləri var, hər iki dövlətə TÖVSİYYƏSİ odur ki, beynəlxalq qanunlara ehtiram göstərsinlər, beynəlxalq sərhədləri qorusunlar və "problemləri danışıqlar və müzakirə yolu ilə həll" etsinlər.
General Rəhbərin Ermənistanın işğalçı olduğunu deməsini və münaqişənin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin işğaldan azad edilərək Azərbaycana qaytarılması əsasında həllinin mümkünlüyü haqqında bəyanatını, eləcə də İranın münaqişənin işğala son qoymaq prinsipinə söykənən həlli ilə bağlı hazırladığl layihəni ya görməyib ya da görməzlikdən gəlir. Əgər bir qədər də diqqətlə baxsaq, İranda bir neçə qərar qəbul edən mərkəzin olduğunu qəbul etsək, onda Silahlı Qüvvələrin ayrıca güc mərkəzi kimi öz mövqeyini göstərməyə cəhd etdiyini və həmin mövqeyin Rəhbərliyin və hökumətin mövqeyindən fərqli olduğunu deyə bilərik. General İranın münaqişə ilə bağlı Ermənistan-Azərbaycan müharibəsindən əvvəl, demək olar ki, 27 il ərzində sərgilədiyi mövqeyi təkrar etmişdir. Generalın bu hərəkəti, ya qeyd edildiyi kimi, silahlı adamların öz mövqeyi olduğunu, ya da sadəcə olaraq zamanla ayaqlaşmadıqlarını, Rəhbərliyin nə dediyi ilə, mövqeyi ilə maraqlanmadığını göstərir.."
Vidadi Mustafa