Agentliyin yeni mühiti yeni ümidlər doğurur
Agentliyin yeni mühiti yeni ümidlər doğurur“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu bu günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olub, qurumun icraçı direktoru xanım Aygün Əliyeva ilə görüşüb. 2017-ci ildən bu yana Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayaq basmayan QHT sədrinin şuranın bazasında yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini ziyarət etməsinin səbəbilə maraqlandıq.
Tamxil Ziyəddinoğlu məsələyə belə aydınlıq gətirdi:
Əslində bu il bizim qurumun təsis edilməsinin 10 ili tamam olur. Amma Dövlət qeydiyyatından keçməyimiz 7 ildir. Bu yeddi il ərzində QHT Şurası ikicə layihəmizə maliyə dəstəyi verib. Birində 3 min, ikincisində 6 min manat. “Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir” və “Hərə bir əsgər, hər ev bir səngər” adlı layihələrimizə aid tədbirlərimiz döyüş bölgələrində, sərhəd kəndlərində çox uğurla həyata keçirildi. Televiziya kanalları, Respublika radiosu, AzərTac, onlarca qəzet və informasiya portalları tədbirimizdən geniş materiallar dərc etdi. Şura da fəaliyyətimizi alqışladı. Nəticədə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının 30 təsisçisindən biri olduq.
[b]- Bəs sonra?
2000-ci il, düşmənlə üzbəüz yerləşən "Sibir" postu
- Sonrası deyiləsi deyil. Üç dəfə ard-arda layihəmizə dəstək verilmədi. Ondan sonra hiss elədik ki, QHT Şurasına müraciət edib, bir ətək sənəd hazırlayıb həftələrlə vaxt itirməyə dəyməz. O qədər əziyyəti çəkməkdəncə, öz resurslarımızla fəaliyyətimizi davam etdirək, hədəfə doğru yürüyək, nə vaxtsa ədalətli qiymətləndirmə olarsa, onda bəxtimizi sınayarıq. Elə də etdik. 5 ildir ki, o tərəflərə üz çevirmirdik. Doğrusu QHT üzrə dost-tanışlarım, layihəsi qalib olanlar bu dəfə məni çox qınadılar ki, niyə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihə ilə müraciət etmədiniz?! İndi vəziyyət fərqlidir, çox şey dəyişib. Köhnə münasibətlər pozulub. Qiymətləndirmələr ədalətlidir və s.
Mən də eləmədim tənbəllik, deyilənləri yoxlamaq qərarına gəldim. Görüşlə bağlı müraciət edən kimi münasib vaxt təyin olundu. Məkana gəldiyimdə agentliyin nümayəndəsi ədəb-ərkanla qarşılayıb icraçı direktorun qəbul otağına apardı.
QHT Şurasında gördüyüm göz qamaşdıran mebellərdən, boy basan kreslolardan, məmur təkəbbüründən əsər-əlamət yox idi. Mənə elə gəldi ki, o adi oturacaqlar orda əyləşən məmurun sadəliyi, kübarlığı, ləyaqəti ilə şərəflənir, qiymətə minir.
Aygün Əliyeva da işçiləri kimi ədəb-ərkanı, nəzakətli davranışı ilə yadımda qaldı. Sadəliyi, səmimiyyəti, qarşısındakını dinləmək mədəniyyəti tərəf müqabilini heyran edir. QHT camiəsinin üzərinə düşən vəzifələrlə, görə bildiyimiz və görə biləcəyimiz işlərlə bağlı xeyli fikir mübadiləsi apardıq.
İcraçı direktor düşmənə qarşı söz səngərində döyüşən, Milli-mənəvi dəyərlərimizin keşiyini çəkən, yuxusuz gecələr hesabına informasiya müharibəsinə səfərbər olan, zehnini, ürəyini, vətəndaş ruhunu dövlətçiliyinə sipər edən hərbi jurnalitlərin 5 il boyunca dəstəklənməməsi xəbərini təəssüf hissi ilə qarşıladı. Müharibəyə məcbur edilən bir ölkənin Hərbi Mövzular üzrə İxtisaslaşmış yeganə ictimai birliyinə belə münasibətdən təəccübləndi.
Sonra Agentlikdə yaradılan işgüzar şəraitdən, dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlıq mühitinin formalaşdırılması, şəffaflaşdırılması zərurətindən danışdı. Beləliklə yeni mühitdə yeni ümidlərin tumurcuqladığını gördüm. Əmin oldum ki, məmurda dövlətçilik təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olanda hər şey cəmiyyətin normallaşmasına, sağlamlaşmasına xidmət edər. Ədalətsizlik, laqeydlik, süründürməçilik, etinasızlıq olan yerdə isə inam ya azalar, ya da tamam itər.
İnsanın ən gözəl duyğularından biri vətəndaşı olduğu dövlətə, onun qanunlarına güvənməsi, haqqın, ədalətin zəfər çalmasına inanmasıdır. İnsanın, vətəndaşın bu duyğusu vəzifə sahiblərindən asılıdır...
Vəzifəsini ləyaqətlə icra edən məmur həm də təmsil etdiyi qurum haqqında yaxşı fikir yaradır. Bu yolda Yenicə yaranmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və onun icraçı direktoru Aygün xanıma uğurlar diləyirik!
Bünyamin Nərimanoğlu
Facebook'da Paylaş