Əliyevin sözləri İranı silkələdi:

29-09-2021, 07:46

Əliyevin sözləri İranı silkələdi:

Azərbaycan Prezidenti İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsində İranın sərhədlərimiz yaxınlığında keçirdiyi irimiqyaslı təlimə və İran yük maşınlarının Qarabağdakı bir ovuc terrorçu-separatçıya qanunsuz yük daşımasına münasibət bildirməsi İran rejimini əməllicə “narahat” edib. İran mediası da xüsusi canfəşanlıqla iranlı rəsmilərin bu açıqlamaya münasibətini tirajlamağa başlayıblar.
İlham Əliyev müsahibəsində nə demişdi?
Demişdi ki:
1. İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. İşğal dövründə bu TIR-lar müntəzəm olaraq oraya gedirdi.
* Bu TIR-lar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır.
* Ondan sonra İran TIR-larının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. TIR-ın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər.
* Belə olan halda, bir ay keçəndən sonra, avqust ayının ortalarında biz artıq rəsmi qaydada diplomatik nota verdik. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət etdi.
* Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR-ların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?
2. Bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir?
Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır.

Emosional reaksiya "keçdi", çıldırma başladı...

İlham Əliyevin təxmin etdiyi kimi, legitim addımlara emosional reaksiya verilməkdə davam edir. İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə Azərbaycan sərhədləri yaxınlığında təlim keçirilməsinin İranın suveren haqqı olduğunu bildirib. Bu, əlbəttə ki, Azərbaycan Prezidentinin iradına cavab deyil. Əliyevin sualı tamamilə başqa idi: niyə məhz indi? Xətibzadə bu suala cavabdan əvvəl İlham Əliyevin açıqlamasından “iki ölkə arasındakı xoş qonşuluq əlaqələrinə görə” təəccübləndiyini bildirib. O deyib ki, İran və Azərbaycan XİN rəhbərləri bu və digər mövzuları Nyu Yorkda, MBT Baş Assambleyası sessiyasında çərçivəsində görüşərkən, müzakirə etmişdilər.
“İran həmişə istənilən ərazi anneksiyasına qarşı olub və hər zaman ölkələrin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət edilməsinin mütləqliyini vurğulayıb”, - Xətibzadə deyib.
Çox gözəl sözlərdir, ancaq yenə də sualın cavabı yoxdur. İran 30 il ərzində, Azərbaycanın o əraziləri işğalda olarkən, o torpaqlara yaxın, Arazın o tayında niyə təlim keçirmirdi? Niyə məhz Azərbaycan ərazilərini azad etdikdən dərhal sonra bu təlimlər keçirilir? İran TIR-ları niyə Xankəndiyə qanunsuz giriş edirdilər? Niyə Azərbaycan polisi Gorus-Qafan yolunda hərəkətə keçənə qədər 3 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, saxta nömrələr taxmaqla bu daşımalar davam etdirildi?
Əvəzində Xətibzadədən inanılmaz bəyanat gəlir. O bildirir ki, İran sionist rejimin (İsrail rejiminin) öz sərhədləri yaxınlığında mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün bütün tədbirləri görəcək.
Ya İran rejimi təmsilçilərinin gözünə hər yerdə İsrail və sionist rejimi görünür, yaxud da öz qanunsuz əməllərini “ideoloji” məsələlərə bağlamaq üçün mənasız cəhdlər edirlər.
İranla sərhəddə, Arazın bu tayında işğaldan azad olunan ərazilər müsəlman torpaqlarıdır və orda da “Azərbaycan rejimi” infrastrukturu bərpa etməklə məşğuldur. Hələ onu demirəm ki, 30 il işğal zamanı o infrastrukturun məhv edilməsi, evlərin, binaların, obyektlərin tikinti materialı kimi sökülüb daşınması və cənnətməkanın səhralığa və xarabazara çevrilməsində İranın müstəsna xidmətləri olub.
Xristian erməniləri “qardaş xalq” adlandıran, işğalçı Ermənistanı “qardaş dövlət” sayan İran müsəlman Azərbaycan dövlətini musəvi-sionistmi zənn edir? Yoxsa işğaldan azad edilən torpaqlarda quruculuq-bərpa işlərinə İsrail şirkətlərinin də cəlb olunmasına işarə edir?
Əvvəla, Azərbaycandakı quruculuq işlərinə qoşulmağı arzulayan və İsrailin “sərhədlərinə qədər” gəlməsini istəməyən ölkə ən azı islam prinsiplərinə, ədalətə, vicdana, ləyaqətə, beynəlxalq hüquqa, insan haqq və hüquqlarına uyğun olaraq, 30 il müddətində məcburi qaçqın-köçkün düşüb, zülm-zillətlər çəkən müsəlman azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması üçün çalışar, işğalçını ayaqda tutmaz, ona maddi-hərbi-siyasi yardım göstərməz, işğalın davam etməsinə şərait yaratmazdı.
İkincisi, 44 günlük savaş ərzində Azərbaycan Ordusunun düşmənə qan udduran İsrail istehsalı dronları havada uçarkən, Ermənistana yüzlərlə zirehli texnikanın daşınmasını təşkil etməzdi.
Üçüncüsü, 44 günlük savaş ərzində Türkiyənin bütün dünyanın siyasi güclərinin qarşısına sinəsini verərək, “qarışmayın” meydan oxuması qarşılığında üzdə susmaq hələ Azərbaycanın haqq işinə dəstək vermək demək deyil. Oysa Rusiya lideri Putin İrandan daha üstün, daha ləyaqətli, daha vicdanlı və ədalətli mövqe sərgilədi: “Müharibə Ermənistan ərazisində getmir, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu, bütün beynəlxalq təşkilatlarda da belə qəbul olunub” dedi. İran isə SEPAH generalının dili ilə ermənilərə Qarabağda “status” verilməsində israrlı olduqlarını deyib.
İsrail, israilli politoloqlar, İsrail mediası, yəhudi diasporu isə bütün bu dövr ərzində, xüsusən 44 günlük savaşda Azərbaycanın haqq davasını müdafiə edib... Həm də Azərbaycanda yaşayan yəhudi vətəndaşlarımız bu savaşda digər millətlərdən olan qardaşlarımızla çiyin-çiyinə vuruşub! İndi niyə quruculuq işlərində İsrail şirkətlərinə də pay verilməməlidir? İsrail şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi də bu gün başlamayıb – hər zaman belə olub və dünyada yəhudilərin çox rahat şəkildə yaşadığı yeganə ölkə də Azərbaycandır. Ancaq Azərbaycan müsəlman ölkəsidir və belə də qalacaq.
Xətibzadənin bu “eyhamı” və İranın aqressiv və anlaşılmaz, qonşuya və Azərbaycanın statusuna yaraşmayan və özünə ziyan verəcək addımlarına haqq qazandırmaq cəhdi isə çox bəsit və məzmunsuzdur. Xətibzadə diplomatdır və İran rejiminin mövqeyini və düşüncəsini də diplomatik baxımdan ifadə etdi. Ancaq bu, İran mediası və İran rejimi üçün görünür, "kifayət" deyildi: ayətullahlardan tutmuş SEPAH-çılara qədər, hamı danışdırılır.
Ən ağır ittiham isə axır ki, SEPAH komandanının müavini Əli Sərdar Fədavidən gəldi.
İran rejimi həmişə müsəlman təəssübkeşi roluna girərək çoxqatlı və məkr dolu siyasət aparıb. Sasani düşüncəsini davam etdirib - İran siyasətindəki şeytanın özünü belə heyrətə salan hiylə haqda bütün klassik ədəbiyyat və tarix kitablarından tanış ola bilərsiniz.
İran üçün, SEPAH üçün cəsarətli, dürüst, səmimi siyasət “uşaqcasınadır”, onlar səmimiyyəti yalnız uşaqlarda görürlər. Heç vaxt səmimi qonşuluq, səmimi siyasət, səmimi ünsiyyətin nə olduğunu bilməyiblər və heç vaxt da bilməyəcəklər.
Ona görə Azərbaycan Prezidentinin səmimi, dürüst, mərd və açıq siyasətini başa düşməkdə, daha doğrusu, dərk etməkdə çətinlik çəkib, təəccüblənirlər. Anlamaq istəmirlər, genetik faktorları imkan vermir, əvəzində Güney azərbaycanlı “politoloqlar” tapıb, azərbaycandilli saytlarında Azərbaycan dövlətinə qarşı danışdırırlar; Azərbaycan liderinin “mən 50 milyonluq azərbaycanlının prezidentiyəm” sözlərini hələ də unutmurlar, 50 milyonun içindən qanıqarışıqları tapıb, Azərbaycana qarşı istifadə edirlər. Ən maraqlısı da odur ki, bu "azərbaycandilli" saytlar İranda yayılmır. 35 milyonluq İran azərbaycanlısının dilini, haqqını tanımayan İran rəsmiləri ölkə daxilində yayılmayan azərbaycandilli saytlar yaradıblar. Kimin üçün? Hansı məqsədlə? Bu azərbaycandilli saytlar İranda, 35 milyonluq Azərbaycan türkü üçün deyilsə, bəs, niyə yaradılıb?
Hər kəsə bəllidir bu siyasət, bu hiylə, bu məkr...




Facebook'da Paylaş