"Döyüşlərdə irəlilədikcə qələbəmizin yaxında olduğunu duyurdum”

1-05-2021, 19:01

"Döyüşlərdə irəlilədikcə qələbəmizin yaxında olduğunu duyurdum”


Vətən göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən başlanır.

Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənliyində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Mən özlüyümdə düşünürəm ki, ailədə, cəmiyyətdə təlim-tərbiyəsi ilə seçilən gənclərin vətənpərvərlik hissi də güclü olur, ruhən Vətənə, torpağa sıx bağlanırlar. Məhz buna görə məşhurlardan biri gözəl deyib: Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.
Bəli, ötən ilin sentyabrında başlanan Vətən savaşı müasir gəncliyimizin mərdliyini, mətinliyini üzə çıxardı, düşmən önündə qorxu bilmədən sinəsini yağı gülləsinə sipər edən oğulların qəhrəmanlığını sübuta yetirdi. Bəzən deyirlər ki, kimsə anadan qəhrəman doğulur, amma belə deyil, yaşadığı mühit, cəmiyyət insanı mübarizləşdirir, ona Vətənini, dövlətini, xalqını dərin məhəbbətlə sevməyi öyrədir.
Azərbaycan 20-ci əsrin sonlarında tarixi müstəqilliyinə qovuşduğu ilk vaxtlardan havadarlarına arxalanan təcavüzkar Ermənistan tərəfindən hərbi münaqişəyə cəlb edildi. Təəssüf ki, həmin dönəmdə dövlətimiz iqtisadiyyatını, ordusunu yeni yaradırdı, hələ müharibəyə hazır deyildi, səbatsız, naşı rəhbərlərin kobud səhvləri də bizə baha başa gəldi və nəticə etibarilə iyirmi faiz torpaqlarımız terrorçu erməni birləşmələri tərəfindən işğal edildi. Demək olmaz ki, həmin illərdə döyüşən yox idi, minlərlə igidimiz Vətən yolunda canını fəda etməkdən çəkinmədi. Həmişə müvəqqəti məğlubiyyətimizdən söz açıb ordunu, döyüşçüləri tənbeh edənləri qınamışam, adam gərək haqqı heç nəyə satmasın, şəhidlərimizin ruhundan utansın, sağlamlığını itirən qazilərimizi düşünüb daşınsın.
Sonrakı dövrlərdə Azərbaycan dövləti ulu öndərimiz Heydər Əliyevin timsalında əsl sahibini tapdı, müstəqilliyini məhkəmlətdi, hərbi-iqtisadi uğurlara imza atdı. Və bu yol 2003-cü ildən etibarən təcrübəli siyasi liderimiz İlham Əliyev tərəfindən inamla davam etdirildi. Dövlətimizə rəhbərliyinin ilk günündən cənab Prezidentimiz bəyan etdi ki, onun ən başlıca məqsədi ölkənin hərbi qüdrətini artırmaqla torpaqlarımızı işğaldan azad etməkdir. Məhz bu ruha köklənən siyasi kurs az bir vaxtda güclü ordumuzun formalaşmasına zəmin yaratdı. Belə bir güclü ordunun sıralarında əsgəri xidmətini başa vuran vətənpərvər gənclərimizdən biri də Hacıqabul rayon sakini Əhədov Əlişad Rəfael oğlu idi.
Dövlət Sərhəd Xidmətinin çevik hərəkət dəstəsində həqiqi hərbi xidmətdə olan Əlişad az bir vaxtda mərdliyi, şücaəti ilə komandirlərinin hörmətini qazandı, nümunəvi əsgəri xidmət köksündəki Vətən sevgisini daha da gücləndirdi. Və buna görə də əsgərliyini başa vurandan sonra taleyini hərbə bağladı. Bu dəfə Müdafiə Nazirliyinin vacib hərbi bölmələrindən birində müqaviləli xidmətə qədəm qoydu. İlk gündən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn Əlişad Əhədovun sorağı beynəlxalq səviyyəli hərbi təlimlərdən gəlirdi. 2012-ci ildə İraqda sülhyaratma missiyasını yerinə yetirən Azərbaycan hərbçiləri arasında ölkəmizi ləyaqətlə təmsil edən oğullardan biriydi. Sonra Bolqarıstana, Almaniyaya, Türkiyəyə göndərildi və bütün təlimlərdə peşəkarlığyla seçildi. 2014-cü ildə isə Moskva şəhərində faşizm üzərində Qələbənin ildönümü münasibətilə keçirilən paradda iştirak edib. Əlişad daim inamlı idi ki, belə qüdrətli ordumuz Ali Baş Komandanın bircə çağırışıyla Vətənimizin ərazi bütövlüyünü çox qısa müddətdə təmin edəcək.
Və 2020-ci ilin sentyabrın 27-də on minlərlə, yüz minlərlə gəncimiz kimi Əlişadın da intizarla gözlədiyi gün yetişdi. Qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən savaşı Azərbaycan Ordusunun mütləq zəfəri ilə yekunlaşdı. Hələ 2016-cı ilin aprel döyüşlərindən sonra cəbhə xəttinə səfəri zamanı dövlətimizin başçısı çıxışında qeyd etmişdi ki, bu gün ordumuzun sıralarında qələbə arzusu ilə alışıb yanan, döyüş əmrini səbrsizliklə gözləyən gənclərimiz saysız-hesabsızdır. Müharibənin ilk günündən döyüşlərə atılan Əlişad Əhədov öz silahdaşları, təcrübəli komandirləri ilə cəbhə xəttində qətiyyətlə irəliləyirdi. Füzulinin, Cəbrayılın, Qubadlının və digər ərazilərimizin işğaldan azad edilməsində Əhədovun daxil olduğu hərbi bölmənin də böyük uğurları vardır. Çox təəssüf ki, Qubadlı döyüşlərində hacıqabullu gənc bir neçə bədən nahiyəsindən ağır yaralanır. Gəlin kövrək müharibə xatirələrini dövlət başçımızın “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş döyüşçümüzün öz dilindən dinləyək.
-Cəbrayılın kəndlərini azad edib Qubadlıya doğru gedirdik, kəndlərimiz azad olunduqca sevincimizin həddi-hüdudu bilinmirdi,- deyə Əlişad söhbətimizə davam edir. – Döyüşlərdə irəlilədikcə qələbəmizin yaxında olduğunu duyurdum. Hər birimiz əzmlə döyüşürdük. Yüksəkliklərin birinə Azərbaycan bayrağını sancanda isə həyəcandan göz yaşıma hakim ola bilmədim, düşündüm ki, illərlə gözlədiyimiz zəfərdə az da olsa haqqım, əməyim olacaq. Bu adama böyük sevinc, qürur yaşadır, hansı ki, sözlə ifadə etmək olmur. Sanki azad etdiyimiz hər qarış torpaq dil açıb üzümüzə gülürdü. Amma təəssüflənirəm ki, qələbə savaşında sonadək iştirak edə bilmədim. Qubadlıda düşmən minamyotunun atəşi məni də haqladı, sağ qolum özümdə deyildi. Bir də gözümü xəstəxanada açdım...

Odlu-alovlu döyüş epizodlarını xatırlayanda kövrəldiyi anlar diqqətimdən yayınmır. Bəzən də göz yaşını saxlaya bilmir, çünki müharibədə ən əziz dostlarını, sevimli komandirlərini itirib. Bölük komandiri baş leytenant Cəmil Nəcəfov onların dəstəsində ilk şəhid olub. Döyüşlərin birində qəhrəmancasına həlak olan mayor Rəhim Hüseynovun da itkisinə dözə bilmir. Axı hər biri dəyərli zabit idi, əsgərləri üçün ürək yandıran, hər vaxt döyüşlərin önündə gedən oğullar idi. Hacıqabullu qazı deyir ki, sağlamlığımı bərpa edəndən sonra şəhid silahdaşlarımı ziyarət edəcəm, doğmaları, əzizləri ilə görüşəcəm.

Qarabağ qazisi olan həmyerlimlə söhbətimizi yekunlaşdırıb bu yaxınlarda nəşi tapılan bir şəhid döyüşçümüzün yas mərasiminə tələsirik. Yolboyu yenə söhbətimizə davam edirik. Əlişad müharibədən qayıtdıqdan sonra ona baş çəkən xeyirxah adamlardan da söhbət açır, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm müəllimdən ağızdolusu danışır, onun diqqətini, qayğısını dilə gətirir. Rayonda xeyirxah əməli ilə tanınan Hacı İltifatın adını çəkir. Deyir ki, daim şəhid ailələrinin, qazilərin yanındadır, kimin nə kimi problemi varsa, imkan daxilində dayaq olmağa çalışır.
Məclisdən sonra səmimi sağollaşıb ayrılıram. Şəhərə qayıdıram, maşında düşüncələr məni ağuşuna alır. Tezliklə Qarabağ yurdu, Seyidin, Bülbülün vətəni, sənət-musiqi məbədgahımız olan Şuşamız qüdrətli dövlətimizin gücü ilə yenidən bərpa olunacaq, gülüstana dönəcək. Nə vaxtsa Qarabağ qazisi Əlişad Əhədov da ailəsi, övladı ilə o yerlərə ayaq basanda qəlbi qürurdan döyünəcək. Çünki böyük Qələbəmizdə onun da alın təri var!
Arif PƏNAHLI,
hərbi jurnalist




Facebook'da Paylaş