Şəhidliyin ünvanı əbədiyyətdir!
Bir dəfə yas mərasimində cavan bir ruhani şəhidlikdən söhbət açmışdı, müharibəyə gedib Vətən, torpaq yolunda həlak olan hər kəsin müqəddəs bir ada – şəhid adına layiq görüldüyünü qeyd etmişdi. Deyirdi ki, şəhidlər kəfənli-kəfənsiz harada dəfn edilməsindən asılı olmayaraq onlara adi ölü demək günahdır, çünki onlar cismən həyatdan köçsələr də ruhən aramızdadılar. Əbəs demirlər ki, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.
Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycanın ölməz mənəvi dəyərlərini dünyaya yenidən sübut etdi, yaşından, mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşımız düşmən üzərində qələbəmizə kökləndi və bu yolda öz töhfəsini əsirgəmədi. İgidlərimiz isə silaha sarılıb ön cəbhəyə yola düşdülər, illərdən bəri düşmən əlində dustaq qalan əzəli Qarabağımızı işğaldan azad etmək üçün şirin canlarını belə fəda etməkdən çəkinmədilər. Şəhid övladının tabutunu çiyninə alan ata-analarımız, bacı-qardaşlarımız “Təki Vətənimiz yaşasın!” deyib öz doğmalarını son mənzilə böyük qürurla yola saldılar. İndi şəhidi olan hər evin, hər ocağın başı üzərində dalğalanan üçrəngli bayrağımızı görüncə qəlbimizi sonsuz iftixar bürüyür. Fəxrlə düşünürük ki, Vətəni canından əziz bilib onun uğrunda son nəfəsədək çarpışan minlərlə, on minlərlə oğullarımız vardır. Daha qəbiristanlıqlar yanından sakitcə ötüb keçə bilmirik, çünki hər məzarıstanda şəhidlərimiz uyuyur və onların başdaşına boyanan möhtəşəm bayrağımız hər kəsi bir anlığa ayaq saxlayıb şəhid övladlarımızın ruhuna ehtiram, hörmət ifadə etməyə sövq edir. Yəni şəhid olan Vətən övladı hansı yerdə dəfn olunubsa, o yer qibləgahımız, iftixar və qürur yerimizdir.
Son bir neçə gündə sosial şəbəkələri sakitcə izləmək olmur, çünki bir qrup şəhid ailəsinin narazılıq etdiyi bir səhnə adamı çaş-baş salır. Əlbəttə, arzu edərdim ki, hər şəhid doğması cəmiyyət arasına çıxanda başını uca tutsun, hamımız onlara böyük sayğı, sevgi ilə yanaşaq, təki onlar heç bir problemdən əziyyət çəkməsinlər. Axı onların övladları, əzizləri Vətənimizin ərazi bütövlüyünü təmin etmək naminə haqq savaşında qanlarını axıtdılar. Məhz onların şücaəti, qəhrəmanlığı sayəsində bu gün Qarabağımızda, Şuşamızda düşmənə göz dağı olan Dövlət bayrağımız dalğalanır. Bu insanların, şəhidlərimizin ruhunu, xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Bakının Qaradağ rayonu ərazisində mövcud olan bir qəbiristanlıqda dəfn edilən onlarla şəhidimizin əzizləri öz doğmalarını İkinci Şəhidlər Xiyabanında dəfn etmək üçün dövlət orqanlarına müraciət edirlər. Yuxarıda da qeyd etdiyim kimi, onların Vətən yolunda şəhid olan əzizləri elə bizim də əzizlərimiz, doğmalarımızdı. Dövlətimizin lazımi qanunlarına görə, şəhidlərin dəfn yeri aidiyyatı icra hakimiyyətləri tərəfindən seçilir, Müdafiə Nazirliyinin, hərbi komandanlıqların nümayəndələri isə dəfn tədbirlərində iştirak edərək yas mərasimlərinə öz köməkliklərini əsirgəmirlər. Bəzi hallarda isə şəhid valideynlərinin istəyi nəzərə alınaraq şəhid olan hərbi qulluqçu istənilən rayon, kənd qəbiristanlığında, yəni mentalitetimizə uyğun formada dəfn oluna bilər. Yenə də təkrar edirəm, şəhidin hansı ünvanda dəfninin təşkil edilməsindən asılı olmayaraq o yer qısa bir vaxtda abadlaşdırılır, şəhidin məzarı üzərində Dövlət bayrağımız ucaldılır. Bu dəyərli bir adət olaraq ölkəmizin hər yerində tətbiq edilir.
Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi tapılmaz ki, o yerdə şəhidlərimiz dəfn edilməsin. Bütün dəfn mərasimlərində isə hərbi qulluqçularla birgə yerli icra strukturlarının, rəhbər orqanların nümayəndələri, geniş xalq kütləsi iştirak edir. Yəni bununla heç bir şəhidimizə minnət qoymaq fikrim yoxdur, sadəcə demək istərdim ki, kimliyindən, ailə mənşəyindən asılı olmayaraq hər şəhid övladımız bizim üçün, millətimiz, xalqımız, dövlətimiz üçün əzizdir. Bu yerdə heç bir ayrı-seçkilikdən danışmağa dəyməz.
İnanıram ki, bir neçə şəhid ailəsinin qaldırdığı məsələ də dövlət qurumları tərəfindən lazımınca araşdırılacaq və onlar cavabsız qalmayacaqlar. Amma yaxşı olardı ki, bəzi qüvvələr həssas təbəqədən olan insanların hissləri ilə oynayıb özlərini gündəmə gətirməsinlər.
Arif PƏNAHLI,
ehtiyatda olan polkovnik-leytenant
Facebook'da Paylaş