Çiçək ananın çiçək açmayan arzuları

Bu gün, 07:53

Çiçək ananın çiçək açmayan arzuları

Çiçək ananın çiçək açmayan arzuları

Nakam taleyim, şəhidim Rəşadım, ümidsiz Ümidim. Bu dəfə söz açdığım qəhrənanım tək şəhid deyil, eyni zamanda onun anası Çiçək xanımdı. Tanışlığımız qeyri adi oldu. Yaşadığım Culfa rayon şəhidləri haqqında olan araşdırmalarım davam edirdi. Hər zaman axtarışda idim ki, bəlkə hansısa qəhrəmanımız diqqətdən yayınar. Tale elə gətirdi ki, şəhid tədbirlırinin birində elə məqamı şəhidlərimizin məqamı qədər uca olan o şəhid anası Çiçək xanımla tanış oldum. Arzuları çiçək açmayan, Çiçək ana. Çiçək ananın şəhid oğlu Sahib haqqında yazdığım şeiri ailəsinə təqdim etmək istəyərkən anası ilə söhbətim bir az geniş oldu. Anaya bir neçə sual ünvanladım…
Arada kövrəldik də, ağladıq da. O, mənə dua edirdi, mən isə ananın könlünü almaq istəyirdim. Amna bu təskinlədici cümlələrimin içərisində həqiqətlər var idi. "Şəhidlər ölməyir, sağdır" və s. Anaya dəstək olmağa çalışsam da doğrusu həmin gecə demək olar ki, gözümə yuxu getmədi. İki gün sonra Çiçək xanıma yenə zəng etdim. Həm Ananın halını soruşmaq, həm də mövzunu tamamlamaq üçün. Ananın dedikləri heyrət doğururdu.Hətta söhbət əsnasında belə bir ifadə işlətdi:
"Qızım, görürəm, sən mənimlə çox maraqlanırsan. Mənim dərdim çoxdur. Tək şəhidimin dərdini çəkmirəm" Bu sözləri eşidəndə fikirləşdim ki, yəqin Sahibin üç qız övladının atasız qalmağını nəzərdə tutur. Söhbət etdikdən sonra ananın bu məqamla bərabər digər narahatlığı aydın oldu. Çiçək xanım arada üç il fasilələrlə ard-arda ağır niskillər yaşamışdı. Əvvəlcə həyat yoldaşı 51 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Sahib hərbiçi olduğu üçün ailənin bütün çətinlikləri Sahibin qardaşı Ümidin üzərinə düşür. Çox əziyyətlər çəkir. Ailə özünü tam toparlamamış Çiçək xanımın ailəsində ikinci bədbəxtlik baş verir. Ümid 21 yaşında dünyasını dəyişir. Çiçək xanımın bütün dünyası alt-üst olur. Təbii ki, bir hərbiçinin ailəsində baş verən çətin məqamlar Sahibin də dünyasını alt-üst edir. Əvvəlcə atasını, üç il sonra isə qardaşını itirmək Sahib üçün ağır olur. Bütün bunlara rəğmən Sahib, yenə də öz hərbi vəzifəsini laiqincə davam etdirir. 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Qısa arayış: Baş cavuş Məmmədov Sahib Yaşar oğlu 1989-cu ildə noyabr ayının 13-də NMR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.1996-2007-ci illər ərzində Yaycı kənd 1 saylı orta məktəbdə təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə sentyabr ayının 27-də torpaqlarımızın bütövlüyü uğrunda əks hücum nəticəsində başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Lakin 19 oktyabr 2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 24.10.2020-ci ildə Yaycı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə mükafatlandırılmışdır.
Beləliklə Ümidin vəfatından üç il sonra Sahib şəhidlik zirvəsinə yüksəlir. Çarəsiz qalan Çiçək ananın dərdi böyük olsa da taleyin uğursuzluqları ilə barışaraq ailənin yükünü tək çəkməli olur. Onun mətin olmaqdan başqa yolu yox idi. Çünki onu həyata bağlayan üç qız nəvısi var. Şəhidimizin üç qız övladı anaya əmanət qalmışdı. Təbii ki, şəhid xalqın şəhidi olduğu kimi, onun övladları da xalqındır. Onlar bizim də övladımız sayılır. Çiçək xanımdan gəlini barədə soruşduqda belə cavab verdi:
"Rəqsanə qızım, bu qədər çətinliklərimə rəğmən, Allahıma o qədər şükürlərim var ki...Çünki gəlinim çox yaxşıdır. Qızım kimidir. O laqeyid olsa idi bəlkə də mən yaşaya bilməzdim. Şükürlər olsun ki, gəlin barədə çox razıyam."
Şəhidimizdən dəyanətli anası, sədaqətli həyat yoldaşı və Mələk kimi üç qız övladı Vətənə əmanət qaldı. Bu yazımın sonunda Çiçək xanımla söhbətimizə nöqtə qoymuram...
Məğrur şəhid qızları (Culfa rayon Yaycı kənd şəhidi Məmmədov Sahibin əziz xatirəsinə)
Yenə bir ananın gözləri yaşlı,
Atanın arzusu tükəndi, yandı.
Yolunu gözləyən üç qız övladı,
Ata sığalına həsrətdə qaldı.

Baba nəvazişi fəqət yetərmi?!
O körpə qızlara, aman, İlahi...
İzdiham, gözlərdən gedib, bitərmi?!
Tanrım bağışlama düşmən günahın.

Vətən üçün hər kəs dözəcək dərdə,
İgidin qanıdır torpağa halal.
Sahib baş əymədi zalım namərdə,
Sinəsinə bəzək vermişdi Hilal.

Övladları məğrur şəhid qızları.
Qürur ilə, başı uca gəzəcək.
Qeyrət ilə əzəcək haqsızları,
Sahib kimi igidlə fəxr edəcək.

Sən şəhid anası, dik tut başını.
Sənin övladındır, sənin qamətin.
Vətənçün böyütdün vətəndaşını,
Qorudu torpağın, elin qeyrətin.


Rəqsanə TAPDIQLI,
"Aşıq Pəri məclisi"nin və "MŞM-nın üzvü"




Facebook'da Paylaş