DƏYƏRLƏRƏ SADİQ DOĞRU İNSAN - SADİQ QURBANOV
DƏYƏRLƏRƏ SADİQ DOĞRU İNSAN - SADİQ QURBANOVOnun seçki kampaniyasının yalnız son günündə iştirak etmək mənə qismət oldu. Səhhətim imkan vermirdi, ha müalicə ilə ötüşdürmək istəsəm də, alınmadı: sonda cərrahiyyə stoluna uzanmalı oldum. Ayaq üstə durmağa gücüm çatanda artıq deputat seçkilərində təbliğat-təşviqat kampaniyasının son günü idi. Mənim insan, şəxsiyyət, doğruluq, düzlük mücəssəməsi kimi tanıdığım Sadiq Qurbanov haqqında bu “son gündən” başqa imkanım yox idi. Ona görə də əməliyyat olunduğumu ondan gizlətdim. Bilsəydi, qətiyyən imkan verməyəcəkdi. Yorğun çöhrəmə şübhə ilə baxanda “Yayın istisində kompüter arxasında çox işləyirəm”, – deyib vəziyyətdən çıxdım.
Əslində, elm-kitab adamı olduğum üçün bütün seçkilərərdə iştirakım yalnız aid olduğum məntəqəyə gedib, gərəkli bildiyim namizədə səs verməkdən ibarət olur. Lakin mən Sadiq Qurbanovun təbliğat-təşviqat kampaniyasında bircə gün də olsa iştirak etmək, düşüncələrimdə, az qala, əfsanələşdirdiyim, sanki heç vaxt yorulmayan bu insanın seçicilərlə necə ünsiyyətə girməsi ilə canlı şəkildə tanış olmaq, deputatlığa namizəd olduğu dairənin insanları ilə necə mehribanlaşdığını, sanki “can bir qəlb” olduğunu öz gözlərimlə görmək istəyirdim.
Sadiq Qurbanov adını ilk dəfə 2000-ci ildə mətbuatdan oxudum. Hansısa nüfuzlu bir qəzet İqtisad Universitetinin tələbələri arasında anonim sorğu aparmış, hansı müəllimlərə hansı səbəbdən rəğbət bəslədiklərini soruşmuşdu. Tələbələrin sevimlisi kimi birinci yerdə Yeni Azərbaycan Partiyasının gənc funksioneri Sadiq Qurbanovun adı çıxmışdı. Tələbələr onu həm savadına, həm əxlaqına, həm tələbələrə bəslədiyi insani münasibətinə görə, az qala, bütləşdirmişdilər.
Daha sonra Sadiq Qurbanovla yaxından tanış olmaq da qismət oldu. Türkiyədən hüquqşünas alimlər Bakıya simpoziuma gəlmişdilər. İçərisində tanıdığım dostum da var idi. Şərəfinə təşkil etdiyim məclis darıxdırıcı olmasın deyə hüquqşünas dostum Səməd Vəkilovdan özünün savadlı hüquqşünas dostlarını dəvət etməyi xahiş etdim. Sadiq Qurbanovun gələcəyini biləndə çox sevindim. Onunla tanış olmaq, müəllim adını şərəflə daşıdığına görə ona təşəkkür etmək istəyirdim.
Hüquqşünasların məclisi çox qızğın keçdi. Türkiyəli hüquqşünas dostum Mustafa Koçak da, onunla birgə gələn digər qonaqlar da sanballı, sayılıb-seçilən mütəxəssislər idi. Həmin axşam bunların arasında əməlli-başlı debat oldu. Sadiq Qurbanovun Azərbaycandakı mövcud siyasi durumun dialektikasına verdiyi izah məni heyran etdi...
Salyan bizi günəşli, küləkli və rütubətli hava ilə qarşıladı. Sadiq Qurbanov, adətinə uğun olaraq, son günün görüşünə də şəhid ailələrini ziyarət etməklə başladı. “Mən Salyanda namizəd kimi ilk görüşümə şəhid ailələri ilə görüşdən başlamışam, – dedi, onlarsız mümkün deyil, gərək bu ailələrin xeyir-duasını alaydım, yalnız həmin görüşdən sonra qəlbim rahat oldu”.
O, şəhid ailələrinə çox rahatlıqla daxil olurdu. Onu hər yerdə gülər üzlə qarşılayır və ümid dolu nəzərlərlə baxırdılar. Səbəbini bir qədər sonra anladım. Şəhid ailələrinin indiyədək deputatlardan “umduğu” yalnız diqqət idi. Dövlətin qayğısından razı idilər. Hamı onların ev şəraitinin düzəldilməsindən və maddi təminatdan ümumən razılıq edirdi. Ancaq elə şəhid ailələri var idi ki, deputat onların qapısını uzun illər ərzində bircə dəfə də olsun açmamışdı. Ancaq indi YAP-ın namizədinin öz təbliğat-təşviqat kampanityasına məhz şəhid ailələri ilə görüşdən başlaması xəbəri bu ailələr arasında ildırım sürəti ilə yayılmışdı. Şəhid ailələri Sadiq Qurbanovu öz ailələrində görərkən keçirdikləri sevinc hisslərini gizlətmirdilər. Anladım ki, bu ölkənin hakim siyasi partiyası namizədinin şəhid evlərini ziyarət etməsi onlarda dövlətə, ölkənin siyasi hakimiyyətinə dərin məhəbbət və etibarı daha da möhkəmlədirdi.
Seçicilərlə ilk kütləvi görüşümüz Pambıq kənd məktəbinin idman zalında oldu. İsti havada Sadiq müəllimlə görüşə çoxlu kənd sakini gəlmişdi. YAP-ın Salyan üzrə sədrinin qısa təqdimatından sonra sözü Sadiq müəllimə verdilər. O, mikrorafonu götürəndən sonra oturduğu yerdən ayrılıb insanlara yaxınlaşdı. Gülər üzlə, inam dolu ritorika ilə platformasını şərh etməyə başladı. Məni təəccübləndirən o oldu ki, Sadiq müəllim özü haqqında danışmadı, özünü qəti tərifləmədi. O, insanlara mənsub olduğu partaiyanın, onun liderinin məramından danışdı, ölkə daxilində və xaricində olan durumu sadə bir dillə izah etdi. İnsanlara bütün olanların niyə baş verdiyini və bütün olacaqların necə baş verəcəyini, haradan başlandığını, haraya gedəcəyini nəql etdi.
Bu insanın şəxsiyyətində məni, sözün həqiqi mənasında, heyrətə salan o oldu ki, Sadiq Qurbanov seçiciyə heç bir yalan vəd etmədi. Nəyi edə biləcəkdisə, nə onun səlahiyyət dairəsində idisə, yalnız onu söz verdi. O, ancaq doğrulardan, düz olanlardan danışdı. Bunun seçicilərə necə təsir etdiyinə elə həmin görüşdəcə şahid oldum. Azərbaycan insanı harada olursa-olsun doğruluğa, düzgünlüyə təşnə olan, ona qiymət verən insandır. Salyanlılar da Sadiq müəllimin yalandan uzaq, həqiqətlə süslənmiş çıxışını dəfələrlə alqışlarla qarşıladılar.
Mən Sadiq Qurbanovu bu görüşdə özüm üçün yenidən kəşf etdim. Mənə söz veriləndə onun haqqında olan bütün səmimi düşüncələrimi danışdım. İnsanlara dedim ki, mən həm elm adamı, həm müəllim, həm də ibadət əhliyəm. Bu gün sizə Sadiq Qurbanovun necə bir insan olduğundan danışmaq istəyirəm. O, sözündə doğru, əqidəsində sadiq insandır. Öz seçicisinin gözlərinə dik baxmağı bacarır. Bundan əvvəl deputata kimi təmsil etdiyi Siyəzən seçiciləri kimi sizlər də onu sevəcək, deputat kimliyinin necə bir ali məqam olduğunu onun simasında əyani şəkildə biləcəksizin.
İndi bu sətirləri yazarkən seçki kampaniyası dövründə yorulmadan, usanmadan müxtəlif formatda 82 görüş keçirmiş, bu görüşlərdə 5000-dən yuxarı seçici ilə təmasda olmuş Sadiq Qurbanovun Salyandan deputat seçildiyinə ürəkdən sevinməklə yanaşı, bir qədər də onun seçicilərinə paxıllıq edirəm. Bilirəm ki, Sadiq Qurbanov onların təkcə deputatı yox, həm də dostu olacaq, onlar öz dərdlərini deməyə adam tapacaq və Sadiq Qurbanov Siyəzəndə Şabranda olduğu kimi, Salyanda da mənsub olduğu siyasi partiyaya və dövlətə hörmət qazandıracaq.
Prof. Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdiri
Facebook'da Paylaş