131 min azyaşlı qız uşağı evləndirilib

10-02-2023, 19:29

131 min  azyaşlı  qız uşağı evləndirilib

Sosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğurur

Sosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğurur: “Son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il (2021) isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib...” Budurmu qonşu dövlətdə qızlara və qadınlara verilən dəyər?
“Cənnət ananın ayaqları altındadır” kəlamı ilə qadını ucaldan İslam dininə sitayiş edən İran möminlərinin bu cür düşüncə tərzini “cəhalətin əlaməti” kimi qələmə verənlərlə razıyam. Amma qismən... Çünki azyaşlı qızlara bu cür münasibət nadanlıq və cəhalətdən çox, vəhşiliyin əlamətidir. Məgər 13 yaşın evlilik üçün ən münasib yaş olduğunu iddia edərək erkən nikahın dövlət səviyyəsində təbliğ edilməsi vəhşilik deyil? Allah bəndəsinin ən şirin və qayğısız uşaqlıq çağını Allahın verdiyi ömür payından bilərəkdən və məcburən qoparıb istismar eləmək – cəzası ölçülməz cinayətdir. Hər hansı bir fərdin (deyək ki, şüursuz valideynin) bu cür cinayətə əl atması heç bir halda bağışlana biməz.
Bəs bu cinayət bütöv bir cəmiyyət tərəfindən törədilərsə, nə etməli?
Bəli, cənnət anaların ayaqları altındadır. “Bəs cəhənnəm haradadır?” sualına yəqin ki, bir cavab ola bilər - azyaşlı qız övladlarını erkən nikaha sövq edənlərin xislətində, əqidəsində və əməlində. Qızlarının uşaqlıq çağını oğurlayan övlad sahiblərinə lənət, bu cinayəti təbliğ edən söz sahiblərinə ar olsun!
Ruhiyyə Məmmədova
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Facebook'da Paylaş