"El getsə də qardaş qalar"
"El getsə də qardaş qalar"Qardaşlıq nədir? İstər xoş günlərdə, istərsə də çətin dönəmlərdə qardaşının yanında olmaq, canı və qanı bahasına dəstəkləmək, qorumaqdır qardaşlıq…
Azərbaycan və Türkiyə qardaşlığın mükəmməl nümunəsidir. Tarix boyu bu iki dövlət arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Təsadüfi deyildir ki, türk dünyasının müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Son günlərdə Türkiyədə baş verən zəlzələ və bu təbii fəlakətin sarsıdıcı nəticələri bizləri kədərləndirməklə yanaşı Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Həmişəki kimi Türkiyənin köməyinə yetən ilk dövlət Azərbaycan oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən yüzlərlə Fövqəladə Hallar Nazirliyi (FHN) işçisi Türkiyəyə yardım üçün göndərildi. Bundan başqa Azərbaycandan Türkiyəyə humanitar yardımlar edilir, minlərlə könüllü vətəndaş bu təşəbbüsə qoşulub. Təbii ki, bu heç kimi təəccübləndirə bilməz, çünki əsl qardaşlıq məhz budur. Bu gün
Azərbaycan xalqının gözündə dərin kədər duyuram, televizor qarşısında qardaş ölkənin xəbərlərini izləyənləri görürəm, sosial şəbəkələrdə qardaşlarımıza həm maddi, həm də mənəvi dəstək olan insanlarımızı görürəm, Türkiyə üçün durmadan dua edən gözüyaşlı nənə və babalarımızı görürəm. Bütün bunlar qarşısında türk kimliyimlə, xalqımla bir daha qürur duyuram. Və bunu əminliklə deyirəm, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam edəcək, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyacaq. Fikirlərimi dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadəninin şeirindən bir parça ilə bitirmək istəyirəm:
Birdir bizim hər halımız,
Diləyimiz amalımız.
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə.
Nahid Xəlilov
Facebook'da Paylaş