Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyubHər il 15 aprel tarixində Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir. Ömrünü tibb elminin inkişafına və insan sağlamlığının qorunmasına həsr etmiş bu böyük şəxsiyyətin zəngin elmi irsi Azərbaycan səhiyyəsinin tərəqqisində mühüm rol oynamışdır.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. O, 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamış və oftalmologiya sahəsində fundamental elmi tədqiqatlar aparmışdır.
Alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Onun bu sahədə əldə etdiyi nailiyyətlər nəticəsində xəstəliyin qarşısının alınmasında mühüm uğurlar əldə edilmişdir. 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası və tətbiq etdiyi müalicə üsulları respublika miqyasında geniş yayılmışdır. Zərifə Əliyeva həmçinin qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası üzrə mühüm tədqiqatlar aparmışdır. Onun elmi araşdırmaları sənaye sahəsində çalışan insanların sağlamlığının qorunmasına, peşə xəstəliklərinin qarşısının alınmasına və müasir diaqnostika üsullarının tətbiqinə mühüm töhfə vermişdir.
1977-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Z.Əliyeva. sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasına rəhbərlik etmişdir. O, 150-yə yaxın elmi əsərin, monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi dünya oftalmologiya elminə dəyərli töhfələr vermişdir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının, akademik M.İ.Averbax adına mükafatina layiq görülməsi onun elmi nüfuzunun beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmuşdur.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva Azərbaycan tarixində ilk qadın akademik-oftalmoloq kimi elm salnaməsinə adını qızıl hərflərlə yazdırmışdır. O, yalnız alim kimi deyil, həm də pedaqoq və ictimai xadim kimi yüksək nüfuz qazanmış, milli səhiyyə sisteminin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr vermişdir.
Zərifə Əliyeva eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası idi. Onun yüksək mənəvi keyfiyyətləri, humanizmi və ziyalılığı Azərbaycan qadınının parlaq nümunəsi kimi yadda qalmışdır. O, həkimlik peşəsinə dair belə deyirdi: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır.” Bu fikir onun həyat və fəaliyyətinin əsas prinsipini əks etdirirdi.
Görkəmli alim 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Bu gün onun məzarı xalqımız tərəfindən ehtiramla ziyarət edilir və əziz xatirəsi daim yad olunur.
Hazırda 2002-ci ildən fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi görkəmli alimin adını daşıyaraq onun zəngin elmi irsini yaşadır. 2023-cü ildə akademikin anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuş, bu münasibətlə silsilə elmi və ictimai tədbirlər keçirilmişdir.
Akademik Zərifə Əliyevanın həyat yolu Azərbaycan tibb elminin şərəfli salnaməsidir. Onun elmi nailiyyətləri, humanist ideyaları və yüksək mənəvi dəyərləri bu gün də öz aktuallığını qoruyur. Böyük alimin işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillərə örnək olaraq qalacaqdır.
Səkinə SadıxovaAbşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru
Facebook'da Paylaş