Naxçıvanın inkişafında yeni səhifə açılır
Prezident İlham Əliyev: “Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür”
Naxçıvan tarixən Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan qədim diyarlarımızdan biridir. Bu torpağın zəngin tarixi, strateji coğrafi mövqeyi, təbii ehtiyatları və formalaşmış infrastruktur imkanları onun inkişaf perspektivlərini daha da genişləndirir. Son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi potensialının gücləndirilməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və müasir infrastrukturun formalaşdırılmasına mühüm töhfələr verib. Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə isə muxtar respublikanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərinə aydınlıq gətirib. Dövlət başçısının səsləndirdiyi fikirlərdən görünür ki, Naxçıvanda görülən işlər bununla yekunlaşmır. Əksinə, regionun sürətli sosial-iqtisadi inkişafını təmin edəcək yeni layihələr, xüsusilə enerji və sənaye sahəsində mühüm təşəbbüslər qarşıdakı dövrün əsas prioritetlərini müəyyənləşdirir.
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi, enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, sənaye potensialının genişləndirilməsi və qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunması qarşıdakı dövr üçün əsas prioritetlərdən biri kimi müəyyənləşir. Qarşıdakı dövrdə əsas məqsəd mövcud potensialdan daha səmərəli istifadə etməklə regionun iqtisadi imkanlarını genişləndirmək, enerji təminatını gücləndirmək, sənaye istehsalını artırmaq və Naxçıvanın tarixi-mədəni simasını qorumaqdır.
Naxçıvanın gələcək inkişafında enerji məsələsi xüsusi yer tutur. Prezident İlham Əliyevin müsahibəsində açıqladığı ən mühüm layihələrdən biri Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşa ediləcəyidir. Bu layihənin əhəmiyyəti yalnız yeni generasiya gücünün yaradılması ilə məhdudlaşmır. Dövlət başçısının bildirdiyi kimi, Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavatdır. Yeni 300 meqavatlıq stansiyanın istifadəyə verilməsi isə mövcud gücü təxminən 1,5 dəfə artıracaq. Beləliklə, Naxçıvanın elektrik enerjisi istehsalında ciddi keyfiyyət və kəmiyyət dəyişikliyi yaranacaq. Stansiyanın qarşısında iki əsas vəzifə dayanır. Birincisi, Naxçıvan Muxtar Respublikasının dayanıqlı və etibarlı enerji ilə təmin edilməsidir. İkincisi isə artıq formalaşan enerji potensialından ixrac məqsədləri üçün istifadə etmək imkanlarının genişləndirilməsidir.
Naxçıvanın enerji strategiyasının digər mühüm istiqaməti bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Prezident İlham Əliyevin səfəri çərçivəsində 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış olması da bu baxımdan diqqət çəkir. Belə layihələr bir tərəfdən elektrik enerjisi istehsalını artırır, digər tərəfdən isə Naxçıvanın əlverişli günəş potensialından daha geniş istifadə edilməsinə şərait yaradır. Bu baxımdan cənab Prezidentin müsahibədə qeyd etdiyi “Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür” fikri çox əhmiyyətlidir. Azərbaycanın enerji siyasətində Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi də xüsusi yer tutur. Energetika Nazirliyinin məlumatına görə, 2026–2030-cu illər üçün nəzərdə tutulan yanaşmada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunması, müasir şəbəkə infrastrukturunun qurulması və enerji ixrac imkanlarının artırılması əsas hədəflər sırasındadır.
Naxçıvanın enerji təhlükəsizliyindən danışarkən təbii qaz təminatı da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanda qazlaşmanın 100 faiz olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda ümumi qazlaşma səviyyəsi 96 faiz olduğu halda, Naxçıvanda bu göstərici artıq 100 faizə çatıb. Bu fakt regionun enerji infrastrukturunun əhatəliliyini göstərən mühüm göstəricilərdən biridir. Qazlaşdırmanın tam başa çatdırılması əhalinin məişət və sosial ehtiyaclarının daha etibarlı şəkildə qarşılanmasına, həmçinin iqtisadi fəaliyyət üçün zəruri infrastrukturun formalaşmasına xidmət edir.
Naxçıvanın inkişafı yalnız iqtisadi və enerji layihələri ilə ölçülmür. Bu qədim diyar Azərbaycanın tarixində, mədəniyyətində və memarlığında müstəsna yer tutur. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın zəngin tarixi və mədəniyyətinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Dövlət başçısı Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olduğunu və burada müxtəlif tarixi dövrlərə aid dünya əhəmiyyətli abidələrin yerləşdiyini vurğulayıb. Naxçıvanın iqtisadi inkişafı ilə tarixi-mədəni irsin qorunmasının paralel aparılması regionun gələcək simasının formalaşması baxımından mühüm prinsipdir. Çünki şəhərlərin və regionların inkişafı yalnız yeni binaların, yolların və istehsal müəssisələrinin yaradılması demək deyil. Tarixi yaddaşın qorunması da davamlı inkişafın əsas şərtlərindən biridir.
Naxçıvanın qarşıdakı illərdə inkişafı üçün ən mühüm üstünlüklərdən biri onun həm qədim tarixə, həm də müasir infrastruktur imkanlarına malik olmasıdır. Bir tərəfdən regionun enerji potensialı artırılır, yeni elektrik stansiyaları tikilir, sənaye üçün infrastruktur yaradılır. Digər tərəfdən isə əsrlər boyu formalaşmış mədəni irs qorunur, tarixi abidələr bərpa edilir. Bu iki istiqamətin bir-birini tamamlaması Naxçıvanın gələcək inkişaf modelinin əsas xüsusiyyətlərindən biri ola bilər.
Naxçıvanın gələcəyi üçün müəyyənləşdirilən əsas xətt aydındır: enerji təhlükəsizliyi, sənayeləşmə, müasir infrastruktur, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tərkib hissələridir. Qədim Naxçıvanın gələcəyə doğru atdığı yeni addımların əsas məzmunu da məhz bundan ibarətdir: tarixin mirasını qoruyaraq müasir iqtisadiyyat qurmaq, enerji potensialını artıraraq yeni istehsal imkanları yaratmaq və regionun sosial-iqtisadi inkişafını daha yüksək mərhələyə çatdırmaq.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Facebook'da Paylaş