Hindistan səsdən sürətli “BrahMos”ların dəniz variantını sınaqdan keçirib

12-01-2022, 12:46

Hindistan səsdən sürətli “BrahMos”ların dəniz variantını sınaqdan keçirib

Hindistan özünün təkmil səsdən sürətli “Brahmos” qanadlı raketinin dəniz variantını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Ordum.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatı (DRDO) məlumat yayıb.

Raketin dənizdən-dənizə zərbə endirmək üçün nəzərdə tutulan variantı “INS Visakhapatnam” gəmisindən buraxılıb. Raket dəqiqliklə təyin olunmuş hədəf gəmini vurub.

Müdafiə naziri Rajnat Sinqh açıqlamasında bildirib ki, raketin uğurla buraxılması Hindistan Hərbi Dəniz Qüvvələrinin xidmətə hazır olduğunu bir daha təsdiqləyib.

Noyabr ayında Hindistan Hərbi Dəniz Qüvvələri dənizdə “Brahmos” qanadlı raketini uğurla sınaqdan keçirib. Raketin may ayında Su-30 MKI qırıcısından, sentyabrda isə Odişadakı sınaq sahəsindən uğurla buraxıldığı açıqlanıb.

Hindistanın Brahmaputra çayı və Rusiyanın Moskva çayının şərəfinə adlandırılan “Brahmos” raketi iki ölkə tərəfindən birgə hazırlanır. Səsdən 2,8 dəfə sürətli olan “Brahmos” raketi havadan, qurudan və dənizdən buraxıla bilir.




Facebook'da Paylaş