“Türkiyə tranzit daşıma prosedurlarının sadələşdirilməsinin və daşıma rüsumlarının azaldılmasının tərəfdarıdır və bu, türk dövlətlərin ticarətinin inkişafına və ÜDM artımına töhfə verəcək”.
Ordum.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Daşkənddə Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə deyib.
O vurğulayıb ki, dövlətlər arasında uğurlu iqtisadi əməkdaşlıqda məhz nəqliyyat infrastrukturu əsas rol oynayır: “Buna görə də Türkiyə həm özünün, həm də bütövlükdə regionun maraqlarına cavab verən irimiqyaslı layihələr həyata keçirir”.
A.Karaismailoğlu əlavə edib ki, Türkiyə tərəfi Avropa və Asiya arasında yük daşımaları üçün güclü logistik baza təşkil edən “Orta Dəhliz”in inkişafına xüsusi diqqət yetirir.
O, Ankaranın keçdiyi bütün ölkələrin əhalisinin rifahının yüksəlməsinə töhfə verən bu marşrutu daha da inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
Türkiyəli nazir deyib ki, “Orta Dəhliz” digər marşrutlara sərfəli alternativdir.