Səfir: "Valeri Pekres Azərbaycan ərazisinə səfərinin qanunsuz olduğunu örtbasdır edir"

18-01-2022, 15:26

Səfir: "Valeri Pekres Azərbaycan ərazisinə səfərinin qanunsuz olduğunu örtbasdır edir"

"Fransa prezidentliyinə namizədlərdən Valeri Pekresin ölüm təhdidlərinə məruz qalması barədə gileyləri, mütəmadi olaraq Azərbaycana qarşı hücumları qəbuledilməzdir".

Orsum.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bəyanatında bildirilir.

“Bütün bunlarla xanım Pekres Azərbaycan ərazisinə səfərinin qanunsuz olduğunu örtbasdır etməyə çalışır. İl-dö-Frans regionunun prezidenti olan xanım Pekres seçki kampaniyasını bəhanə edərək Azərbaycan qanunlarına, Fransanın Avropa və beynəlxalq ikitərəfli öhdəliklərinə, milli qanunlarına əməl etməkdən boyun qaçıra bilməz",- səfir deyib.

Onun sözlərinə görə, V.Pekres Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etdiyini gözəl bilirdi: "“Avropapərəst olduğunu iddia edən bu namizəd bilməlidir ki, Avropa İttifaqı ölkələrin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhlükə yaradan və ya onları pozan hər hansı hərəkətləri qadağan edir”.

Səfirin fikrincə, V.Pekresin bu səfəri Azərbaycanın, Fransanın qanunlarında, beynəlxalq təşkilatların sənədlərindəki bir çox müddəalarla yanaşı, həm də Azərbaycan və Fransa arasında mövcud olan dostluq, anlaşma və əməkdaşlıq sazişləri ilə daban-dabana ziddir.

“Xanım Pekresin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibəti dözülməzdir və ona son qoyulmalıdır. Seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdlər Azərbaycanla beynəlxalq hüquq prinsiplərinə söykənən çoxdankı dostluq münasibətlərinə təhlükə yaratmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da poza bilər”, - diplomat vurğulayıb




Facebook'da Paylaş