Cəsur döyüş yoldaşları

30-07-2020, 11:40



Vətən əzəmətli, vüqarlı qaladır. Bu Qalanı ucalıq mərtəbəsində tutan, sal qaya kimi düşmənin qarşısını kəsən Vətənin igid oğullardır. Biri-birinə arxa-dayaq olan bu igidlərin ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətən üçün canından, qanından, sağlamlığından keçirlər.
Aydın duyğularla, niyyətlərlə yaşayan vətən sevdalıları seçdikləri bu müqqəddəs yolda əzmlə, yorulmadan, usanmadan döyüşərək sədaqət borclarını qürurla yerinə yetirlər. Gözlərinin dərinliyindəki mənada hər zaman "Öncə Vətən!" deyirlər.
Ölkəmizin hər bölgəsində olduğu kimi, rayonumuzda da böyüyüb boya-başa çatmış bir çox igid oğullar vardır ki, onlar Vətənimizin bütövlüyü, bölünməzliyi, aydınlıq günləri üçün döyüşərək ya şəhid, ya da qazi olmuşlar. Şərəfli döyüş yolu keçərək sinəmizi qabardan belə qazilərimizdən biri də Camal Əli oğlu Həsənovdur. Qazimizlə baş tutan maraqlı söhbəti təqdim etməmişdən əvvəl onun qısa bir bioqrafiyasını nəzərinizə çatdıraq.
Camal Əli oğlu Həsənov 20 mart 1975-ci il tarixdə Culfa rayonunun Dizə kəndində anadan olub. 1992-ci ildə Dizə kənd orta məktəbində orta təhsilini başa vurub. 1993-cü ilin aprel ayından Culfa Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə yollanıb, 1994-cü ilin aprel ayında yaralansa da, öz istəyi ilə Vətənə xidmətini davam etdirib. 1995-ci ildə hərbi xidmətdən təxris olunub. 1999-2006-cı illərdə Bakı Dövlət Univeristetinin Filalogiya Fakultəsinin qiyabi şöbəsində təhsil alıb. 2014-cü ildən Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində işləyir.

  • Camal müəllim, qızığın döyüşlərin iştirakçısı kimi, sizin döyüşdən xatirələriniz bizə və oxucularımıza maraqlıdır. Bizimlə həmsöhbət olduğunuz üçün ilk növbədə sizə minnətdarlığımı bildirirəm.
  • Mən redaksiya heyətinə təşəkkür edirəm ki, mütəmadi olaraq qəzetinizdə sədaqət borcunu yerinə yetirərək şəhid və qazi olan qardaşlarımız haqqında yazılar dərc edir, onları yad edirsiniz.
  • 25 ildən çoxdur döyüş yoldaşlarınızdan ayrılmısınız. Onları xatırlayırsınızmı?
  • Bəli, xatırlayıram.  Baş çavuş İlqar Hidayətov, sürücü-mexanik əsgər Zakir İmanov və mən tuşlayıcı operator kimi eyni tank ekipajında bir çox uğurlu əməliyyatlar həyata keçirmişik. Zakirin tankı çevik, manevrlərlə idaərə etməsi bizim düşmənə gözlənilməz zərbə vurmaqla yanaşı, mərmilərdən yayınmaqda bizə böyük üstünlük verirdi. Çelyabinsk Ali Tank Məktəbini qırmızı diplomla bitirən tank bölüyünün komandiri Etibar Əhmədov və digər komandirimiz Etibar Cəfərov bizə tankın bütün incəliklərini öyrədərək yaxşı tankçı kimi yetişməyimizə böyük töhfə veriblər. Nəticədə, çoxlu uğurlu döyüşlərimiz olub.
  • Culfa rayonundan Məzahir Nəcəfov, Zakir İmanov, Zaur Hacıyev, Rövşən Bayramov, Maqsud Nəcəfov, Elşən Məmmədov, Şərur rayonundan Əli Cavadov və adını çəkmədiyim vətənimizin müdafiyəsi uğrunda çiyin-çiyinə döyüşdüyüm bir çox cəsur döyüş yoldaşlarım olub. Yaycı kəndindən olan, adını qeyd etdiyim Məzahir Nəcəfov və Şərur rayonundan döyüş yoldaşım Əli Cavadov şəhid olublar.
  • Bu gün, demək olar ki, sağ olan bütün döyüş yoldaşlarımla əlaqəm var, bir-birimizlə tez-tez telefon əlaqəsi saxlayırıq, yaxında olanlarla isə görüşürük.
  • “Azərbaycan Ordusu” qəzetinin 26 yanvar 1994-cü il tarixli sayında sizin və döyüş yoldaşlarınızın bir çox qəhranlıqlarınızdan bəhs edilir. Siz ilk döyüş tapşırığını necə xatırlayırsınız ?
  • Komandir Etibar Cəfərov bildirdi ki, Beyləqan istiqamətində döyüşən əsgərlərimizə üç tankla kömək etmək lazımdır. Əməliyyata rəhbərlik edən komandir Etibar Cəfərov, sürücü-mexanik Zakir Həsənov və çavuş Ərəstun Ramazanov bir ekipajın tərkibində, tank bölüyünün komandiri Etibar Əhmədov, sürücü-mexanik Mahir Əlizadə və mən bir ekipajda əməliyyata başladıq. Ümumiyətlə, komandirlərimiz Etibar Cəfərov və Etibar Əhmədov tez-tez tank ekipajına tuşlayıcı, sürücü-mexanik və ya tank komandiri kimi daxil olub döyüşlərdə yaxından iştirak edirdilər. Biz döyüş tapşırığın alan kimi dərhal təyinat yerinə getdik. Strateji baxımdan çox əhmiyyətli olan “N” saylı yüksəkliyi düşmən nəzarətə götürmüşdü. Yüksəkliyin arxa tərəfində dörd erməni tankı döyüşə hazır vəziyyətdə gözləyirdi. Etibar Cəfərovun ekipajı mərkəzdə gedir, bizim tank sağ cinahdan, digər tankın ekipajı sol cinahdan mərkəzdə gedən tankı qoruyurduq. Əsas zərbəni isə komanir Cəfərov endirməli idi. Son dərəcə ehtiyatla, gizli şəkildə yüksəkliyi yarıya kimi qalxdıq. Mərkəzi tankda olan komandir Cəfərov tankdan düşüb müşahidə etməyə başladı. Həmin vaxt piyadalarımız irəli gəlib öndə mövqe tutanda düşmən duyuq düşdü və ağır texnikalarla əsgərlərimizin üzərinə hücuma keçdilər. Döyüş planına uyğun olaraq əsgərlərimiz bir müddət atışdıqdan sonra geriyə çəkildi. Bizim isə düşməni gözlədiyimiz yerdən qəfil ermənilərin qarşısına çıxmağımız onları çaşdırdı və pərən-pərənə saldı. Atdığımız mərmilərlə düşmən tankını vura bilməsək də, dörd tankdan birini minalanmış əraziyə salıb məhv etdik. Digər tanklar isə qaçdı, həmin gün strateji zirvəni ələ keçirdik.
  • O dövr silah-sursat, texnika cəhətdən ordumuzda çatışmazlıqlar var idi. Düşmən isə bu baxımından bizdən qat-qat üstün idi. Bu fərqi necə azaltmağa çalışırdınız ?
  • Bu fərqi azaltmaq üçün düşmənlə birə-bir döyüşdə ya çalışırdıq düşmənin texnikasını saz vəziyyətdə, ya da yüngül xəsarət yetirməklə ələ keçirək. 1993-cü ilin dekabr ayında bölüyümüz “N” sayılı yüksəkliyi ələ keçirərkən düşmənin bir ədəd T-72 markalı E 08BT9521 nömrəli tankına yüngül xəsarət yetirməklə ələ keçirmişdi. Texnikanı ələ keçirə bilməyəndə isə sıradan çıxarırdıq. Dekabrın 14-də tağım komadiri Elman Mehdiyev düşmənin bir tankını məhv etmişdi. Bölük komandirimiz Etibar Əhmədovun şəxsən özü idarə etdiyi tankın ekipajı ilə düşmənin iki ədəd T-72 markalı tankını və bir ədəd piyada döyüş maşınını sıradan çıxarmışdıq. Həmin texnikaları təmir etdirib düşmənin özünə qarşı istifadə edirdik. Bütün bu əməliyyatlarda tank komandiri çavuş İlham İsmayılovun, sürücü-mexaniklər Zakir Həsənovun, Mahir Əlizadənin, Əli Cavadovun, tuşlayıcı-operator kiçik çavuş Məhərrəm Məmmədovun, mənim və başqalarının böyük rolu olmuşdur.
  • Dumanda yolunu azan erməni tankı...
  • Düşmən tankını saz vəziyyətdə ələ keçirməyiniz barədə dövrün qəzetlərindən oxumuşuq.  Bu, barədə həmin əməliyyatın qəhramanlarından biri kimi, sizin fikirləriniz oxucularımıza maraqlı olardı.
  • Dörd-beş ayın içində Füzuli rayonunun Əhmədbəyli kəndindən döyüşə-döyüşə Yuxarı Seyidəhmədli kəndinə qədər gəlib çıxdıq. Səhər saat on bir radələri olardı, həddindən artıq çox, qaymaq kimi çən var idi. İki metrdən göz-gözü görmürdü, biz döyüş mövqeyində postu qoruyurduq, həmin vaxt çəndə texnika səsi gəlirdi, biz birinci elə bildik ki, gələn bizim tankdır. Həmin o tank gəlib bizim postun üstündə-neytral zonada bizə tərəf olan ərazidə saxladı. Düşmən tankı ilə aramızda təxmini otuz beş-qırx metr məsafə olardı. Erməni sürücü-mexanik tankın mühərrikini söndürdü və yerə düşüb bizə tərəf gəldi. Zeyqəm adlı qrantamyotçumuz vardı, gəlib onunla görüşdü, yolunu dumanda azdığı üçün elə bilirdi öz postlarıdı. Zeyqəmi görəndə - Azəri..! , Azəri..!- dedi və qaçdı. O qədər çən varıydı, biz onu görə bilmədiyimiz üçün atəş aça bilmədik. Həmin vaxtı mən postda olan T-72 markalı tankda tuşlayıcı idim, hava həddindən artıq çənli olduğu üçün optik nişangahla tankı nişan alıb məsafədən vurmaq mümkün deyildi. Ona görə də tankı diri götürməyi qərara aldıq. Baş çavuş İlqar Hidayətov, sürücü-mexanik Zakir İmanov və tuşlayıcı-operator kimi mən - üçümüz bir ekipajda erməni tankını iki dəfə öz tankımıza qoşub dartdıq, lakin hər ikisində də tros qopdu. Üçüncü dəfə Zakir bizim tankımızla erməni tankının arxa tərəfinə dolandı, tankları arxa-arxaya sökəyib itəliyib bizim tərəfə gətirdi. Mühərriki sönmüş erməni tankının içində qalan iki nəfərdən ibarət erməni ekipajı avtomatdan bizə atəş açırdılar. Döyüş yoldaşlarımızdan Nofəl də atışma vaxtı bizə kömək etmək üçün yanımıza gəldi. Nofəl o, tərəfdən tankın üstünə sıçradı, mən də bu tərəfdən tankın içindən çıxıb bizim tanka sökənmiş erməni tankına keçmək istəyəndə mənə tərəf atəş açıldı. Nofəl “Həsənov!  Həsənov! ehtiyatlı ol” - dedi. Mən erməni tankının içindəki komandir ekipajı cəhənnəmlik etdim, Nofəldə tuşlayıcı-operatoru öldürdü. Erməniləri tankın içərisindən çıxartdıq, tankın akumlyatoru ölmüşdü, Zakir tankı işə salıb üzün ermənilərə tərəf döndərdi, mən isə ələ keçirdiyimiz tankdan atəş açaraq onlara iki də hədiyyə göndərdim. Biz tankı erməni tərəfdən təxminən qırx metr məsafədə itələyib bizim tərəfə gətirdiyimiz vaxtdı düşmən bizi mərmi yağışına tutmuşdu. Hava çənli olduğu üçün ermənilər avtomat və pulemyotlardan kora-şimala atəş açırdılar, lakin həmin vaxtdı mərmilərdən biri Zeyqəm adlı piyada əsgərimizin barmağına tuş gəlib onu yaralanmışdı. 
  • Yolunu azan təkcə o tank yox, torpaqlarımıza soxulmuş bütün ermənilər idi. Ermənilər bilməlidirlər ki, əgər torpaqlarımızı öz xoşlarına boşaltmasalar, onların hamısını o tankın içində gəbərənlərin aqibəti gözləyir...
  • “Zelyonka” döyüşü...
  • Cəsur və fərqlənən döyüşçü kimi, bir çox döyüşlərdə iştirak etmisiniz. Bu döyüşlərdən ən yadda qalanı sizin üçün hansı olub ?
  • Döyüşlərimizdən “Zelyonka” deyilən döyüş, bir də sonuncu döyüşüm mənim üçün ən yadda qalan döyüş olub. Üstündən iyirmi altı il keçməsinə baxmayaraq, demək olar ki, həmin döyüşün hər ikisi bütün təfərrüatı ilə yadımdadır. “Zelyonka” döyüşü yaşılıq bir ərazidə, ermənilərin çoxlu texnikası və piyada qoşunları cəmləşdiyi ərazidə baş verdi. Həmin döyüşdə mən, İmanov Zakir, Hidayətov İlqar bir tankın ekipajı kimi, Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev PDM-də tuşlayıcı-atıcı kimi, birdə Bərdədən Elxan adlı döyüş yoldaşımız həmin döyüşdə ermənilərin çoxlu sayda ağır texnikasını, onlarla piyada əsgərini havaya uçurduq. Həmin döyüşdə bizə mərmi çatdıra bilimirdilər, arxaya qayıdıb, mərmi doldurub yenidən döyüşə qayıdırdıq.
Sonuncu döyüşüm...
Doqquz ay Füzuli istiqamətində fəal döyüşdükdən sonra bizi yerdəyişmə ilə bir həftəliyinə Bakıya istirahətə göndərdilər. Lakin Bərdə-Yevlax yolunda vəziyyət qarışdığı üçün bizi yoldan qaytardılar Ağdərə istiqamətinə. O istiqamətdə biz aşağıdan gedirdik, qırx-əlli arası erməni texnikası yüksəkliklərdə bizi pusquda gözləyirdi. Aprel ayı idi. Hardasa iki gün orada gecəli-gündüzlü döyüş oldu. Döyüşün üçüncü günü idi, qızğın döyüş davam edirdi. Tankımızda mərmi qurtarmışdı, tankdan çıxıb yandakı tanklardan qaçıb pulemyot mərmisi gətirirdim. Ümumiyyətlə, top mərmimiz qalmadığı üçün tankdan çölə çıxıb pulemyotdan atəş açırdım. Həmin vaxt ermənilər atəş açanda tank mərmisi beş metr yaxınlığımızda ağaca dəymişdi, ordan ayrılan qəlpə qoluma, əlimə və bir də üzümə tuş gəldi, yaralandım və tankın girişindən içəri düşdüm. Həmin vaxtı qəlpə qolumun bir hissəsini dağıtmışdı, ona görə mənə iki ədəd ağrıkəsici morfin vurmuşdular. İki əsgər məni arxaya - təcili tibbi yardım maşınına qaçırdanda ermənilər pulemyotdan açdıqları atəş nəticəsində onların hər ikisini şəhid etdi. Mərmilərdən biri mənim bud nahiyəmdən əzələ boşluğuma dəymişdi. Mən xərəkdən yerə düşən kimi qolumu qucaqlayıb bizimkilərə tərəf qaçdım, ermənilər də pulemyotdan mənə aramsız atəş açırdılar. Bizimkilərin yanına çatandan sonrasını xatırlamıram. Məni əməliyyat edən həkim sonralar mənə dedi ki, anan namaz üstə olub. İnilitinə gecə şam işığında səni cəsədlərin arasından tapıb əməliyyat etmişik. Həmin atışmada ağır yaralandığım üçün o döyüş mənim axırıncı döyüşüm oldu.


  • Bir veteran döyüşçü kimi döyüşdüyünüz doxsanıncı illərdəki ordu ilə indiki Azərbaycan Ordusu arasında fərqi  nə də görürsünüz ?
  • Hərbi texnika, silah-sursat baxımından ordumuz qıtlıq çəkirdi. Nizam-intizam aşağı səviyədə idi. SSR-nin ayrı-ayrı bölgələrindən gəlmiş on-on beş zabit istisna olmaqla kütləvi şəkildə kadr çatışmamazlığı var idi. O dövr həm də hakimiyyət üstündə baş verən çəkişmələr ölkədə xaos vəziyyəti yardır və ordunun vahid mərkəzdən idarə olunmasına imkan vermirdi. Bir sözlə, iqtisadi-siyasi, hərbi baxımdan ölkəmiz bataqlıqda idi.
  • Bu gün isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan konsepsiyaların bütün sahələrdə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz öz intibah dövrünü yaşayır. Ölkə başçısı cənab İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biri ordunun günü-gündən inkişaf etdirilməsi olduğu üçün Azərbaycan Ordusu hər il müasir texnikalarla təchiz olunur, yüksək ixtisaslı hərbi kadırların hazırlanması istiqamətində istər ölkə daxilində, istərsə də xaricdə onların təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir.
  • Aprel döyüşləri və Günnüt zəfərləri bu quruculuğun əyani və praktiki sübutudur.
  • Ölkə Prezidenti öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, siyasətinin əsas mərkəzinzdə məhz insan amili durur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə bütün kateqoriyadan olan insanların əmək haqları, təqaüdləri dəfələrlə artırılmış və əhalinin sosial rifah halı daha da yüksəldilmişdir. Bunu mən öz həyatımda da hiss edirəm. Dövlətimiz tərəfindən yaşadığım Dizə kəndində mənə tam təmirli ev tikilib təhvil verilib. Cənab Sədr Vasif Talıbov mənə hədiyyə etdiyi avtomobilin açarlarını şəxsən təqdim edib. Bir övladım univerisitetdə təhsil alır, o bütün təhsil ödənişlərindən azad olunub. Dövlətimiz tərəfindən şəhid ailələri, veteranlar və biz qazilər hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Bizə göstərilən diqqət və qayğıya, verilən imtiyazlara görə dövlətimizə minnətdarıq.
  • Qazimizə bu səmimi söhbətə görə təşəkkürümü bildirirəm. Sizin timsalınızda Vətənimiz uğrunda mərdcəsinə döyüşən bütün cəsur döyüşçülərimizə-şəhidlərimizə, qazilərimizə, veteranlarımıza minnətdarlıq bildirməyi bir borc bilirik, hər şey üçün çox sağ olun !
  • Vətən uğrunda döyüşmək və şəhid olmaq namus, qeyrət, şərəf  borcudur.  Vətən sağ olsun !

  • Həsən Məmmədov




Facebook'da Paylaş