Türkiyədə “1915 Çanaqqala” körpüsünün açılışı olub
Türkiyədə tarixi Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində “1915 Çanaqqala” körpüsünün açılışı olub.
Ordum.az xəbər verir ki, açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib. Mərasimdə ölkəmiz Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən təmsil olunub.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı qüvvənin iştirak etdiyini bildirib.
Daha sonra körpünün rəsmi açılışı olub.
Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan “1915 Çanaqqala” 1 052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.
Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.
“1915 Çanaqqala” körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Facebook'da Paylaş