Tiflisdə Borçalı xalçalarının sərgisi açıldı
Tiflisdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçalarının sərgisi açılıb.
UNESCO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi çərçivəsində təşkil olunan sərgidə Borçalı xalçasının toxunması ilə bağlı ustad dərsi də keçirilib. Tetritsakro rayonundan olan xalça ustası Nabat Anazarova xalçaların toxunması üsullarını nümayiş etdirib, Borçalı xalçaçılıq sənətinin fərqli xüsusiyyətləri və naxışlarının mənası barədə məlumat verib. Bildirib ki, bu xalçalar zərifliyi və yalnız təbii boyalarla rənglənmiş yun saplardan toxunması ilə seçilir.
Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva iştirakçılara Azərbaycan xalçaçılığının xüsusiyyətləri, onun əsas qolu olan Borçalı məktəbinə məxsus xalçaların özəllikləri, azərbaycanlıların məişətində xalça və xalça məmulatlarına olan münasibət barədə danışıb.
Tədbirdə iştirak edən Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Yaradıcılıq prosesinin təşviqi Departamentinin rəhbəri
İrine Saqanelidze Azərbaycan xalçaçılıq sənətini yüksək qiymətləndirib. O, jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan xalçaları çoxmədəniyyətli Gürcüstanın mühüm hissələrindən biridir. Gürcüstanda Borçalı xalçaçılığı kimi unikal ənənə var. Bu ənənə mədəni irs nümunəsi kimi qorunub saxlanılır və inkişaf etdirilir.
“Layihənin təşkilatçılarından olan Tbilisi Dövlət İncəsənət Akademiyasının tələbələri üçün bu ənənə ilə tanışlıq çox maraqlıdır”, – deyə Saqenalidze vurğulayıb.
Akademiyanın dekanı, professor Tinatin Kldiaşvili, ustad dərsinə qatılan Almaniyanın Halle şəhərinin İncəsənət və Dizayn Universitetinin tələbəsi Marieke Şvartz Azərbaycan xalçaları, xalçaçılıq sənəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan xalçalarının unikallığı ilə seçildiyini vurğulayıblar.
Facebook'da Paylaş