ABŞ NATO-dan GÜCLÜSÜNÜ YARADIR:

29-06-2021, 19:02

ABŞ NATO-dan GÜCLÜSÜNÜ YARADIR:

Yüz minlərlə hərbi personal, daşıyıcı zərbə qrupları və strateji aviasiya - Pentaqon sürətlə Asiya-Sakit okean bölgəsinə silah daşıyır. Mütəxəssislərin fikrincə, Vaşinqton burada NATO-nun Asiyadakı analoquna çevriləcək hərbi blok yaratmağa hazırlaşır. Əsas hədəf Çini nəzarətdə saxlamaq olsa da, bu, Rusiyanın təhlükəsizliyinə ciddi təsir edəcək.
"RİA Novosti"nin ABŞ-ın əsas niyyəti ilə bağlı araşdırmasını təqdim edirik:
Asiyada Şimali Atlantika İttifaqına bənzər hərbi blok yaratmaq barədə danışıqlar 2000-ci illərin sonunda başlayıb. 2007-ci ildə Yaponiyanın baş naziri Şinzo Abe ilk mərhələlərdə ABŞ, Yaponiya, Avstraliya və Hindistanın iştirakı ilə Dördtərəfli Təhlükəsizlik Dialoqunu təşkil etməyi təklif edib.

Daha sonra Çinlə həmsərhəd olan digər Asiya ölkələri də buna qoşulmalı idi. Bunun arxasında Çini əsas geosiyasi düşmən hesab edən ABŞ-ın dayandığı açıqdır.
Yaponiya ABŞ-dan çox asılıdır - Amerika dəniz piyadaları adalarda çoxdan varlıqlarını təmin edib və güclü bazalar tikilib. Vaşinqton Yaponiya Özünümüdafiə Qüvvələrini silah və texnika ilə təmin edir. Sakit okeanda bir başqa Amerika peyki - ABŞ-ın NATO xaricindəki əsas müttəfiqi Avstraliyadır. Avstraliyalılar Körfəz müharibəsində iştirak etdilər, Əfqanıstan və İraqda döyüşdülər. Ölkənin 80 minlik silahlı qüvvələrində "Abrams" tankları, "M113" zirehli personal daşıyıcıları, "M198" və "M2A2" haubitsaları, "Javelin" raket sistemləri və "M4A1" silahları var. Təyyarələrdən isə "Çinuk" və "Qara Qırğı" helikopterləri yer alır.
Rusiya Baş Qərargahının verdiyi məlumata görə, amerikalılar Dördtərəfli Təhlükəsizlik Dialoquna əsaslanan Çin əleyhinə koalisiyanın qurulmasını sürətləndirirlər. Eyni zamanda Hindistanı da aktiv şəkildə təsir altına alırlar. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov bildirib ki, bu blokda Avstraliya və Yaponiyadan əlavə, ənənəvi olaraq xarici siyasətini müstəqil quran Hindistanın da iştirakına xüsusi əhəmiyyət verilir.
Hərbi elmlər doktoru Konstantin Sivkovun sözlərinə görə, Vaşinqton Filippin və İndoneziya kimi digər ölkələri ittifaqa cəlb etməyə çalışacaq: "Onların Sakit okeanın bütün qərb hissəsini əhatə edəcək geniş bir bloka ehtiyac var. Bu da Rusiya üçün hədədir. Axı hər şey bizim şərq sərhədlərimizdə cərəyan edir. ABŞ-ın hərəkətləri Rusiya-Çin hərbi ittifaqının yaradılmasına gətirib çıxara bilər. Eyni zamanda Hindistanı kəskin sual gözləyir - özü üçün olduqca ağır nəticələri olan amerikalıların tərəfinə keçmək və ya Rusiyanı dəstəkləmək".

Ziddiyyətlər üzərində oynamaq
Ekspert hadisələrin bu cür inkişafı ilə Rusiya, Çin və Hindistanın iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının digər ölkələrin qoşulması ilə hərbi-siyasi bloka çevriləcəyini qeyd edib. Bu, ABŞ üçün bölgədəki vəziyyəti ciddi şəkildə çətinləşdirəcək. Rusiya Baş Qərargahına görə, Vaşinqton buna baxmayaraq, gələcəkdə dünya iqtisadiyyatının lokomotivi və aparıcı güclər arasında rəqabət meydanına çevriləcək Asiya-Sakit okean bölgəsi üzərində tam nəzarətin təmin edilməsini gözləyir.
Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Konstantin Sokolovun sözlərinə görə, Dehlini hərbi bloka cəlb etmək üçün amerikalı siyasətçilər uzun müddətdir davam edən Hindistan-Çin ziddiyyətləri üzərində oynayacaqlar: "Burada gözlənilməz nəsə yoxdur. Hindistan və Çin regionda əsas olanlardır, digərlərinin isə dəstəkləyici rolu var. ABŞ-ın hədəfi həmişəki kimi yad əllərlə mübarizə aparmaq, şəxsi resursu xərcləməməkdir. Hərbi dəstək, təhlükəsizlik, təminat, o cümlədən informasiya ikinci dərəcəli məsələdir".
Sokolov da belə bir hərbi blokun yaradılmasının Rusiya üçün mənfi nəticələnəcəyinə şübhə etmir: "Biz tarixən Çin və Hindistanla dostluq münasibətindəyik. Hindistan-Çin qarşıdurmasının başlaması Moskva üçün xarici siyasətdə çox böyük çətinliklər vəd edir". Bununla yanaşı, mütəxəssislər Asiya-Sakit okean regionunda yeni hərbi koalisiyanın qurulmasının bir ildən çox vaxt alacağını bildirirlər. Sadə bir səbəbdən - çünki bu planın tərəfdarları qədər rəqibləri də var. Hindistanda, Çində və digər ölkələrdə kifayət qədər sağlam düşüncəli insanlar var. Hər kəs hər şeyi çox yaxşı anlayır ki, belə ittifaq regionda ABŞ-ın varlığını gücləndirəcək, ancaq heç bir təhlükəsizlik vəd etməyəcək. Əksinə, daha çox kütləvi qarşıdurmanın əsas nöqtəsi yaranacaq.
Müharibəyə hazırlıq
Son illərdə ABŞ Sakit okean bölgəsindəki hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Amerika hərbi gəmiləri Paracel və Spratli adaları ətrafındakı 12 millik əraziyə mütəmadi olaraq daxil olurlar. Çinin on illərdir bir neçə Sakit okean regionu ölkəsi ilə mübahisələri davam edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Çin sularına yaxın Sakit okeandakı təlimləri də nəzərəçarpacaq dərəcədə tez-tez baş tutub. Beləliklə, iyun ayında "Ronald Reyqan" təyyarə gəmisi Cənubi Çin dənizinə daxil olub. Məlumata görə, təyyarədaşıyan gəmi ABŞ-ın regional müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması üçün bölgəyə yeridilib.
2020-ci ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələri eyni vaxtda bölgəyə üç təyyarədaşıyan zərbə gəmilərini yerləşdirib. Strateji bombardmançı "B-52", "B-1" və "B-2" vaxtaşırı Marian adalarındakı Andersen hava bazasına gətirilir. Bəzən burada nüvə silahı daşıyan 15-ə qədər təyyarə vəzifə yerinə yetirir.
Pentaqon dost ölkələri təlimlərə tez-tez cəlb edir. Məsələn, Yaponiya və Amerika dənizçiləri birgə təlimlərin intensivliyini iki dəfə artırıblar. 2021-ci ildə bu məqsədlə artıq 23 dəfə bir araya gəliblər. Pekin təbii olaraq etiraz edir. Ancaq amerikalılar buna cavab olaraq beynəlxalq hüququn imkan verdiyi yerlərdə üzəcəklərini bildirirlər.

Rusiya Baş Qərargahı məsələyə bu cür aydınlıq gətirib: "ABŞ Asiya-Sakit okeanı regionunda 400 min nəfərlik qrupu bir araya gətirib. 2019-cu ildə ABŞ bütöv bir strategiya hazırlayıb. Hansı ki, bu strategiyanın əsas hədəfi hərbi varlığı təmin etməklə, təlim və döyüş fəaliyyətlərini artırmaqla və silahlı qüvvələri müasir döyüş sistemləri ilə təchiz etmək yolu ilə üstünlük əldə etməkdir. Bir neçə il əvvəl Pentaqon Sakit Okeanda yeni vahid yaradıb - Müdafiə sahəsinə hücum və düşmənin əsas hədəflərini məhv etmək üçün hazırlanmış operativ qrup (Multi-DomainTask Force). Ümumiyyətlə, bölgədə ABŞ Silahlı Qüvvələrinin 50-dən çox hərbi bazası da daxil olmaqla 200-dən çox obyekti var. Bundan əlavə, Vaşinqton 2024-cü ilə qədər ilk əməliyyat donanmasını Asiya-Sakit okeanı regionuna yerləşdirməyi planlaşdırır. Birləşmə Hind okeanının şərq hissəsində fəaliyyət göstərəcək. Bu, 7-ci əməliyyat donanmasının ehtiyatlarını Şərqi Çin və Cənubi Çin dənizlərindəki problemlərin həllinə yönəldəcək. Bununla da Cənubi və Cənub-Şərqi Asiyada ÇXR-in qarşısını almaq üçün hərbi fəaliyyətləri gücləndirəcək.
Akqabay




Facebook'da Paylaş