Qazilər kimdir?

6-03-2021, 15:35

Qazilər kimdir?

Dilçilikdə tarixizmlər, arxaizmlər adı altında deyilən köhnəlmiş sözlərin bəziləri tarixin təkərinin fırlanmasından asılı olaraq - çərxi-fələyin tərsinə dövran eləməsi kimi - yenidən kütlə tərəfindən işlək dövriyyəyə daxil olub, ümumişlək sözlər sırasında öz yerini bərpa edir. Bu cür sözlər milli sözlər də ola bilər, alınma sözlər də. Belə sözlərdən biri də xüsusən də 2-ci Qarabağ müharibəsindən sonra ümumişlək səviyyədə müşahidə olunan ərəbmənşəli qazi ifadəsidir. Tarixin əski dönəmlərində qazi sözü təkcə adi söz kimi yox, həm də yüksək döyüşçülük, sərkərdəlik məharəti olan şəxslərə verilən (hərbi) titul kimi də mövcud olmuşdur. Misal üçün, ədəbiyyatımızda tuyuq janrının banisi kimi məşhur olan divan ustası Qazi Bürhanəddin Əhmədə verilən Qazi təxəllüsü həm də onun yüksək sərkərdəlik bacarığı hesabına qazandığı tituldur.

Bu gün qazi kəlməsi ümumxalq kütləsi tərəfindən ümumişlək statusunu təzədən qazansa da, bu sözün özündə ehtiva etdiyi məna sərhədlərinin dar çərçivədə başa düşülməsi halları ilə rastlaşdığımdan, bu söz üzərində ümumi bir açıqlama vermək istəyirəm. Belə ki, qazi sözünü sadəcə olaraq müharibədə döyüşüb sağlamlığını itirmiş, şikəst, əlil olmuş döyüşçülərə şamil etməklə sözün məna çevrəsini daraltmaq düzgün deyildir. Belə ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərlə eyni kökdən olub, mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir. Deməli, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlidir, müharibə qəhrəmanı olan əsgər, döyüşçü, zabit mənasında düşünülməlidir. Qanlı döyüşlərə qatılmaq isə el dilində mövcud olan bəxti-xuda kimi, hər kəsin öz alın yazısı, tale yazısı kimi fərdi ola bilər: şəhidlik zirvəsinə də ucala bilərsən, müharibə əlili də ola bilərsən, heç bir güllə yarası almayan, fiziki olaraq döyüşlərdən tam salamat çıxmış bir döyüşçü də ola bilərsən. Yəni qazi olmaq o demək deyildir ki, mütləqdir ki, yaralı, əlil döyüşçü olasan.

Bir sözlə, qazi sözü müharibəni şərəflə udmuş qəzənfər şəxsə-qalib döyüşçünün hər birinə döyüş zamanı sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq aiddir. Sağlamlığını itirən qazinin tibbi ekspertizanın rəyinə əsasən əlillik dərəcəsi və s. alması prinsip baxımından məsələnin mahiyyətini dəyişmir. Bu, artıq qazi olan şəxsin fərdi taleyi, qəzavü-qədərin qisməti olan alın yazısıdır. Paralel olaraq veteran ifadəsini də müqayisəyə gətirirəm. Veteran kimdir? Müharibədə gedən döyüşlərin iştirakçısı ümumi mənada veteran adlanır. Müharibə veteranı deyildikdə həmin müharibədə iştirak etmiş döyüşçülərdən (əsgərdən, zabitdən) söhbət gedir. Həmin veteranlardan da döyüşlərdə sağlamlığını itirən şəxslər olur ki, onlara müvafiq qruplara bölünməklə həkimlər tərəfindən tibbi ekspertiza rəyi əlillik dərəcəsi verir. Deməli, müharibə iştirakçısı sayılan kəslər hamısı müharibədə sağlamlığına ziyan dəyib-dəyməməsindən asılı olmayaraq ümumi olaraq veteran hesab olunur. Veteranların içərisindəki xüsusi bir qrup şəxslər - müharibə əlilləri də həmçinin veterandırlar. Başqa sözlə, bütün əlillər veteran (və ya müvafiq olaraq qazi) sayıla bilərlər, ancaq bütün veteranlar (və ya qazilər) əlil sayıla bilməzlər. Bir sözlə, veteran (eləcə də qazi) ifadəsi müharibə veteranları və əlillərini leksik-semantik baxımından öz əhatə dairəsinə alır. Yəni filankəs müharibə veteranıdır, eyni zamanda müvafiq olaraq neçənci qrupsa əlildir ifadəsini işlədib aydınlıq verə bilərik.
Bir məsələyə də aydınlıq gətirib fikrimi yekunlaşdırım. Sual verə bilərsiniz ki, birinci Qarabağ müharibəsi veteranları da qazi sayılırmı? Birmənalı şəkildə konkret cavab verirəm: Bəli!
Yenə sual doğa bilər: axı yuxarıda izah etdiniz ki, qazi kəlməsi qalib döyüşçüyə-qalib bir ordunun əsgərinə verilən addır? Axı o döyüşlərdə torpaq itirmişdik, məğlub olmuşduq?! Məsələyə geniş müstəvidən yanaşsaq, cavab tapa bilərik. Birincisi bizim döyüşümüz tarixən haqq döyüşü olub, yəni doğma torpaqlarımıza göz dikib, işğalçılıq siyasəti yürüdən mənfur düşmənə qarşı haqq mübarizəsi aparmışıq. Doğma dədə-baba torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşuq. Məhz həmin döyüşlərdə çoxlu qurbanlar verdik,qəhrəman oğullarımızı şəhid verdik. Qəhrəman əsgərlərimiz sağlamlıqlarını itirib əlil oldular və eyni zamanda topsuz, tüfəngsiz, texnikasız halda döyüşə-döyüşə geri çəkildik, arxalı köpək qurd basar məsəli sayaq, düşmənlərimiz havadarlarının hesabına bizi məğlub (müvəqqəti olaraq!) etmişdi. Yəni bizim ordumuzun döyüşçüləri qorxaqlıqdan, ya asanlıqla məğlub edilməmişdi. Kifayət qədər mübarizə aparmışdıq. 1-ci Qarabağ müharibəsində döyüşçülərimizin əzmkar mübarizəsinə aşağılayıcı tərzdə ədalətsizcəsinə qiymət vermək olmaz. Həmin döyüşü sadəcə erməni-müsəlman (Azərbaycan mənasında!) müharibəsi şəklində düşünüb qiymətləndirmək çox sadəlövhlük olardı! Bu döyüşdə ermənilərin arxasında dünyanın güclü ölkələri dayanmışdı və bu səbəbdən də məğlub olmuşduq. Ancaq bu məğlubiyyət müvəqqəti idi və xalqımızın ruhunu məğlub edə bilməmişdilər. Ona görə də müharibə bitməmişdi və bizim yenilməz məğlubedilməz ruhumuz toparlanmaqla, özümüzdə yenidən güc tapmaqla yenidən - 2-ci Qarabağ müharibəsi adı ilə müzəffər bir döyüşə atıldıq. Ən başlıcası, 1-ci Qarabağ müharibəsi döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də 2-ci Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar. Çünki 1990-cı illərdən başlanan Qarabağ müharibəsi nəticə etibarilə ədalətli şəkildə-qələbəmizlə bitdi. 1-ci və 2-ci Qarabağ müharibəsi eyni bir müharibənin tərkib hissələri olmaqla bir bütövü-eyni bir müharibəni öz əhatəsinə alır. Tarixdən xatırlayırıqsa, ruslar Vətən müharibəsində fransız Napoleon Bonoparta Moskvanı təslim etdilər. Lakin Moskvanın itirilməsi əbədi deyildi və sonda müharibə rusların qələbəsi ilə bitdi. Bu mənada döyüşlərin getdiyi ərəfələrdə hər hansısa torpaq itkisi müvəqqəti durumda olursa və sonda itirilmiş ərazilər düşməndən geri alınırsa, bu, qalibiyyət deməkdir. Deməli, biz yenilməz Azərbaycan ordusunun Qazi Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsini qalib ordu kimi başa vurduq və bu ordunun döyüşçüləri qazidirlər! Əbəs deyildir ki, məhz bundan sonra şəhidlərimizin qisasının alındığını deyirik, torpaqlarımızın işğaldan azad edilməsi ilə Qarabağ müharibəsinin başa çatmasını Qələbə günü kimi bayram edirik.

Mən yuxarıda qeyd etdim ki, tarixizm kimi qəbul edilmiş sözlər tarixin təkərinin fırlanmasından, belə deyək ki, tarixin təkərinin geriyə dönüşü ilə bir daha yaddaşda bərpa olunub ümumişlək söz statusu qazanmağa başlayır. Hun imperiyasından, Metedən, Atilladan üzübəri türk ordusu yenilməz ordu olub, qazilik, ərənlikbizim üçün əbədi bir ənənə olub. XIX əsrin əvvəllərindən bu günə itirmiş olduğumuz əraziləri tarixin təkərini geriyə döndərməyimizin - yenilməz türk ruhunu bərqərar etməyimizin nəticəsi kimi ilk dəfə olaraq doğma torpaqlarımızı işğaldan azad etdik. Bununla tarixin arxivinə gömülmüş olan ərəb mənşəli, lakin türk ruhunun ifadəçisi olan tarixizmə aid olan qazi sözü də yenidən çağdaş zəmanəmizdə dirilik tapıb ümumişlək dövriyyəyə daxil oldu.

Ona görə ki, qazilik bir milli ruh kimi irsən dədə-babalarımızdan genetik olaraq cismimizdə-canımızda, ruhumuzda mövcud olub, yaşayıb və bu gün Ali Baş Komandanımızla birgə bir daha bir yenilməz ordu kimi qazi olduğumuzu sübut etdik.
Şakir Albalıyev




Facebook'da Paylaş