DAĞLAR QƏDƏR MƏTİN, BAYRAQ KİMİ UCA İGİD!
İllərlə xilaskar ərənlərinin həsrətlə yolunu gözləyən əsir, viranə yurdlarımız azadlığına qovuşdu artıq. Əlbəttə ki, qəhrəman oğullarımızın bu dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına. Vətənimizin qeyrətli, mətin oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək igidlikləri ilə şanlı tarix yazdılar. Onlar hətta yüksək dözüm, iradə, hərbi güc, birlik, əzm və qeyrət, eləcə də böyük fədakarlıq nümunəsi göstərərək ordumuzun yenilməz qüdrətini dünya miqyasında nümayiş etdirməyə nail oldular. Bu çətin və şərəfli yolda sağlamlığından keçərək, hətta qızğın döyüşlərdə aldığı ağır yaraları belə unudaraq, müqəddəs, ulu torpağın bağrına zəfər bayrağını sancaraq qalib Azərbaycan əsgəri kimi qələbə müjdəsilə geri döndülər. Xalqımızın igid, vətənpərvər oğulları əsir Qarabağımızın mətin, xilaskar ərənləri kimi tarixin yaddaşında iz qoyaraq, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrildilər.
Haqqında qürur hissi ilə söhbət açacağım İkinci Qarabağ Vətən müharibəsinin qəhrəman Qazisi Ruslan İbrahimov tarixi torpaqlarımızın azadlığı naminə döyüşlərdə üç dəfə yaralanaraq sağlamlığını bu yolda fəda edən qələbə carçılarımızdan biridir. Böyük Zəfərimizin təməlində dayanan “Qarabağ Azərbaycandır!” məğrur nidası yüzlərlə Vətən övladı kimi onu da könüllülər sırasına qoşulmağa sövq etdi. Qazimizin keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, mərdliklə, eyni zamanda qürur və heyrət doğuran məqamlarla doludur. Belə ki, o, Xankəndi uğrunda gedən gərgin döyüşlərdə və Şuşa əməliyyatında yalnız qollarındakı qüvvətə arxalanaraq düşmən önündə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. İgid Ruslan Vətən müharibəsinin son gününə kimi iştirak etdiyi döyüşlərdə fəallığı, çevikliyi və cəsurluğu ilə fərqlənərək öndə gedən nümunəvi əsgərlərdən biri olub. Qarabağımız uğrunda gedən döyüşlərdə BMP-piyada zirehli döyüş maşınından atəş dəstəyi verməklə yanaşı PK silahı ilə də tuşlayıcı vəzifəsini icra etmişdir. Ən müasir piyada silahlarının döyüş texnikası haqqında mükəmməl təcrübəyə və bacarığa malik olan qəhrəmanımız hərbçi yoldaşlarının dar məqamda xilası naminə dəfələrlə həyatını təhlükəyə ataraq bir neçə güllə yarası alıb. Belə ki, döyüş əməliyyatları zamanı cisminə tuşlanan güllələrdən biri kürəyindən girərək qolundan çıxıb. Həmçinin qəhrəman Qazimiz hər iki ayağından güllə və qəlpə yaraları da alıb.
İbrahimov Ruslan Şamxal oğlu 1994-cü il mayın 29-da Ağstafada sadə və zəhmətkeş bir ailədə anadan olub. Ailənin yeganə övladıdır. 2000-ci ildə Ağstafa rayonu, Yenigün kəndi Elçin Mustafayev adına orta məktəbin 1-ci sinfinə getmiş, həmin məktəbi 2011-ci ildə bitirmişdir. 2012-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Şəki, Mingəçevir və Goranboy şəhərlərində hərbi xidmətdə olduğu müddətdə tuşlayıcı və tuşlayıcı operator vəzifəsini icra etmişdir. 2014-cü ildə ehtiyata buraxılaraq o zamandan bəri torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər dəqiqə, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləmişdir. 2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozaraq cəbhəboyu mövqelərimizə hərbi təcavüzü zamanı Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində işğal edilmiş ərazilərimiz uğrunda şiddətli döyüşlər başlamışdır. Döyüşlərin alovlandığı müddətdə Ruslan 2020-ci il sentyabrın 29-da könüllü surətdə orduya yazılaraq, cəbhə bölgəsinə yollanmışdır.
Ruslan bir ay müddətində Gəncədə yerləşən hərbi hissədə təlim keçəndən sonra Füzuliyə göndərilmişdir. O, Füzulinin işğal altında olan kəndlərinin azad edilməsi uğrunda bir neçə gün rəşadətlə döyüşmüş, sonra hərbi komandanlıq tərəfindən verilən növbəti döyüş əmrinə əsasən şücaətli dəstə ilə noyabrın 6-da Şuşaya doğru istiqamət almışdır. Ruslanın döyüşdüyü şücaətli dəstə noyabrın 7-də səhər tezdən Şuşanın içərisinə doğru hərəkətə keçərək kəndlərdən birinə daxil olub, oradan da axşama kimi Şuşanın mərkəzinə çatıb. Ruslangil ağır döyüş əməliyyatı prosesində Şuşanın bir neçə kəndinin alınmasında iştirak ediblər. Həmin gecəni Şuşanın dağlarında keşik çəkərkən düşmənin canlı qüvvələri tərəfindən pusquya düşüblər. Çox güclü, şiddətli, həlledici döyüş əməliyyatı şəraitində düşmənin canlı qüvvəsini məhv ediblər.
Noyabrın 8-də isə Şuşadan Xankəndinə tərəf irəliləyərkən Ruslanın döyüşdüyü dəstə iki hissəyə bölünüb. Döyüşçülərin yarısı qabağa keçib, yarısı isə arxada qalıb. Ruslan döyüş yoldaşları ilə irəliləyərək təhlükəsiz əraziyə çatsa da Xankəndi tərəfdən ermənilər dağların arxasından onlara atəş açırlar. Nəticədə Ruslanla yanaşı 12 silahdaşı yaralanır. Döyüşçülər arasında onlara nisbətən yüngül yara alan Ruslan dörd tərəfdən düşmən atəşinə məruz qalmasına baxmayaraq silahı ilə bərabər yolun ortasına keçir. Döyüş yoldaşları təkid edəndə ki, “Ruslan, irəliyə getmə, yolun ortasına çıxsan səni yenə vurarlar” Qəhrəman döyüşçünün isə cavabı belə olur. “Qorxmayın, mənə heç nə olmaz. Mən bir nəfərəm siz isə çoxsunuz. Təki sizi xilas edə bilim. Biri var bir nəfər ölümə getsin, biri də var ki 12 nəfər. Odur ki, sizi ölümə verə bilmərəm.” Ruslan bunu söyləyərkən yaralı halda özünü qabağa verərək erməni silahlı birləşmələrinin qərar tutduğu mövqelərə tərəf atəş zərbələri endirməklə döyüş yoldaşlarının mühasirədən qurtulması üçün böyük şücaət göstərir. Beləliklə, Ruslan özü də yaralandığı halda 12 nəfər yaralı silahdaşını həmin təhlükəli ərazidən düşmən mühasirəsindən xilas edə bilir. Əgər Ruslanın dəstəyi olmasaydı yaralı döyüşçülər həmin təhlükəli ərazini heç cür tərk edə bilməzdilər. Qəhrəman Ruslan Şuşadan Xankəndinə tərəf irəliləyərkən dəfələrlə düşmənin pusqusuna düşsə də ayıq-sayıqlığı, ehtiyatı əldən verməyərək mərdliklə döyüşür. Həmin gün güllə yarası alaraq komandirin əmri ilə geri çəkilməyə məcbur edilməsinə baxmayaraq yollarda pusqu quran düşmənin canlı qüvvəsinə qarşı yaralı halda müqavimət göstərməyə can atır. Belə ki, mənfur düşmənin hiyləgərcəsinə qurduğu pusquları qüdrətli ordumuzun sərrast artilerriyası darmadağın edir. Xankəndidən Şuşaya yüz metr qalmış məsafədən düşmən yenə atəş açır. Ruslan ikinci dəfə yaralanır.
Yoldaşlarına deyir ki, “Siz dağa çıxın və yolunuzun səmtini dəyişib başqa yolla gedin ki, düşmənin mühasirəsinə düşməyəsiniz.” Onlar da Ruslanın dediyi kimi hərəkət edərək mühasirəyə düşməmək üçün başqa səmtə yol alırlar. Ruslandan bir müddət xəbər bilməyən döyüş yoldaşları elə zənn ediblər ki, o, Şəhid olub. Ruslan xeyli müddət ərzində dağların ətəyində yaralı vəziyyətdə qalandan sonra bir möcüzə sayəsində özünə gələrək oradan xilas edilə bilib. Səhərisi gün Xankəndi və Şuşa arasındakı ərazidə gedən şiddətli döyüşlərdə üçüncü dəfə yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasında “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilənlərdən biri də Ruslan İbrahimovdur. Bundan əlavə Vətən Qazimiz döyüş şəraitində tapşırıqların icrası zamanı fərqlilik, cəsarət və fədakarlıq, eyni zamanda bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməklə Azərbaycan Respublikasının “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülmüşdür.
Bu gün Ruslanın ailəsində iki övlad böyüyür. Atalarının gənc yaşında qəhrəman Qazi adını qazanması bu körpə balalar üçün iftixar, şərəf və qürur mənbəyidir.
Qazi qardaşımız! Uğrunda şanlı mübarizəyə atıldığın bu Vətən, bu torpaq sənə oğul dedi, sənin əzminə, qüdrətinə arxalandı. Sən də göz bəbəyin kimi müdafiəsinə qalxdığın Şuşanın dağları tək öz əzəmətinlə, vüqarınla, qeyrətinlə, iti və sərrast döyüş qabiliyyətinlə yüksək, ali vətəndaşlıq nümunəsi göstərərək Vətənə layiqli oğul olduğunu sübuta yetirdin. Tanrı sənə yar olsun, Vətən oğlu! Vətənin uğuru və zəfəri naminə layiq görüldüyün fəxri adlar və mükafatlar sənin haqqındır, şərəfindir, əlbəttə.
Vətən üçün belə ləyaqətli, qəhrəman oğul bəxş edən valideynlər qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirik.
Ananın südü, atanın çörəyi halalın olsun, dağlar qədər mətin, bayraq kimi uca igid! İgidliyinlə, dönməzliyinlə, şərafətinlə, ucalığınla qazandığın Qazi adın mübarək!
Sevinc ƏDALƏTQIZIYazıçı, tədqiqatçı, publisist, “Qızıl Qələm Media mükafatı” laureatı .
Facebook'da Paylaş