Tarixə yazılan ad – İLHAM ƏLİYEV
Elə bil hələ də yuxudayam. Bir neçə ay bundan qabaq kimsə desəydi ki, tezliklə işğal olunmuş ərazilərimiz azad olunacaq, Şuşamıza qovuşacağıq, yəqin ki, bu sözlərə şübhə ilə yanaşardıq. Hələ də baş vermiş hadisənin miqyasını təsəvvür edə bilmədiyimizdən baş verənlər bizə yuxu kimi gəlir. Hadisələr o qədər sürətli cərəyan etdi ki, çoxumuz nə baş verdiyini tam dərk etməmiş ard-arda gələn qələbə xəbərlərindən sanki zamanı və məkanı unutduq. Amma bu baş verdi, bu bir gerçəklikdir, bu, tariximizin ən şərəfli dövrlərindən biridir.
44 günlük ZƏFƏR savaşı!30 il gözlədik, bəzən səbrimiz tükəndi, deyinməyə başladıq, narazılıq etdlik. Qarabağın işğal altında olması faktını heç cür həzm edə bilmədik. Zaman-zaman Mübariz İbrahimov kimi qəhrəmanlarımız Azərbaycan əsgərinin cəsarətini göstərdi. 2016-cı ilin aprel döyüşlərində düşmənə ilk sarsıdıcı zərbəni vurduq. Amma, hər şeyin yetişmə məqamı varmış.
Bu 44 gün Azərbaycan tarixinin ən şərəfli səhifələri oldu. Bu səhifələrdə çox adamın adları yazılacaq – şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın. Amma, əlbəttə ki, ən birinci olaraq bu qələbənin memarı, müəllifi olan Ali Baş Komandan İlham Əliyevin adı yazılacaqdır. Azərbaycan tarixinin ən önəmli qələbələrindən birini qazanmış, namusunu təmizləmiş, xalqın başını dik tutmasını təmin etmiş bir dövlət başçısı kimi. Özünün dediyi kimi, nəyi nə vaxt etmək lazım olduğunu bilərək düzgün vaxtı seçdi. Bu günkü dünyada savaş yalnız iki dövlət arasında baş vermir. Dünyanın istənilən yerində münaqişə yarandıqda orada hadisələrin öz maraqları istiqamətində cərəyan etməsinə çalışan qüvvələr ortaya çıxır. Münaqişədə qalib olmaq istəyən tərəf həmin maraqlardan öz mənafeyinə uyğun istifadə etməyi, daha doğrusu həmin qüvvələri öz qalibiyyətində maraqlı etməyi bacarmalıdır. Cənab Prezident İlham Əliyev bunu böyük məharətlə bacardı. O, eyni zamanda, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və ardıcıl tədbirlərlə, birincisi, qarşısına qoyulan istənilən döyüş tapşırığını həyata keçirmək gücündə olan, yüksək hazırlıqlı, ən müasir texnologiyalara əsaslanan silahlarla təchiz olunmuş Azərbaycan Ordusunu yaratdı, ikincisi, dünyada baş verən bütün kataklizmlərə dayanıqlı, müharibə dövründə ölkədə hər hansı böhranın yaranmasını istisna edən, ordunun və əhalinin davamlı maddi təminatını həyata keçirən güclü bir iqtisadiyyat formalaşdırdı (güclü iqtisadi baza olmadan heç bir dövlət müharibədə uğur qazana bilməz), üçüncüsü, siyasi sahədə qələbə qazanmağımızı təmin etdi. Bura həm ölkədaxili ümummilli həmrəyliyə nail olunması, həm də beynəlxalq aləm tərəfindən Azərbaycanın davasının haqq işi olduğunun qəbul edilməsi daxildir.
Bütün müharibə müddətində yalnız iki dövlətin mənəvi dəstəyini gördük – Türkiyə və Pakistanın.Əslində bizim heç kimin köməyinə ehtiyacımız da yox idi. Təki bizə mane olmasınlar. Belə də oldu. Xarici siyasət o qədər uğurlu aparılmışdı ki, kimsə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə açıq-aşkar mane olmağa cəhd etmədi. Böyük əksəriyyət bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan da öz ərazi bütövlüyünü bərpa edir. Fransa kimi bir-ikisi səs-küy saldılar, onların da cavabını Cənab Prezident elə verdi ki, susmağa məcbur oldular. Məgər bu dövlətlər bizim qaşımıza-gözümüzə aşiq olmuşdularmı ki, bizim ərazi bütövlüyümüzü bərpa etməyimizə mane olmadılar? Təbii ki, yox. Sadəcə olaraq, cənab Prezident Ilham Əliyev tərəfindən uğurla aparılan xarici siyasət nəticəsində Azərbaycanın daha etibarlı, sərfəli tərəfdaş olduğunu həmin dövlətlər qəbul etdi. Ona görə də, praqmatik düşünən dövlət başçıları güclü iqtisadi potensiala malik, ağıllı siyasət yürüdən, multikulturalizm və tolerantlıq sahəsində dünyaya nümunə olan Azərbaycanı seçdilər. Bu vəziyyət isə öz-özünə yaranmamışdı, bunun arxasında dövlət başçısının çox gərgin fəaliyyəti, görüşləri, müzakirələri dayanır.
Əlbəttə ki, daha çoxuna nail olmağı hər birimiz istərdik, hamımız ermənilərlə məsələmizin kənar müdaxilələr olmadan birdəfəlik həll olunmasını istərdik. Bu bir istəkdir. Amma yaşadığımız dünyanın gerçəklikləri də var. Həm də cənab Prezidentin dəfələrlə bildirdiyi kimi, Azərbaycan regionda davamlı sülhün və barışın bərqərar olmasında maraqlıdır. Buna isə yalnız güc amilindən istifadə etməklə nail olmaq mümkün deyil. Hər bir münaqişənin həllinin döyüş və siyasi komponentləri olur. Döyüşlərlə biz qısa müddətdə mümkün olanı əldə etdik. Və siyasi komponentə keçmək üçün üstün bir platforma əldə etdik. Ən əsası odur ki, bu gün Azərbaycan qarşısına şərt qoyulan tərəfdən, özü şərt qoyan, münaqişənin həlli üçün şərtləri müəyyən edən tərəfə çevrilmişdir. Bəli, bu vəziyyət məhz o 44 günlük Zəfər savaşının ən mühüm nəticələrindən biriidir.
Son məlumatlar da göstərir ki, hər şey Azərbaycanın mənafeyinə uyğun cərəyan edir. Amma, bundan rahatsız olanlar da az deyil. Təbii ki, Ermənistan hər vasitə ilə Azərbaycanla Rusiya arasına bir etimadsızlıq toxumları səpməyə çalışacaq. Lakin, ermənilərin bu cür təxribatlarını, sayıqlamalarını həvəslə tirajlayıb Azərbaycan cəmiyyətində yayanlara, “görürsünüzmü, ermənilər öz istədiklərini edirlər, sülhməramlılar erməniləri dəstəkləyirlər, qələbəmiz yarımçıq qaldı” kimi şüarlar səsləndirənlərə nə deyək? Onlar kimin dəyirmanına su tökürlər? Həmin şəxslər 4-5 ay bundan əvvəl Ermənistanda olan mühiti Azərbaycana gətirməyə çalışırlar. Bir vaxtlar onlar sosial şəbəkələrdə istehza ilə “noldu, bəs bu lazım gəlib çıxmadı” deyərək hakimiyyəti hərəkətsizlikdə ittiham edirdilər. Ermənilərin Azərbaycana qarşı həqarətli davranışlarını tirajlayaraq, Azərbaycan hakimiyyətinin gücsüz olduğunu göstərməyə çalışırdılar.
Lazım gəldi, cənablar! Məsələ böyük miqyasda həll olundu. İndi həmin adamlar yenə ağız büzərək, “bu qədər şəhid verdik, niyə axıra kimi getmədik, ermənilər Xankəndində at oynadır, hakimiyyət niyə buna göz yumur, Paşinyan ordan gəldi, filan erməni burdan getdi, qazimizə diqqət göstərilmir” kimi ifadələrlə əldə olunan qələbəni aşağılamağa çalışırlar. Bu qədər müsbət hesab oluna bilən hadisələr haqqında bir xoş ifadə işlətməyənlər, harda azacıq bir nöqsan, kiməsə qarşı bir diqqətsizlik görən kimi “hakimiyyət hara baxır” deyə vay-şüvən qaldırırlar.
Görünən odur ki, Ilham Əliyev çox adamı məyus etdi, erməniləri, fransız Makronu, digər erməni havadarlarını və ... hakimiyyətə gəlmək havası ilə yaşayan bir çoxlarını. Adama elə gəlir ki, bəziləri Qarabağda nə isə xoşagəlməz bir hadisənin baş verməsini çox arzulayır ki, bundan da xalqı hakimiyyətə qarşı qaldırmaq üçün istifadə etsinlər. Amma, keçmiş olsun, qatar artıq getdi.
İlham Əliyev göstərdi ki, siyasət müdriklik tələb edir, səbr tələb edir. Dəliqanlılıqla siyasət aparmaq olmaz, dəliqanlılıqla döyüşü udmaq olar. Amma bütövlükdə, yekunda qalib olmaq üçün ağılla siyasət aparmaq lazımdır, emosiyalarla yox. Düşmən hər vasitə ilə bizi təxribata çəkməyə, tərəfdaşlarımızla aramızı vurmağa, etibarsızlıq mühiti yaratmağa çalışacaq.
Çoxlarımız televizorda korrida səhnələrini izləmişik. Matadorla öküzün döyüşünü. Matador, öküzdən dəfələrlə zəif olmasına baxmayaraq, onu oyuncaq kimi oynadır, sonunda da öldürücü zərbəni vurur. Nədən bu qədər güclü öküz bir matadorun əlində oyuncağa çevrilir? Çünki, öküz manevr edə bilmir, düzünə hərəkət edir, sağa-sola dönə bilmir. Matador da bundan istifadə edir. Siyasət də belədir. Kim öküzlük edirsə, o da Paşinyanın vəziyyətinə düşür – bir dəfə kəllə atır, iki dəfə kəllə atır, sonda matadorun nizəsinə keçir. Siyasətdə öküzlük məğlubiyyətə gətirir. İndi bizim ölkədə qələbəmizə hər vasitə ilə kölgə salmağa çalışanlar, nə etməli olduğumuz barədə şüarlar yayanlar da siyasətdə öküzlüyün tərəfdarlarıdır.
Müharibənin ilk günlərində qonşumuza şəhid xəbəri gəldi. Mayor rütbəli zabitimiz şəhid olmuşdu. Dəfni 2-ci Fəxri Xiyabanda baş tutdu. Ora daxil olarkən çoxlu sayda qəbir yerlərinin hazır olduğunu gördüm. Olası şəhidlər üçün nəzərdə tutulmuşdu. Ürəyimdən bir arzu, dua keçdi: “Allah hamısını boş qoysun!”. Yanvarın birində ailəmlə birgə şəhidlərimizi ziyarətə getmişdim. Həmin xiyabanda qəbirlərin böyük əksəriyyəti boş idi. Allah dualarımızı eşitdi. Eyni zamanda Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin bütün təzyiqlərə baxmayaraq vaxtında verdiyi qərar şəhidlərimizin sayının artmasının qarşısını aldı. Çox sağ olun, cənab Ali Baş Komandan! Çox sağ olun ki, o qəbirləri boş qoydunuz, daha çox ananın gözüyaşlı qalmasına yol vermədiniz. Sonsuz təşəkkürlər!
Bəli, bizlər Azərbaycan tarixinin ən qürurlu günlərini yaşayırıq. Bu günün Azərbaycanını bir bağa bənzədə bilərik. Bol məhsullu bir bağa. Amma bu bağ öz-özünə əmələ gəlməmişdir. Bu bağın memarı var. Ümummilli Lider Heydər Əliyev. O, bu bağı salmaq üçün çox mücadilələr verdi, obrazlı desək “ərazini münbitləşdirdi, hər cür ziyanvericilərdən, parazitlərdən təmizlədi, hər cür oğrulardan qorudu” və məhsul vermək ərəfəsində öz davamçısı İlham Əliyevə və bu günkü nəsilə təhvil verdi. Bu bağın meyvələri şoxdur – bütün neft-qaz layihələri, BakıTbilisi-Ceyhan neft kəməri, digər qaz kəmərləri, Azərbaycanı Avropaya birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən ipək yolu, ölkə daxilində bütün sahələri əhatə edən infrastruktur obyektlər, və sair, və sair. Çox saymaq olar. Amma bu bağda təkcə meyvələr yetişmir. Ali Baş Komandan İlham Əliyev göstərdi ki, bu bağda həm də güllər yetişir. Bəli, O, bizlər üçün bir ömür ətrindən doya bilməyəcəyimiz Zəfər gülünü yetişdirdi. Heç zaman solmayacaq, daima ətri ilə ruhlarımızı oxşayacaq, şerlərimizin, mahnılarımızın tərənnüm edəcəyi Zəfər gülü! Cənab Prezident bir daha göstərdi ki, o, Ulu Öndərin layiqli davamçısıdır. Tarixdə öz atasından dövlətin idarəçiliyini övladların qəbul etməsinə dair çoxlu faktlar göstərmək olar. Çox güclü dövlət başçısı olmuş atalardan sonra hakimiyyətə keçmiş övladlardan barmaqla sayılacaq qədəri qəbul etdikləri dövləti əvvəlki kimi ayaq üstə tuta bilmiş, ataları kimi güclü dövlət başçısı olmuşlar. İlham Əliyevin adı həm də ona görə tarixə yazılacaq ki, o, güclü dövlət başçısı olmuş atasından təhvil aldığı dövləti daha da gücləndirə bilən, özü də həmin ataya layiq, sayılan bir dövlət başçısı oldu.
Məhəmməd Məhərrəmov
BDU Fizika fakültəsinin dekan müavini,
istefada olan polkovnik
Facebook'da Paylaş