Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

4-10-2024, 10:52


Dünyada böyük əks səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş Prezident cənab İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu.
Bildiyiniz kimi, 27 ildən sonra Cəbrayıl rayonu da işğaldan azad edildi. 2020-ci il oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistanın işğalından azad edilməsinin dörd ili tamam olur.
Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin saldılar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılmışdır. İşğal nəticəsində ermənilər rayondakı mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı və yerüstü sərvətləri, zəngin su mənbələrini dağıdıb, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarlarını kəsimişdirlər. 52000 nəfər əhalisi olan Cəbrayıl rayonunun 1050 km2-i əhatə edən ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar.
Xatırlatmaq istəyirəm ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Qeyd etdiyim kimi, rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə Cəbrayılı bütövlükdə azad etdi.
30 ilə yaxın bir dövr ərzində erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlıarının geri qaytarılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin tələblərinə əsasən həmsədr dövlətlərin iştirakı ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılsa da heç bir müsbət nəticə vermirdi. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarına dözməyən Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumunu adekvat cavablandırdı.
44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə etdik. Ötən müddət ərzində dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə azad olunmuş ərazilərdə olmuş, aparılan ilkin quruculuq işləri ilə yerində tanış olaraq tapşırıqlarını vermişdir.
Artıq Qarabağda geniş bərpa-quruculuq işləri aparılır. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevinvə Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Bir sözlə, 44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.


Elxan Quliyev, Əməkdar müəllim




Facebook'da Paylaş