Türkiyə-Azərbaycan qardaşlığı əbədidir
Hamıya məlumdur ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. Onu da qeyd edim ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir.
Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir. Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir. Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.
İyunun 12-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçildikdən sonra ölkəmizə budəfəki rəsmi səfəri də hər iki xalq üçün böyük bayrama çevrildi. Bu səfərin dövlət səfəri olması böyük tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Bildiyiniz kimi, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin iki ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir. Bu, Türkiyənin Azərbaycana, Azərbaycanın isə Türkiyəyə dəstək verməsi, eləcə də bütün sahələrdə əlaqələrin dərinləşməsi, həm siyasi, həm iqtisadi, xüsusən hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsi baxımından çox önəmlidir. Mahiyyət etibarilə, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Bəyannamə iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.
Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Mətbuat konfransında ölkəmizin Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılacağı ilə bağlı bəyanatlar səsləndirilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini, hansı islahatlar aparmalı olduğunu, öz inkişaf yolunu müəyyənləşdirəcəyini bir daha ortaya qoydu. Hər iki ölkənin hərbi texniki qurumları, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edir, eyni zamanda, tərəflərin təşkilatçılığı və iştirakı ilə müdafiə sənayesi sərgisi təşkil olunur. Azərbaycan həmişə Türkiyə Ordusunun təcrübəsindən faydalanıb. Cari il ərzində 16 birgə hərbi təlim keçiriləcəyi planlaşdırılmışdır ki, onlardan 6-sı artıq keçirilmişdir. Yeri gəlmişkən, Silahlı Qüvvələrimizin Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işləri aparılacaq.
Bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında da fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev, bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, bununla paralel olaraq, Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artırmaqla, buna da böyük ehtiyac olduğunu vurğuladı.
Konfrans zamanı Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayan cənab İlham Əliyev, bu dəhlizin açılmasının bütün ölkələr üçün yeni imkanlar açacağını və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəyini bildirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizinin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcəyini bildirdi.
Bu səfəri hər bir azərbaycanlı kimi mən də yüksək səviyyədə qiymətləndirirəm, inanıram ki, bu səfər də ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmli olacaq, Azərbaycan ilə Türkiyə arasında əlaqələr bundan sonra da inkişaf edəcəkdir.
Ayna Novruzova, Binəqədi RİH yanında İctimai Şuranın üzvü
Facebook'da Paylaş