HAMLETİN ŞƏHİDLİYİNİN 29-CU İLDÖNÜMÜDÜR
HAMLETİN ŞƏHİDLİYİNİN 29-CU İLDÖNÜMÜDÜR Hamlet Səlim oğlu Səlimov 1962 - ci il noyabrın 5 – də Qafan rayonunun Müsəlləm kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib, Qafan şəhər 68 - saylı peşə məktəbində sürücülük peşəsi üzrə təhsilini davam edib.
1981 – ci ildə həqiqi hərbi xidmətə çağrılaraq, Xabarovski şəhərində əskəri xidmət keçir. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndlərinə qayıdıb.
İşləmək məqsədi ilə Əli Bayramlı (indiki Şirvan ) şəhərinə gələrək Dövlət Rayon Elektrik Stansiyasında DRES-də işə başlayıb.
1988-ci ildə Hamlet Səlimovun valideyinləri doğma ata-baba ocaqlarından didərgin düşərək, Əli Bayramlı ( indiki Şirvan) şəhərinə pənah gətirirlər. Talelərinə qaçqınlıq yazılmış Səlimovlar ailəsi o vaxtdan Əli Bayramlıda (indiki Şirvanda) məskunlaşıb yaşayırlar.
1993 – cü il iyun ayının 5 – də Hamlet Səlimov ailə həyatı qurur. 1994 – cü ilin mart ayında İlqar adlı oğlu dünyaya gəlir. Ata olduğu üçün hamıdan çox sevinən Hamlet Səlimovun bu sevinci çox çəkmir...
1994 – cü il aprel ayının 18 – də Səlimov Hamlet Əli Bayramlı ( indki Şirvan ) Şəhər Hərbi Komissarlığına çağırılır. Elə həmin gün də döyüşlərə göndərilir.
Hamletin döyüş yolu Goranboy torpaqlarında yağıların bir çox hücumlarına sinə gələrək , cəmi 18 gün çəkir. Burada gedən bir neçə döyüş əməliyyatında yaxından iştirak edir.
Hamlet Səlimov 1994 - cü il may ayının 5 – də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında gedən döyüşdə düşmənin bir neçə canlı qüvvəsini məhv edərək, düşmən tərəfindən snayperdən açılan güllə nəticəsində qəhrəmancasına həlak olur, şəhidlik zirvəsinə ucalır.
Əli Bayramlıdakı ( indiki Şirvandakı ) Şəhidlər Xiyabanında dəfn edilir.
2021 – ci ilin noyabrın 5 - də şəhidimizin 59 – cu yaş günündə bacı və qardaşlarının övladları tərəfindən onun yaşadığı evin divarına xatirə lövhəsi vurulub. 2022-ci il Noyabrın 5 -də şəhidin 60 illik yubileyi Şirvan Gənclər Evinin təşkilaçılığı ilə şəhər səviyyəsində qeyd edilmişdir.
05 May 2023 – cü il Hamlet Səlimovun şəhid olmasının 29-cu ildönümüdür.
Oğul dərdi yaman olur,
Ağlama Şəhid anası.
Ana, dərdə yanan olur,
Ağlama Şəhid anası.
Gözlərinin nuru getdi,
Fələk sənə zülüm etdi.
Nurəddinin qurban getdi,
Ağlama Şəhid anası.
Səni çox ağlatdı zaman,
Bala dərdi olur yaman.
Şəhid oldu Hamlet balan
Ağlama Şəhid anası.
El dərdidir dərdin sənin,
Gedib əldən igidlərin,
Oğul sənin, şəhid mənim,
Ağlama Şəhid anası.
Bax bu şəhid cavanlara,
Bu dərdlərə dözmür ana.
Qurbanam şəhid balana,
Ağlama Şəhid anası.
Tək deyilsən bu vətəndə,
Oğul dərdi var sinəndə.
Dərdinə şərikəm mən də,
Ağlama Şəhid anası. Şeir Fatma xanım Məmmədli tərəfindən iş yoldaşı şəhid Hamlet Səlimovun anası mərhum Qəmsi xanıma və digər şəhid iş yoldaşlarına ithafən yazılmışdır. Ülviyyə BAĞIROVA
Facebook'da Paylaş