Nümunəvi ailə modeli müəyyənləşməlidir.
“Qadın - Ana və Yaranışdır”Fəridə Mirişova: "Qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır”Aprelin 26-da Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin “Qadın - Ana və Yaranışdır” adlı layihəsinin yekununa dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan layihə rəhbəri Fəridə Mirişova mətbuat nümayəndələrini salamlayaraq bildirib ki, istər regionlarda, istərsə də Bakı şəhərində layihə çərçivəsində keçirilən tədbirlər zamanı çox maraqlı nəticələr əldə edilib və mətbuat konfransının məqsədi bu təəssüratları geniş ictimaiyyətə çatdırmaqdır:
“İlk olaraq layihənin uğurla yekunlaşdığını bildirmək istəyirəm və qeyd edim ki, hazırda layihə çərçivəsində görülən işlər təhlil olunur və layihənin yekunlarına dair hesabatların hazırlığı ərəfəsindəyik”.
Fəridə Mirişova layihənin əsas prinsiplərinə aydınlıq gətirərək qeyd edib ki, məqsəd məişət zorakılığı və qadınlara qarşı ayrı-seçkiliyin səbəb və nəticələrini araşdırmaq, bu problemlərə milli -mənəvi dəyərlər əsasında çözüm yolu tapmaq və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir. Layihə rəhbəri bildirib ki, məişət zorakılığının, qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq, bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir:
"Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır. Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var. Bu problem xüsusən regionlarda daha geniş yayılıb. Ona görə, layihəmiz Salyan və Neftçala rayonlarında yaşayan qadınları, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunu əhatə edirdi”.
Fəridə Mirişovanın sözlərinə görə, QHT layihə çərçivəsində ailə anlayışı, milli -mənəvi dəyərlər sistemində ailə münasibətlərinin tənzimlənməsi əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə edilib. Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların paylaşması nəzərdə tutulmuşdu. Layihə üç ay müddətində icra edılib.
Layihənin təlimçi- psixoloqu Vüsalə Əmiraslanova Salyan -Neftçala və Bakıda yaşayan xanımlarla keçirilən təlimlər zamanı psixoloji testlərin və ümumi psixoloji söhbətlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə iştirak edən
hüquqşünas Sayad Cavadzadə, Azərbaycan Nyu-York Assosiyasının("ANA") yaradıcısı Zəminə Mirhadıyeva, əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət, “Yazarlar" jurnalının İctimaiyyətlə Əlaqələr üzrə meneceri, AJB-nin üzvü Nəzakət Eminqızı, jurnalist Xətayə Sahabbin, Milli Kino birliyinin əməkdaşı Kəmalə Musazadə, Güney Azərbaycandan olan tərcüməçi Məsumə Şükürzadeh, DAMM-nın l vitse prezidenti Ruhiyyə Poladova layihə ilə bağlı fikirlərini bölüşüblər. Layihə rəhbəri və təlimçi psixoloq media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra xatirə şəkli çəkdirildi.
Facebook'da Paylaş