AAK – yaxından və uzaqdan

6-02-2023, 14:36

AAK – yaxından və uzaqdan


AAK – yaxından və uzaqdan


Elektron poçtuma gələn bildirişləri nəzərdən keçirərkən uzun illərdən bəri imzasına sayğı ilə yanaşdığım bir folklorşünas tanışımın “AzadMedia.az” saytının 03.02.2023-cü il tarixində yayımladığı və manşetə çıxardığı “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur” adlı yazısını qeydsiz-şərhsiz paylaşdığına təsadüf etdim. Şübhəsiz ki, yazını mənə ünvanlayarkən tanışım dörd ildən çox AAK-ın rəsmi şəxslərindən olduğumu nəzərə alaraq bu mövzuda mövqeyimin açıq sərgilən-məsinin təmənnasındaydı.
Son illər Ali Attestasiya Komissiyasının və onun sədri, professor Famil Mustafayevin ünvanına bəzi mətbuat orqanlarında, saytlarda, sosial şəbəkələrdə yalan, şər dolu çoxsaylı yazılara, böhtan kampaniyasına, qərəzli hücumlara, basqılara təəssüf ki, tez-tez rast gəlinir. Səbəbləri haqqında düşünəndə ilk növbədə sədrin həyata keçirdiyi əsaslı islahatların (Təəssüf ki, AAK əleyhinə çirkab atan şərşünaslar həmişə islahatlar sözünü dırnaq arasında yazırlar-A.R.), mənfi meyillərə qarşı barışmazlığın, dürüstlüyün, şəffaflığın əks platpormasında dayanan zümrələrdə qıcıq doğurması göz önünə gəlir.
Qıcıqdoğuran məqamlardan bəziləri barədə söz açmaq yerinə düşərdi:
1. AAK Rəyasət Heyətinin qərarı ilə 2013-cü ilin yanvar ayından elmlər doktoru elmi dərəcə iddiaçılarından beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövrü elmi nəşrlərdə bir məqalə nəşr etdirmək tələb olunurdu. Doktorant və dissertantlar arasında əvvəllər “Thomsonreuters” adlanan “Web of Science” beynəlxalq sisteminə daxil olan elmi jurnallardan birində məqalə dərc etdirmək hər iddiaçıya nəsib olmurdu. Bakıda fəaliyyət göstərən bəzi mətbəələrdə yüksək vəsait müqabilində “Web of Science”a daxil olan bəzi jurnalların saxta nüsxələrini gizli “nəşr” edirdilər. Belə saxta jurnallar hesabına yəqin ki, 2018-ci ilin sentyabr ayına qədər elmlər doktoru elmi dərəcəsi alanlar da az olmamışdır...
2018-ci ilin sentyabr ayının əvvəllərindən Komissiyaya professor Famil Mustafayev rəhbər təyin edildikdən sonra AAK-ın şöbələri nüfuzlu beynəlxalq bazalara giriş üçün proqramlarla təmin edildi. Saxta jurnalları müəyyən etmək, elmi məqalənin beynəlxalq sistemdə indeksləşdirildiyini görmək asanlaşdı. Komissiya 2018-ci ilin sonlarından başlayaraq “saxta jurnal” mafiyasının fəaliyyətini “zərərsizləşdirməyə” nail olsa da, qarayaxan¬larının həyasız hücumlarından xilas ola bilmədi. Hətta ən yüksək qurumlara AAK-dan şikayətlər edilir, elmlər doktoru iddiaçısının mövzusu üzrə beynəlxalq sistemə daxil olan jurnalda məqalə nəşr etdirməyi əhəmiyyətsiz, gərəksiz tələb adlandırırdılar. Komissiya rəsmilərinin qəbulunda olan iddiaçılar bir nüsxə saxta jurnala 2-3 min manat verdiklərini hiddətlə, bəzən də ürək ağrısı ilə bildirirdilər… “Saxta jurnal” mafiyasını müdafiə edən bəzi yüksək çinli məmurların xahişləri və ya tapşırıqları nəzərə alınmadığı təqdirdə böhtançıların dairəsinin süni surətdə genişləndirilməsi gözlənilən idi.
2. Dövlət qulluğunda çalışanların (elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar istisna təşkil edir) Prezident Administrasiyası səviyyəsində elmi dərəcə və elmi ad verilməsi məqsədəuyğun hesab edilməsə də prof. F.Mustafayevin təyinatına qədər AAK-da istisnalar olmuşdur. Dövlət qulluğu sistemində elmi dərəcə və elmi ad iddiaçıları kifayət qədər çox olmasa da onlar geniş səlahiyyətlərə malik təzyiq və təsir resursları olan xüsusi şəbəkələrə malik idi. Onların sırasında güc və icra strukturlarının, məhkəmə və prokurorluq orqanlarının nümayəndələri az deyildi. Müxtəlif vaxtlarda dövlət qulluqçuları tərəfindən AAK məhkəmələrə verilsə də yekun qərarlarla razılaşmayan bəziləri narazılıqlarını sosial şəbəkə müstəvisində birbaşa və ya dolayısı ilə davam etdirməkdən çəkinməmişdilər. Sədrin konkret məsələlərdə prinsipial mövqeyi, yaratdığı şəffaf mühit, yuxarıdan və “aşağıdan” xüsusi “xahişlərə” dirəniş göstərməsi elmi ictimaiyyətə açıqlanmayan, eyni zamanda dəyərləndirməyə layiq xüsusiyyətlərin¬dəndir. Bu mövzuda iki epizodu təqdim etmək istərdim:
Birinci epizod: Administrasiya rəhbəri R. Mehdiyevin köməkçisi Universitetlərdən birinin vəsatəti ilə dosentlik sənədlərini AAK-a gətirmişdi. İşlə tanış olduqdan sonra dövlət qulluqçusu olduğu üçün sənədləri qəbul edə bilməyəcəyimi söylədim. Narahat oldu və dedi, bəlkə Ramiz müəllim sizin sədrə zəng etsin, tapşırsın?! “Bu, sizin öz işinizdir” – dedim və Ramiz müəllimin xırda bir iş üçün AAK-a zəng edəcəyinə isə inanmadım. Amma düşündüyümün əksinə oldu, həmin gün Administrasiya rəhbəri sədrə zəng etmişdi… Nəticə isə ondan ibarət oldu ki, köməkçi dövlət qulluğundan azad edildikdən bir müddət sonra onun dosentlik işinə Komissiyada baxılmışdır.
İkinci epizod: Administrasiyanın şöbə müdirinin xanımı (belə təqdimat qüsurlu olsa da…) elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiə ərəfəsində idi. AAK-dan iddiaçıya bildirildi ki, dövlət qulluğundan azad edildikdən sonra dissertasiyasını müdafiə edə bilər. Düşünürdük ki, xanım ikincidən imtina edəcək, əksinə oldu. O elmi seçdi. Prezidentin sərəncamı ilə onun dövlət qulluğuna xitam verildi.
… Nümunələrin sayını artırmaq da olar… Həqiqət isə ondan ibarətdir ki, AAK sədrinin prinsipial vətəndaş mövqeyi, qanunvericiliyə sadiqliyi, mənəvi saflığa güvənli işgüzar kollektivə rəhbərlik etməsi kimlərisə çox ciddi narahat edir. Rahatsızlığın bariz əlamətlərindən biri də “AzadMedia.az” saytının 03.02.2023-cü il tarixində yayımladığı “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur” adlı yazısıdır. Özünü “Araşdırmaçı-jurnalist” adlandıran S.Feyruzovun beş abzaslıq yazısı ilə tanışlıqdan belə qənaətə gəlmək olur ki, müəllif “elmi ad” ilə “elmi dərəcə”nin fərqi barədə adi təcəvvürə malik deyil, amma Komissiyanın fəaliyyətini öz səviyyəsində “dəyər”ləndirməyə cəhd edir. Sitat böyük olsa da onu zədələmədən təqdim etmək məcburiyyətindəyəm:
“Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur. Azadmedia az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov yazır. Araşdırmaçı-jurnalist qeyd edir ki, elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər. Bu şəxlsərin özləri də saxta yollarla alimlik dərəcəsi alıblar.
Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur.
2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər.
Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-na 5 milyon 160 min manat rüşvət daxil olub.
F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir.
Sən demə, F.Mustafayev həm də varlı ailələrin, məmurların övladlarının cehizlik məsələlərinin həllində də yaxından işitak edir. Belə ki, qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissi¬yasına rüşvət verib alimlik diplomu alırlar.”

Bax belə… Bu yazısı ilə S.Feyruzovun jurnalistlik təhsili alması haqqında da oxucuda əsaslı şübhə yaradır. Əgər o həqiqətən jurnalistlik təhsilinə yiyələnmiş olsaydı qərəzçilik ambisiyasını kənara qoyub həqiqətə xidmət edərdi, qələmə almaq istədiyi mövzu üzərində ciddi araşdırma aparardı. AAK-ın 17.01.2023-cü il tarixli Facebook səhifəsində verilmiş cədvələ “araşdırmaçı-jurnalist” təmkini ilə yanaşması doğru olardı. “Elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən” heç olmasa 2-3 nəfəri ilə görüşüb onlardan “20-30 min manat rüşvət istəyirlər”in konkret kim olduğunu, harada işlədiyini müəyyənləşdirərdi və bu gün də böhtandan, iftiradan yoğrulmuş qərəzli yazısına görə acınacaqlı duruma düşməzdi. Prof.F.Mustafayev Respublikamızda təmiz işləyən ləyaqətli, yüksəkçinli məmurlarımızdan biridir. O Komissiyaya rəhbər təyin ediləndən bəri minlərlə insana diplom və attestat vermiş və təqdimat mərasimlərində bildirmişdir: “Komissiyada gördüyünüz isti münasibəti, diqqəti, mənəvi saflığı sizə müraciət edənlərə qaytarın. Cəmiyyətimizdə qoy mənəvi iqlim daha da saflaşsın, çöhrələrdən təbəssüm əskik olmasın.”
AAK-ın Facebook səhifəsində elmi dərəcəyə və elmi ada görə yüzlərlə diplom və attestat alan iddiaçıların sevinc dolu müsahibələri yer alıb. Bu ürəkaçan faktlara necə göz yumub Komissiyaya çirkab yağdırmaq olar?
Ötən ilin on ayı ərzində AAK Kollegiyasının üzvü kimi elmi dərəcə alanlarla yanaşı 246 nəfərin elmi dərəcə verilməsindən imtina edilməsi təklifinə mən də səs vermişəm. Səbəblər sırasında dissertasiya işinin elmi-nəzəri səviyyəsinin əsasnamənin tələblərinə cavab verməməsi, işin digər şəxslər tərəfindən yazılması, plagiatlıqdan istifadə edilməsi, prosedur pozuntusu və s. qanunazidd məsələlər yer almışdır.
S.Feyruzovun obyektivlikdən, dəqiqlikdən uzaq, “elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər”, “qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissiyasına rüşvət verib alimlik diplomu alırlar” kimi absurt düşüncələri elm yolunu seçən istedadlı gənc doktorantlarda mənəvi travma, inamsızlıq sindromu yarada bilər və müəllifin bu yazısı ictimai qınağa layiqdir.
P.S. Azərbaycan Mətbuat Şurasına. Ali Attestasiya Komissiyasının işgüzar nüfuzuna xələl gətirdiyinə görə Samir Feyruzovun “jurnalistlik” fəaliyyətinin araşdırılması və dəyərləndirilməsi məsələsini nəzərdən keçirməyinizi Sizdən xahiş edirəm.

Asif Rüstəmli
Filologiya elmləri doktoru, professor.




Facebook'da Paylaş