Uzun yolun başlanğıcı
Uzun yolun başlanğıcı
Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.
Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.
Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!
Ordum.az Fotolar Ramin Abdullayevindir
Facebook'da Paylaş