QHT BMT qurumuna üzv qəbul olundu
QHT BMT qurumuna üzv qəbul olundu “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunub. Bu barədə açıqlamasında ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib:
“2020-ci ildə BMT-nin əsas qurumlarından olan ECOSOC –a üzv olmaq üçün müraciət etmişdik və davamlı olaraq bu istiqamətdə iş aparırdıq. Təşkilatın fəaliyyəti haqqında geniş məlumatlar təqdim etdik. Eyni zamanda təşkilata ECOSOC-un QHT idarəsindən də bəzi suallar və sorğular daxil oldu. Üzvlüklə bağlı lazımı məlumatları, fəaliyyətimizlə bağlı informasiyaları və s. sorğuları dolğun şəkildə cavablandırdıq və yaxın müddət üçün təşkilatımızın fəaliyyət strategiyasını təqdim etdik.
ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Komitənin hazırkı üzvlərinə (2019-2022) Bəhreyn, Braziliya, Burundi, Çin, Kuba, Estoniya, Esvatini, Yunanıstan, Hindistan, İsrail, Livan, Meksika, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə və ABŞ daxildir.
Pandemiya ilə bağlı BMT və onun qurumlarının iclaslarının keçirilməsində müəyyən yubanmalar oldu. Nəhayət ECOSOC-un QHT-lər üzrə Komitəsi 17-26 may 2022-ci il tarixli sessiyasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyini məşvərətçi statuslu üzvlüyə qəbul olunmasını BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) tövsiyə etdi. Həmin sessiyada Ermənistan və Gürcüstandan da olan bir neçə QHT-nin müraciəti olsa da həmin QHT-lər üzvlüyə tövsiyə edilmədi.”
Təşkilat sədri qeyd edib ki, artıq BMT-nin ECOSOC-un 33-cü plenar iclasında QHT Komitəsinin tövsiyəsi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi bu quruma xüsusi məşvərətçi statuslu üzv kimi qəbul edilib və bununla bağlı qurumdan rəsmi təbrik də almışıq.
Cəsarət Hüseynzadəonu da bildirib ki, Məşvərətçi statusun imtiyazları və üstünlükləri, eləcə də məsuliyyət və öhdəlikləri var.
“Məşvərətçi statuslu üzv olaraq QHT BMT-nin beynəlxalq konfrans və tədbirlərində iştirak edə bilər, bu tədbirlərdə yazılı və şifahi bəyanatlar verə bilər. Üzv QHT həmin tədbirlər zamanı paralel tədbirlər təşkil edə bilər, BMT-nin binalarına daxil ola bilər, şəbəkə qura bilər və lobbiçilik fəaliyyətini həyata keçirə bilər. Üzv QHT eyni zamanda BMT-nin qurumu yanında dövri hesabatlar və digər öhdəliklər də daşıyır.”
Xatırladaq ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası informasiya təşəbbüslərini dəstəkləməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir.
Onu da qeyd etmək yerinə düşər ki, təşkilatın sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıqla bağlı bir neçə uğurlu layihələrin müəllifidir. Onu ürəkdən təbrik edir, BMT tribunasında, cəmiyyətimizin inkişafı naminə, fəaliyyətində uğurlar arzulayırıq.
Hörmətlə: “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyəti adından Tamxil Ziyəddinoğlu
Facebook'da Paylaş