ÖYÜNMƏYƏ HAQQI OLANLAR...
Tariximizə qızıl hərflərlə yazılan Böyük Zəfərimizin 1 ili tamam olmaq üzrədir. Bu qələbəni borclu olduğumuz şəhidlərimizi unutmamaq, onların xatirəsini əbədi yaşatmaq, gələcək nəsillərə BütövAzərbaycanı əmanət etmək xalq olaraq əsas vəzifəmizdir. Vətən naminə canlarını fəda edən şəhidlərimizi böyük qürur hissi ilə yad edirik. Ötən müddətdə müqəddəs şəhid ruhuna ehsan olaraq tikilən bulaqlar şəhidlik rəmzinə çevrilib. Çünki bu bulaqlar həm də o yollarda ayaq saxlayan hər insana, bölgələrimizə, şəhərlərimizə səfər edəcək xarici turistlərə doğma Vətənimizin azadlıq mübarizəsini, igid oğullarımızın qəhrəmanlıq salnaməsini xatırladacaq, şəhidlərimizin ruhuna dualar oxunacaq, hər daşında, hər cığırında izi qalan, canları ilə düşmənə sipər olan qəhrəmanlarımızı və qazanılan tarixi Qələbəmizi unutdurmağa qoymayacaq.
Belə bulaqlardan biri də Şamaxı rayonunun Nağaraxana kəndində Hüseynov Eldost Asəf oğlunun və Orucov Ceyhun Namaz oğlunun əziz xatirəsinə tikilib. 8 oktyabr 2021-ci ildə Eldost Hüseynovun ildönümü günü açılışı edilən bulaq şəhidin əmisi Sübhan Hüseynov tərəfindən inşa edilib.
Mərasimdə öncə Şamaxı şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edildi, şəhidlərimizin ruhuna dualar oxundu, onların əziz xatirəsi ehtiramla yad edildi.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Polis şöbəsinin rəisi, polkovnik Əliyəddin Səfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov, Şamaxı Cümə məscidinin imamı Mərhəmət Mustafayev, İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayonu üzrə baş məsləhətçi Rəfail Tağızadə, həmçinin şəhid ailələrinin üzvləri, qohumları, kənd camaatı, məktəblilər və media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözüylə açan Rəfail Tağızadə şəhidliyin müqəddəs zirvə, şərəf, ləyaqət nümunəsi olduğunu, 30 il müddətində əsarətdə qalan, cəmi 44 gün ərzində güclü ordumuzun şücaəti, qəhrəmanlığı sayəsində işğaldan azad edilən torpaqlarımıza qəhrəman oğullarımızın canı, qanı hesabına qovuşduğumuzu qeyd etdi. Yaşadığımız qürur hissinə görə Eldostlara, Ceyhunlara borclu olduğumuzu bir daha vurğuladı.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirdi ki, biz bu gün qalib xalq kimi başıuca dayanmışıq və qalib Azərbaycan xalqı, güclü Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun şücaəti, qəhrəmanlığı nəticəsində bu qələbəni əldə etmişik: “Cəmi 44 günə bu ədalət mübarizəsi başa çatdı, haqq öz yerini tapdı. Və təbii ki, bu qələbədə rolu olan hər bir azərbaycanlı qürur duyur. Ən böyük qürur yerimiz, fəxrimiz isə şəhidlərimiz və onları böyüdən valideynlərdir. Bu övladlar, bütün şəhidlər artıq təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladı, duyduğunuz ağrı, qüssə də hər birimizin kədəridir. Qəlbində vətən sevgisi olan hər bir azərbaycanlının mənəvi borcudur ki, Şəhidlərimizin bizə əmanət etdiyi ailələrin, övladların daim yanında olub, onların qayğıları ilə maraqlanıb, dəstəyimizi əsirgəməyək”.
Daha sonra çıxış edən qəhrəman şəhidlərimiz Eldost Hüseynovun əmisi Sübhan Hüseynov və Ceyhun Orucovun atası Namaz Orucov övladları ilə fəxr etdiklərini və şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Şamaxı Cümə məscidinin imamı Hacı Mərhəmət Mustafayev də şəhid ailələrinə səbir, haqq savaşımızdan qazi olaraq dönən oğullara da Allahdan şəfa dilədi. Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin ölməzliyindən, Allah qatında da ən uca məqama yetişdiklərindən söz açdı.
Açılış mərasimi Nağaraxana kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiya ilə yekunlaşdı. Məktəblilər də öz növbəsində onların idealına çevrilən qəhrəmanlarımızla qürur duyduqlarını, fəxr etdiklərini söylədikləri şeirlərlə, çıxışları ilə bildirdilər.
[/center]
Tarixin əbədi yaddaşına dönən Eldostlar, Ceyhunlar - and yerimiz, qürur, fəxarət ünvanımız, öyünməyə haqqı olanlarımız...
Artıq bir ildir xalq olaraq fərqli əhvali-ruhiyyədə - qürurla, fəxrlə vətənimizin hər bir bölgəsində şəhidlərimizin xatirəsi yad edilir, ruhlarına ehsan bulaqlar salınır, adları məktəblərə, küçə və prospektlərə verilərək əbədiləşdirilir. Hər yerdə, hər zaman xatırlayıb, unutmamaq üçün – nə qəhrəmanlarımızı, nə də xain xislətli düşmənləri... Çünki biz elə bir düşmənlə üz-üzəyik ki, nə zaman, harada növbəti xəyanəti etməyəcəklərindən arxayın olmamalıyıq.
Qəhrəmanlarımızın arzusu, istəyi də bu idi – həsrət qaldığımız yurd-yuvamıza bir daha düşmən ayağı dəyməsin. İnanırıq ki, vətən göylərində pərvaz edən igidlərimizin ruhları şaddır, çünki uğrunda can verdikləri torpaqlar azadlığına qovuşub. Ən böyük təsəllimiz də məhz o igidlərin qanı qarışan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması, bütün dünyanın gözünə dik baxa bilən Azərbaycan xalqının bütövlüyü, birliyidir.
Gülnar Süleymanlı“Bütöv Azərbaycan”
Facebook'da Paylaş