Müasir poeziyamızda "Qarabağ ağrıları”

23-04-2022, 07:16

Müasir poeziyamızda "Qarabağ ağrıları”


QAÇQINLIQ, KÖÇKÜNLÜK TƏRK ETSİN BİZİ

(Müasir poeziyamızda "Qarabağ ağrıları” silsiləsindən)

Qənbər Şəmşiroğlunu ilk və son dəfə institutumuzun əməkdaşı fəls.ü.f.d. Rübabə Şirinovanın müdafiəsində görmüşəm. Şair olduğunu sonralar öyrəndim. Vəfat xəbərini də Rübabə xanımdan eşitdim. Mənə onun “Bir də görüşərik” adlı şeirlər kitabını bağışladı və “Mümkün olsa, haqqında yazarsan” dedi. Kitabı oxudum. Nikbin notlar içində ara-sıra Qarabağ ağrıları diqqətimi çəkdi. Yenicə başladığım silsiləyə uyğun bir yazı yazmaq keçdi içimdən. Saytlarda Qənbər müəllim haqqında olan məqalələri də nəzərdən keçirdim, Dədə Şəmşir ocağının yetirməsi olan ziyalımız haqqında yazılan dəyərli fikirləri də qeydə aldım. Gözəl şairimiz Adil Cəmil “Ədəbiyyat qəzeti”nin 2013-cü il 15 noyabr tarixli sayında dərc olun¬muş “Ləyaqətli varis” adlı məqaləsində günorta vaxtı əlində çıraq gəzən Diogenin “Adam¬lar için¬də insan axtarıram” sözünü xatırladaraq yazır: 1993-cü ilin gül nəfəsi yerinə güllə səsi gətirən müdhiş baharda-Kəlbəcərin işğal günlərində hamı Qənbər müəllimi axtarırdı. O yeganə insan idi ki, illərdən bəri yurddaşlarına yaxşı bəlli olan inamı, etibarı, kişilik əzmini saxlamışdı…
Yaxın tariximizin bu amansız dönəmində Dədə Şəmşir ocağının ləyaqətli varisi Qənbər müəllim müdrik ağsaqqal kimi bağrı didik-didik olan didərginləri bir araya gətirib onların Bakıda, Gəncəbasarda, eləcə də məmləkətimizin digər bölgələrində məskunlaşmağına maddi, mənəvi yardımını öyüd-nəsihəti ilə birgə əsirgəmədi. Mən göz açandan Qənbər müəllimi dövlət strukturlarında məsul vəzifələr daşıyan görmüşəm, onu da görmüşəm ki, bu sadə, təvazökar və səmimi insan sxematik məmurlardan olmayıb. Çünki qan yaddaşında mənsub olduğu qüdrətli şairlər, məhz bu irsi-genetik davamiyyətidir ki, Qənbər Şəmşiroğlunun son illərdə ardıcıl olaraq nəşr olunan müxtəlif janrlı, müxtəlif formatlı geniş oxucu auditoriyasının marağına və rəğbətinə səbəb olub”.
Qarabağ şikəstəsi” adlı şeirdə
İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Ötüb keçsə neçə illər,
Ötüb keçsə qərinələr
Təkrarlanmaz Xanın səsi,
Qarabağın şikəstəsi!

…Yadımızdan çıxarmayaq,
Həm də insafsız olmayaq.
Qarabağda “Heyratı”nı usta Yaqub,
Şikəstəni Xan oxuyub.
Şikəstəni Xan oxuyub!

yazan Şəmşiroğlunun Aşıq Sakit Köçərliyə ünvanladığı “Bir “Yurd yeri” çal” adlı şeirinin ilk misraları
Aşıq qardaş, canım yaman haldadır,
Titrəyir əllərim, bir “Yurd yeri” çal!
Nə qohum var, nə qonşu var, nə qardaş,
Dağılıb ellərim, bir “Yurd yeri” çal!

“Çiçəkli bağlarım xarabalıqdır, Susub bülbüllərim…” harayı, “Bəd gəldi illərim” fəryadı içimdə bir yanğı yaratdı. O illərə döndüm. Güllə yağışı altında Füzulinin kəndlərini keçdiyimiz anlar, Ağdamın kəndində qazmada əsgərlərlə görüşümüz bir-bir gözüm önündən gəlib keçdi…
Mənfur düşmənin xarabalığa çevirdiyi yurd yerləri bir ağrı-acı olub ürəklərə köçdü..Sazda çalınan “Yurd yeri” ilə təsəlli tapan insanların Qarabağ ağrıları misralanıb şeirləşdi, bəstələnib mahnılaşdı.
Düşmən tapdağında, düşmən önündə
Gərək ki olasan hazır-yaraq, sən!
Təlaş edib həyəcan da keçirmə,
Səbirli ol, deyilsən ki uşaq, sən!

“Sən" adlı bu şeirdə Qənbər Şəmşiroğlu bu qədər ağrı-açı içində yenə nikbin notlara tutunmuş, insanlara düşmən önündə səbrlə, vüqarla dayanmağı, bəxtdən, taledən küsməməyi, şərin, böhtanın boğazından yapışıb boğmağı, qohuma, dosta arxalanmağı, eldən güc almağı tövsiyə edir.
“Görüşdük” adlı şeirdə də Qənbər Şəmşiroğlunun keçmişə qayıtdığının, Göyçədə dostlarla görüşünü xatırladığının, xoşbəxt günlərdə keçirdikləri məclisləri yada saldıqca alışıb yandığının şahidi oluruq. Həmin dünyadan uzaq olduğunu təəssüflə vurğulayan, yenə də o çağlara qayıtmaq ümidilə yaşayan və Allahdan “Ay Allah, rəhm eylə, bir də qayıdaq, Sevinək ki, pir ocaqda görüşdük” diləyini istəyən müəllif yazır:
Qaçqınlıq, köçkünlük tərk etsin bizi,
Dağlar əks eyləsin gur səsimizi.
Doldur sevinc ilə sən qəlbimizi,
Sevinək ki, o dağlarda görüşdük.
Yada salaq, qardaş, harda görüşdük!

“Aşıq Şəmşir Mədəniyyət Ocağı”İctimai Birliyinin sədr müavini Həbib Misirov “Səs” qə¬ze¬ti¬nin 2016-cı il 16 noyabr tarixli sayında çap olunmuş “Kəlbəcər üçün döyünən ürək - Qən¬bər Şəm¬şiroğlu” adlı məqaləsində Kəlbəcər torpağının yetişdirdiyi, vətənə, torpağa ürəkdən bağlı olan, xalqını, millətini sonsuz məhəbbətlə sevən ziyalılarımızdan Dədə Şəmşir ocağının varisi Qur¬banov Qənbər Şəmşir oğlu haqqında dəyərli fikirlərini oxucularla bölüşür, Qənbər müəllimin həm özünün, həm də iki oğlunun Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak etdiyini, ha¬zır¬da onların müharibə vetranı olduğunu xüsusi olaraq vurğulayır və yazır: “Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri: qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır”.
Kəlbəcərin havasını, suyunu qanına, canına çəkən, “Bizə şair deməsinlər, Kəlbəcər özü şairdir” deyən, sərt qayaları, uca dağları, bulaqları şair sayan, küləklərin səsini, suların şırıltısını, çiçəklərin pıçıltısını, quşların nəğməsini, ən gözəl şeir nümunəsi hesab edən müəllifin ürəyində qövr edən yaralar var. Düşmən tapdağı olan Ağdabanın xarabalığa çevrilməsini, insanların çəkdikləri zülmləri misralamaq belə bu qanayan yaralara məlhəm olmur:
Onlar niyə bilmirlər ki,
On bir yaşlı Ülviyyəni
Diri-diri basdırdılar
Ağdabanda.
Musanı da yandırdılar
Yanar odda.
Bəs hardaydı haqq-ədalət
O zamanda?
Köçəryanın fitvasilə
Qarət olub yandırıldı
Böyük bir kənd Ağdabanda.

Qənbər Şəmşiroğlunun “Sübut eylə hünərinlə Soyqırımı nə deməkdir”, “Düşmən tapdağında qalanlarım var”, “İndi çoxdur erməniyə züy tutanlar”, “Onlar baxsa da görməzlər Xocalı faciəsini”, “Ağdabanda neçə ana Oğul deyib mələyirdi, Dağlar-daşlar Bu dəhşətli faciədən inləyirdi” kimi ağrı-acılı, ürək yandıran misraları çoxdur. Onun Qarabağ ağrıları ilə parçalanan, Kəlbəcər dərdilə yanan qəlbi misralara köçsə də yaraları köz tutmadı.
Qənbər Şəmşiroğlunun “Nə haldayıq” adlı şeirində Qarabağın düşmən tapdağında olan yurd yerlərinin halı təsvir olunur. Müəllif itirdiklərimizdən, gözü yolda qalanlardan bəhs edərək yazır:
Nə dərə var, nə alaçıq,
Qıraqda toz, yağsa palçıq.
Qovruluruq açıq-saçıq,
Od içində ocaqdayıq,
Sizlərdıən çox uzaqdayıq.

“Soruş” adlı şeirində “Yol gözləyir Göyçə yalı, gedib ondan olun halı”, “Dumanlıdırmı Keyti dağ, Bax dumana, çəndən soruş”, “Orda cövlan edir yağı, Nələr çəkir-eldən soruş” deyən Qənbər Şəmşiroğlunun yurd həsrəti, el dərdi obrazlı ifadələrlə oxucuya çatdırılmışdır. Kəlbəcərin qaçqınlığını ürək ağrısı ilə misralayan müəllif şeiri belə yekunlaşdırır:
Sözlərimi sayma əbəs,
Ürəyimdə arzu, həvəs.
Qulağına gələcək səs:
Olubmu Qənbər adlı kəs?
Hər igiddən, ərdən soruş.
Üz tut bütün elən soruş,
Qaçqın Kəlbəcərdən soruş.

Qaçqınlığın, köçkünlüyün fəsadlarını daim təəssüflə xatırlayan şair “Kəpəz” adlı şeirində də bu ağrı-acını misralamışdır. O, dostları ilə Kəpəzə qalxıb Kəpəzi elə əvvəlki kimi vüqarlı, əzəmətli, şax görür. Ona elə gəlir ki, Kəpəz onlara tərəf boylanıb, əl edib nəyisə soruşmaq istəyir. “Düşmənin boynuna endiriləcək Misri qılınc kimi sovlanır Kəpəz” deyən müəllif keçmişləri, həyatdan köçənləri xatırlayır, “hardadırlar” deyə sual edir və şeiri Kəpəzə müraciətlə belə yekunlaşdırır:
Bilsən başımıza gəlibdir nələr,
Əgər eşitdiyin deyərdi Qənbər.
Köçkün oldu, qaçqın oldu Kəlbəcər,
Soyadımız “Qaçqın!” söylənir, Kəpəz!

Dərdini dağlara söyləyir şair. Bu dərd çəkiləsi mümkün olmayan dərddir. Lakin Qənbər Şəmşiroğlunun Qarabağ ağrı-acılarını əks etdirən şeirlərində nə qədər dərd, ələm, həsrət, möhnət olsa da, hardasa bir ümid də, təsəlli də var. Bərdəli Hüseyn Aslanova ünvanlanmış şeirlərdə “Gözləyir, ümidlə gözləyir Qənbər, Bir gün olsun belə desin bu ellər: O dağlara yollar təzə açıqdır”, “Darıxma, ay lələ, səbrli ol sən, Gələr, Ağdabana yenə yaz gələr”, “Bizi məst eyləyər kəkliyin səsi, Çoban tütəyindən xoş avaz gələr” deyən müəllifin şeirlərində bir gün o yerlərə qayıdağımıza böyük inam, düşmənin məhv olacağına, torpaqlarımızın geri alınacağına, Qarabağın yenidən abad olacağına böyük ümid görürük. Müəllif şeiri belə bitirir:
Yəqin abadlaşar o yerlər yenə,
Yayılar dağlara şirin təranə.
Qohum görüşünə, dost görüşünə
Şəmşir övladları əldə saz gələr.

Bu ümid bir gün doğruldu. Lakin Zəfər gününü görsə də, Kəlbəcərin abad günlərini görmədi Qənbər Şəmşiroğlu...
Allah rəhmət eləsin. Ruhu şad olsun.

Sona Xəyal




Facebook'da Paylaş