ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib

2-02-2022, 19:00

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina və partlayıcı qurğuların təhlükəsi ilə bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib.

Agentlikdən Ordum.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırır. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur".

Qeyd edək ki, fevralın 1-də Yevlax rayonunun Şurabad kəndi yaxınlığında hərbi sursat partlayışı baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.




Facebook'da Paylaş