Regional təhlükəsizlik sahəsində Azərbaycan – Rusiya əməkdaşlığına dair tədbir keçirilib

20-12-2021, 18:18

Regional təhlükəsizlik sahəsində Azərbaycan – Rusiya əməkdaşlığına dair tədbir keçirilib

Bakıda “Rusiya – Azərbaycan yeni regional təhlükəsizlik və əməkdaşlıq sistemində: ilin yekunları və perspektivlər” adlı dəyirmi masa keçirilib.

Ordum.az xəbər verir ki, Rusiyanın “Şimal – Cənub Politologiya Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin millət vəkilləri və ekspertləri iştirak edib.

Mərkəzin icraçı direktoru Anjelika Trapeznikova deyib ki, son illərdə Rusiya Azərbaycana 4,5 milyard dollar həcmində sərmayə yatırıb. Azərbaycanın iqtisadi potensialını yüksək dəyərləndirən rusiyalı ekspert ölkəmizə Avrasiya İqtisadi Birliyində müşahidəçi status verilməsinə dair Nursultan Nazarbayevin təşəbbüsünə də tərəfdar çıxıb.

İki ölkə arasında mədəni və humanitar əlaqələrdən bəhs edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasından bəhs edərək ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında sərhədlərin delimitasiya və demarkasiyasının tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Ermənistan təcrid olunmuş vəziyyətdədir. Zəngəzur dəhlizinin açılması regionda bütün bağlantılarını bərpa etmək imkanı yaradır” – deyə XİN rəsmisi qeyd edib.

Rusiya parlamentinin MDB, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqə komitəsinin sədr müavini Artem Turov tədbir iştirakçılarına videomüraciətində deyib: “Azərbaycan və Rusiya liderlərinin tez-tez görüşdüklərini, ikitərəfli parlamentlərarası qrupun necə fəaliyyət göstərdiyini görürük. Bütün bunlar yaxın əməkdaşlıqdan xəbər verir”.

O, iki ölkə arasında iqtisadi əməkdaşlığın da sürətlə inkişaf etdiyini dilə gətirib




Facebook'da Paylaş