Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində
hərbi dənizçilik aspektləri
(IV məqalə)
1920-ci ilin əvvəlləri Cənub və Türküstan cəbhələrində Qızıl Ordunun bir sıra böyük qələbələri ilə əlamətdar oldu. Fevralın 6-da M.Frunzenin qoşunları Xəzər dənizinin ən böyük limanlarından olan Krasnovodsku tutmuşdu. 1920-ci il martın 18-də dəniz yolunun açılması ilə 8 yardımçı kreyserin, 18 esminesin, 19 kanonerin, 4 sualtı qayığın və s. daxil olduğu Volqa-Xəzər hərbi donanması Xəzərdə fəal döyüş əməliyyatlarına başladı. Volqa-Xəzər hərbi donanmasına tapşırıq verilmişdi ki, "sahil məntəqələrindən geniş istifadə etmək şərtilə Xəzər dənizini ələ keçirsin".
Aprelin 2-də donanmanın gəmiləri artıq XI ordu tərəfindən tutulmuş Port-Petrovska yaxınlaşdı. Donanma buradan Aleksandrovsk fortuna doğru hərəkət etdi və tezliklə fort təslim oldu. Nəticədə 2 ağqvardiyaçı general, 70 zabit, 1000-dən çox kazak əsir götürüldü. Bütün bu uğursuzluqlar ağqvardiyaçıları məcbur etdi ki, donanmanı İranın Ənzəli limanına ingilislərin himayəsinə aparsın. Bu donanmanın gəmiləri həm də Azərbaycan hakimiyyətinin icazəsi ilə 1920-ci il aprelin əvvəllərində Bakı limanına daxil olmuşdu.
Eyni zamanda, Qafqaz cəbhəsinin komandanlığı artıq 1920-ci ilin yazında Azərbaycana soxulmaq üçün hazırlığa başladı. Qafqaz cəbhəsi komandanlığının 1920-ci il 21 aprel tarixli direktivinə uyğun olaraq Volqa-Xəzər hərbi donanmasının komandanı F.Raskolnikova göstəriş verilmişdi ki, XI ordu Bakıya yaxınlaşarkən Ələt stansiyası rayonuna hərbi dənizçilərdən ibarət desant çıxarsın və Bakıda neftdoldurma donanmasını ələ keçirsin və neft mədənlərinin məhv edilməsinə yol verməsin. Sovet komandanlığı ehtiyat edirdi ki, onların zirehli qatarı Bakıya hərəkət edən zaman Azərbaycan hərbi donanmasının gəmiləri böyük çaplı topların atəşi ilə zirehli qatarı məhv edər, körpüləri və yol tikintilərini dağıdar. Bunun üçün minadaşıyan diviziona tapşırıq verilmişdi ki, Abşeron yarımadasının digər tərəfinə çıxsın, Azərbaycanın "ordunun cinahlarından asılmış" kanoner gəmilərini Sumqayıta qədər nəzarətdə saxlasın. Sonra isə onlar şəraitdən asılı olaraq hərəkət etməli idilər. Azərbaycan donanması qeyri-fəal hərəkət edərdisə, onda sovet minadaşıyıcıları Bulla adasına tərəf manevr etməli və Bakı-Ənzəli əlaqəsini kəsməli idi ki, Bakıdan təxliyənin və əksinə, Ənzəlidən Bakıya kömək göndərilməsinin qarşısı alınsın.
Lakin 1920-ci il aprelin 27-də XI ordu Azərbaycan ərazisinə daxil olduqdan sonra Azərbaycanın Xəzər hərbi donanması özünü tamamilə başqa cür apardı. Lakin bolşeviklərin zirehli qatarının Bakıya daxil olmasına kanoner gəmilərindəki topların atəşi ilə maneə yaratmalı olan donanma nəinki öz döyüş tapşırığını yerinə yetirə bilmədi, hətta aprel çevrilişində fəal iştirak etdi. Bu, onunla bağlı oldu ki, yerli kommunistlər "Kars" və "Ərdəhan" kanoner gəmilərinə öz adamlarını sala və hətta burada özlərinin ilkin özəklərini yarada bilmişdilər. Bakının dənizdən müdafiəsinin yarılmasında Bakı hərbi limanında rəis müavini işləyən kommunist Çingiz İldırım sahil batareyaları toplarının sürgülərini sökməklə fəal rol oynamışdı.
Bu vaxt Ələt stansiyası rayonuna yaxınlaşan Volqa-Xəzər hərbi donanmasının 650 əsgər, pulemyot və 4 düymlük toplarla silahlanmış hərbi dənizçilərdən ibarət desantçılar dəstəsi cənub istiqamətində irəlilədi. Volqa-Xəzər hərbi donanması gəmiləri - "Karl Libknext", "Deyatelnı" və "Rastoropnı" esminesləri mayın 1-də Bakı buxtasına daxil oldular. Mayın 3-də və 4-də Lənkərana və Astaraya hərbi-dəniz desantçıları çıxarılmış və beləliklə də Azərbaycanın bütün Xəzəryanı ərazisi Volqa-Xəzər hərbi donanmasının nəzarətinə keçmişdi.
Beləliklə də Azərbaycan Respublikasının döyüş qabiliyyətli, güclü hərbi dəniz qüvvələri yaratmaq cəhdləri ilk mərhələdə uğursuzluğa uğradı. Bu, bir tərəfdən respublika hərbi dəniz donanması gəmilərində maddi-texniki bazanın zəif olması, digər tərəfdən isə donanma zabit kadrlarının və mütəxəssislərinin olmaması ilə bağlı idi. Bundan başqa, respublikada hərbi dəniz qüvvələrinə yüksək səviyyəli komanda-mühəndis kadrlarının hazırlanması üçün xüsusi tədris məktəbi yox idi. Burada Rusiya imperiyasının Şimali Azərbaycana olan müstəmləkəçilik siyasəti, xüsusilə hərbi sahədə, azərbaycanlıların hərbdən, hərbi dəniz təhsilindən uzaqlaşdırılması, həmçinin onların Rusiyanın hərbi dəniz qüvvələrində xidmət etmək imkanından məhrum edilməsi də acı nəticəsini göstərdi.
Bu dövrdə Azərbaycan hökumətinin Xəzər dənizində hərbi dəniz qüvvələrini yaratmaq cəhdləri xaricdən, xüsusilə denikinçilər tərəfindən əks təsirlə qarşılanırdı. Odur ki, Azərbaycan yalnız Bakının dənizdən müdafiəsini təşkil etməklə kifayətlənməli oldu. 1918-1920-ci illərdə kifayət qədər döyüş qabiliyyətli milli hərbi dəniz qüvvələrinin yaradılmamasının əsas səbəbi isə Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısamüddətli olması idi.
Nurulla ƏLİYEV, tarix elmləri doktoru,
ehtiyatda olan I dərəcəli kapitan