Azərbaycan sülh prosesinə sadiqdir  

13-03-2024, 17:06

Azərbaycan sülh prosesinə sadiqdir  

 Azərbaycanın Avropada siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərərək etibarlı tərəfdaş kimi münasibətlərin ildən-ilə inkişaf etdirilməsinə diqqət ayırır. Müstəqilliyini bərpa edən Azərbaycanla ötən illər ərizində Almaniya arasında əlaqələr mütəmadi olaraq davamlı inkişaf edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlər, qarşılıqlı siyasi əlaqələr, regional və beynəlxalq məsələlər iki dövlət arasında olan əlaqələrin möhkəmlənməsinə təsirini göstərib. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib.      
          Bu yaxınlarda, cari ilin fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin davamlığının təzahürüdür. Xatırladaq ki, Azərbaycan Prezidenti alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə görüşlər keçirmiş, iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır. Dövlət başçımızın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın iradəsini bir daha ortaya qoymuş oldu. Bu günlərdə isə qeyd etdiyimiz kimi, böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsi önəm daşıyır. Belə ki, iqtisadi sahənin inkişafı ikitərəfli münasibətlərdə mühüm rol oynayır. Prezident İlham Əliyevin ötən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşü zamanı dövlətlərarası əlaqələrin, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
          Dövlət başçımız nümayəndə heyətini qəbulu zamanı, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edərək Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. "Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir", – deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Müasir dünyamızda ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. İkili standartlara ən bariz nümunə Qərbin dəstəyi ilə davam edən Ermənistan-Azərbaycan münaqişəsi idi. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana heç bir təzyiq göstərilmədi, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərildi. 30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı. Özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışdı. Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra bəzi dövlətərin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır.     
          Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi alımlar atır.  
          İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu ötən il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
          Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. İki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib.
 Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı onu da vurğulayıb ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik. 
          Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Müasir dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasət həyata keçirərək, dəyişməz mövqeyini sərgiləyir.







Nizami Novruzov, Texnika elmlər üzrə fəlsəfə doktoru




Facebook'da Paylaş