20 Yanvar faciəsinin ildönümü Peru mətbuatında

22-01-2022, 09:00

20 Yanvar faciəsinin ildönümü Peru mətbuatında

Perunun ən qədim və nüfuzlu mətbu orqanı, rəsmi dövlət qəzeti “El Peruano”da 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Azadlığın təntənəsi” adlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə müasir Azərbaycan tarixinə ən faciəvi günlərdən biri, eyni zamanda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycan xalqının iradəsini sındırmaq və sovet rəhbərliyinin xalqımıza qarşı qərəzli siyasətindən irəli gələrək ölkədə alovlanmış azadlıq hərəkatına son qoymaq üçün beynəlxalq hüququ, habelə SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobud şəkildə pozmaqla paytaxt Bakı və ölkəmizin digər şəhərlərinə daxil olaraq dinc əhaliyə qarşı amansız qətliam törətdiyi bildirilir.

Yazıda sovet rejimini xilas etmək üçün edilmiş ən sonuncu uğursuz cəhd olan və yaşlılar, qadınlar və uşaqlar da olmaqla 147 mülki azərbaycanlının həlak olması, 744 nəfərinsə ağır yaralanması ilə nəticələnən bu hərbi müdaxilə zamanı xalqımıza qarşı törədilmiş zorakılığın beynəlxalq insan haqları təşkilatları tərəfindən kollektiv cəzalandırma kimi qiymətləndirildiyi söylənilir.

Müəllif sovet hərbi müdaxiləsinin Azərbaycan xalqını azadlıq uğrunda əzmli mübarizəsindən daşındıra bilmədiyini, əksinə ölkədə sovet rejiminin dayaqlarını ciddi şəkildə laxlatdığını və yekunda, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini qeyd edir.

Sonda Azərbaycan ordusunun 2020-ci ilin sonlarına yaxın Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad etdiyi və bu gün dünya ictimaiyyətinin layiqli və etibarlı üzvü kimi möhkəmlənmiş Azərbaycanın müstəqilliyi, eləcə də ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını fəda etmiş öz şəhid övladlarını dərin ehtiramla yad etdiyi deyilir.




Facebook'da Paylaş