Qarabağ üçün dönüş nöqtəsi

22-04-2018, 19:00




 
 Aprelin 13-dən Ermənistanda başlayan anti-hakimiyyət mitinqləri artıq bütün ölkəni öz cənginə alıb. Paytaxt İrəvandan başlayan mitinqlərin miqyası genişlənir və parlamentdə keçirilmiş seçkilərdə baş nazir seçilən keçmiş prezident Serj Sarkisyanın istefasını tələb edənlərin sayı hər keçən gün bir qədər də çoxalır. Könüllü şəkildə istefa verməyəcəyi halda Sarkisyanı devirməklə hədələyən deputat Nikol Paşinyanın liderlik etdiyi hərəkat, digər yandan, Rusiyanın hərbi bazasının yerləşdiyi Gümrü şəhərində mitinqlərə başlamaqla, hakimiyyətdən ölkəni qısa zamanda təcrid vəziyyətindən və Moskvanın təsir dairəsindən çıxarmağı tələb edir.

Başqa sözlə, 10 ildən çoxdur Ermənistanda hakimiyyətə rəhbərlik edən Serj Sarkisyanın iqtidarı ciddi təhlükə qarşısındadır. Silahlı Qüvvələrin bir sıra bölmələrinin və polisin etirazçıların tərəfinə keçməsi isə onu sona doğru aparmağa başlayan prosesin sürətini bir qədər də artırır. Hələlik mitinqlər baş çatıb qarşıya qoyulan məqsədə nail olunmasa da, artıq Ermənistanda post-Sarkisyan dönəmin başladığına inananların sayı çoxdur.

Qarabağ münaqişəsinin həll prosesində dönüş nöqtəsi

Anti-hakimiyyət mitinqlərinin mərkəzində dayanan və Nikol Paşinyanın liderlik siyasi qüvvələrin kimliyinə gəlincə, bunlar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın başında dayandığı Qərböyünmlü siyasi xəttin əsas dəstəkçiləridir. Aksiyalarda Rusiya əleyhinə səsləndirilən fikirlərdən də məlum olur ki, prosesdə Qərbin siyasi dairələrinin də müəyyən rolu var. Üstəgəl, uzun illərdir həlsiz saxlanılan Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın inkişafına mane olduğunu və buna görə ölkənin Rusiyanın təsir dairəsinə düşməsinin kəskin formada tənqid edilməsi də, Sarkisyan ətrafında yaranmış qarışıq vəziyyəti bir qədər də qarışdırır.

Qeyd etdiyimiz kimi, anti-hakimiyyət mitinqlərinə Nikol Paşinyan liderlik edir. O, son illərdə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını müdafiə edən keçmiş prezident Levon Ter-Petrosyanın müşaviri olub və parlamentdəki müxalif “Yelk” blokunun deputatıdır. Həmçinin, Qərb tərəfindən maliyyələşdirildiyi iddia edilən və ölkənin ən nüfuzlu qəzeti sayılan “Haykakan Jamanak”ın sahibi olan Nikol Paşinyan həmçinin, Ermənistanın Avrasiya İttifaqı və Gömrük Birliyindən çıxmasını tələb edən qanun layihəsinin müəllifidir. Düzdür, keçən il parlamentə təqdim edilən qanun layihəsi qəbul edilməsə də, həmin vaxt layihəni irəli sürən “Yelk” bloku qısa vaxt ərzində hakimiyyətin bu barədə tədbir görməyəcəyi halda, bunun ciddi siyasi kataklizmlərə səbəb olacağını açıqlamışdı. Hazırda Ermənistanda baş verən proseslərin ana xəttində də bu ölkənin təcrid vəziyyətindən çıxarılmasının vacibiyi önə çəkilir. Bu isə o ehtimalı yaradır ki, Serj Sarkisyanı devirməkdə olan siyasi qüvvələrin hakimiyyətə gəlməsi, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində dönüş nöqtəsi olacaq.

“Yeni siyasi qüvvələrlə ortaq dil tapmaq mümkündür”

Politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsində mövqeyi onun özündən çox, İrəvana təsir edən kənar qüvvələrdən asılıdır. Lakin politoloq Sarkisyanın yerinə iddia edən siyasi qüvvələrlə ortaq dil tapmağın mümkünlüyünü də istisna etmir:

“Nəzərə alsaq ki, Serj Sarkisyan hökuməti öz hakimiyyətini qorumaq üçün işğal faktorunun qorunub saxlanılmasını istəyir, bu zaman, işğal hakimiyyətinin yerinə gəlmək istəyən qüvvələrlə müzakirələr aparmaq daha əlverişli olmalıdır. Əgər söhbət Nikol Paşinyan və “Yelk” blokundan gedirsə, nəzərə almaq lazımdır ki, onlar Levon Ter-Petrosyanın olduğu vahid düşərgədən çıxmış insanlardır. Petrosyan Azərbaycan ərazilərinin işğal edilməsi prosesində iştirak etsə də, son illərdə səsləndirdiyi fikirlərdə Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyinə diqqət çəkir. Qeyd edir ki, işğal edilmiş ərazilər geri qaytarılmasa, Ermənistan xilas ola bilməyəcək. Bu baxımdan, hesab edirəm ki, yeni siyasi qüvvələrlə aparılacaq danışıqlar daha real nəticələrə gətirib çıxara bilər. Amma bu məsələ ətrafında konkret fikir səsləndirmək həddən artıq çətindir. Əslində Ermənistanda gedən prosesin alt qatında, Qarabağdan olan ermənilərlə yerli ermənilər arasında gedən mübarizə var. Ermənistanda yaşayan ermənilər Qarabağdan gələn ermənilərin onların ölkələrini işğal etdiklərinə inanırlar”.

Elçin Mirzəbəyli hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Sarkisyanı devirmək istəyən siyasi qüvvələr üçün o qədər də prioritet məsələ deyil:

“Həmin siyasi qüvvələr üçün prioritet məsələ, Ermənistanın təcrid vəziyyətindən çıxarılması və fundamental siyasi-iqtisadi problemlərin həll edilməsidir. Hakimiyyət dəyişikliyi Ermənistandakı ictimai-siyasi proseslərə ciddi təsir edə bilər. Eyni zamanda, cinayətkar hərbi xuntanın hakimiyyətdən getməsi, terrorizmi dəstəkləyən Ermənistan haqqında müsbət imicin formalaşmasına da şərait yaradacaq. Bu da Ermənistanın normal danışıqlar prosesində iştirakına zəmin yarada bilər. Bütün hallarda isə Ermənistanda baş verən proseslər Azərbaycanın manevr imkanlarını artırır”.

Mənsur Rəğbətoğlu
Cebhe.info




Facebook'da Paylaş