Mehdi Hüseynzadə
Dövlət Təhlükəsizlik Komitəsi olduqca təhlükəli saydığı bir "casus" haqda material toplayanda müharibə təzə qurtarmışdı. "Casusun" şəxsiyyətini müəyyənləşdirmək üçün tam məxfi aparılan axtarış işinə yazılan ilk ifadələrdən: "Bu şəxs 1943-44-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat-təşviqat şöbəsində işləyib. Legionları Hitler Almaniyasına vicdanla xidmətə çağırıb. Axtarılan şəxsin sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Əgər bu şəxs sağdırsa, deməli, SS-lərdə xüsusi vəzifə sahibidir. Almaniya istənilən vaxt ondan SSRİ-yə qarşı güclü silah kimi istifadə edə bilər". Bu sənəd 1946-cı ilə aiddir. "Casus" kimi axtarışda olan şəxsin adı Mehdi, soyadı Hüseynzadə idi. Təəccüblü olsa da, yuxarıda dediklərimiz həqiqətdir. Elə isə gəlin bir daha Mehdi Hüseynzadə haqda danışaq...
"Bu günün heçi, gələcəyin klassiki"Atası öldürüləndə Mehdinin 5 yaşı vardı. Çərkəz oğlu Hənifə adıyla Bakı kəndlərində məşhur olan bu adamı Sovet hakimiyyətinin ilk illərində qaçaqlar güllələmişdi. Sonra da anasını itirdi. İki bacısı- Bikə və Hürriyyətlə birgə bibisi Mahsənəmin himayəsinə sığındı. Böyüdü... məktəbə də getdi. Süleyman Sani Axundovun rəhbərlik etdiyi məktəbdə Səid Rüstəmov kimi sənətkardan görüb-götürdü. Tarın, royalın sirlərinə burda agah oldu. Şer də yazdı, muğam da oxudu, üstəlik dram dərnəyində bir- birindən maraqlı obrazlar da yaratdı. Sonra da meyli rənglər dünyasına düşdü. Bakı rəssamlıq məktəbini bitirən kimi Leninqrada üz tutdu. Ağır güzəran, ehtiyac... Amma bu çətinliklərə baxmayaraq, böyük arzularla yaşadı. Devizi "Bu günün heçi, gələcəyin klassiki olmaq" idi. Leninqradda rəssamlıq məktəbinə sənəd versə də, girə bilmədi. Özünü dil sarıdan sınağa çəkdi. Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə girdi. Burda alman, italyan, ispan dillərini öyrənəndə ağlına da gətirmirdi ki, az sonra arzuların səmti dəyişəcək. Amma o günlərə hələ var... Mehdi hələ tələbədi. Yaşadığı mühitə sığmayan bir tələbə... Buna sübut onun Leninqrad məktublarıdır:
"...Yaşayışıma gəldikdə köləlik durumunda satılmış bir qul vəziyyətindəyəm... Çalışdığım bir neçə dil öyrənib Moskva Sovet Yazıçılar İnstitutuna qayibanə girməkdi, amma... tərcümə kursu açılıb. Bu kursa mükəmməl frəng dilini bilənləri qəbul edirlər ki, 2 il onlara dərs keçəndən sonra komunterndə və ya xaricdə bir işə yollasınlar... Etiraz etdim. İşi əvvəlcədən bildiyim üçün 3 kontrol işində 16-18 qramatik səhə (səhvə) yol verdim... Bir yandan etirazım, bir yandan da 3 kontrol işim onları, yəni Moskvadan gələnləri şübhəyə salıb..."
Birinci dəfə canını Sovetin caynağından belə qurtarmışdı. Amma az sonra anlamışdı ki, o, Leninqradda qala bilməyəcək. Getməlidir. Əks tədqirdə bilə-bilə ölümə gedəcək. Odur ki, Leninqrad təhsilini yarımçıq qoyub Bakıya dönür. Bakı Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə qəbul olunur. Fəqət elmi dərəcəyə can atan gəncin təhsili yenə də yarımçıq qalır...
"Keçilən dərslərdən mənə sağ qalmayacağım aydındır"Onu Tbilisiyə Piyadaların Hərbi Məktəbinə göndərdilər. Bu məktubu isə Mehdi 1941-ci ildə yazıb: "... Ölümümü satın almağıma baxmayaraq, nədənsə bura bənd olub qaldım... Burda hörmətim çoxdu. Onlara gözəl şəkillər çəkirəm. Odur ki, daima şəhərə gəzməyə gedirəm. Hər istirahət günü sirkə, kinoya, teatroya gedirəm...
... Keçilən dərslərdən mənə sağ qalmamağım aydındır. Odur ki, həyatımın səhifələrini bu əyləncələrlə doldururam ki, özüm-özümü aldada bilim".
Sevdiyi qızdan da gileylidir: "Xəndandan kağız almıram. Ehtimal ki, o da məndən üz döndərib... Bəlkə də yazdığım məktublar ona çatmır. Buna ki, mən təqsirkar deyiləm. Buna təqsirkar yalnız VƏTƏNDİR"
Haşiyə: Amma Mehdinin Xəndan deyə xitab etdiyi sevgilisi Qüdrət etibarsız deyildi. Sadəcə tez-tez ünvanı dəyişən həsrətlisinə məktubu çatmırdı. Heç Mehdinin ölüm xəbərini də eşitməyib. Çünki Qüdrət bu dünyadan köçəndə müharibə hələ qurtarmamışdı.
"İnsan insana canavardır"Mehdinin son məktubu Stalinqraddan gəlib. Latınca qeyd etdiyi bu kəlmələr 1942-ci ilin Stalinqrad mənzərələrini əks etdirir: "İnsan insana canavardır".
Canavarların hərb meydanında əsir düşdü. Mehdi Əzizbəyov (Mehdi Hüseynzadənin bacısı oğlu): - Əslində dayım əsir düşməyib. Kəşfiyyatçı kimi almanlar tərəfə atılıb. KQB bir neçə xarici dil, o cümlədən alman dilini bilənlərin siyahısını bilirdi. Ancaq onun dostları danışırdılar ki, Mehdi almanlar tərəfə keçəndən sonra SSRİ ilə əlaqə saxlamayıb.
Əsirlik, aclıq, səfalət... Mehdinin dəhşətli günləri başladı. Amma az sonra ətrafında müstəqil Azərbaycan arzusuyla yaşayan azərbaycanlıları gördü.
Almanlarda 150 min azərbaycanlı əsir vardı. Əsirlərdən ibarət legionlar yaradılanda Adolf Roznberqin rəhbərlik etdiyi Şərqi Torpaq Nazirliyi tərkibində olan xüsusi Qafqaz şöbəsi Azərbaycan mühacirlərindən istifadə etdi. Hitler Almaniyasıyla danışıqlar zamanı əsirlikdə olan azərbaycanlıların əsasən mülki işlərə göndərilməsi, Milli Azərbaycan Ordusunun yaradılması, azərbaycanlıların yalnız Şərq cəbhəsində vuruşması haqda razılıq alındı. Bundan sonra mühacirlər əsirlikdə olan azərbaycanlılar arasında təbliğat aparır, onları legiona yazırdılar. 7 mindən çox döyüşçüsü olan "Aslan", "Boz qurd", "Qorxmaz", "Dönməz", "Cavad xan", "Vətən" və başqa legionlar yaradılmışdı. Azərbaycan legionuna - Məmməd Əmin Rəsulzadə, Abbas bəy Ataməlibəyov, Fətəlibəyli Düdənginski, Fuad Əmircan başçılıq edirdilər.
Mehdi Hüseynzadə də həmin vaxt mühacirlərin təşəbbüsüylə 162-ci "Türküstan" diviziyasına yazıldı. Onun bacarığını görən almanlar Mehdini Potsdama 3 aylıq hərbi məktəbə göndərdilər. Bu kursdan sonra yenidən "Türküstan" diviziyasına göndərildi. Amma təbliğat-təşviqat işinə.
MilliQahramanlar.az
Facebook'da Paylaş