Politoloq Paşinyanı Flügerlə müqayisə etdi:
Politoloq Paşinyanı Flügerlə müqayisə etdi: "Gah sağa, gah da sola dönür”. "Nikol Paşinyan nə zaman “vətənpərvər” çıxışlar etməyə başlayırsa, bir müddət sonra müharibə baş verir və itkilərlə üzləşirik".
Ermənistan mətbuatına istinadən bunu erməni siyasətçi Eduard Şarmazanov Ermənistan baş nazirinin son çıxışına münasibət bildirərkən deyib.
O, Paşinyanın 2020-ci ilin sentyabrındakı çıxışlarını xatırladıb : ”Həmin çıxışlardan sonra müharibə başladı və noyabrın 10 – da biabırçı sənəd imzalandı”.
Şarmazanov iddia edib ki, Nikol Paşinyanın belə çıxışlar etməsi, onun əcnəbi ssenarist dostlarının təklifləri ilə əlaqədardır: “Görünür, əcnəbi ssenarist dostları ona “milli azadlıq” çıxışları etməyi, yeni təşkil olunmuş münaqişə yaratmağı və nəhayət Türkiyə - Azərbaycan gündəminin həyata keçirilməsinə nail olmağı tapşırıblar”.
Erməni siyasətçi onu da bildirib ki, hadisənin hazırki gedişatı Nikol Paşinyanın “Kapitulyasiya - 2” sənədini imzalaması ilə yekunlaşacaq.
Məsələ ilə bağlı Politoloq Sultan Zahidovun fikirlərini öyrəndik:
Şarmazanov Paşinyanın 2020-ci ilin sentyabrında olan nitqini xatırladaraq Paşinyanın “vətənpərvər” çıxışlarının sonradan müharibə və itkilərə yol açmasını vurğulamaqla nəyi çatdırmaq istəyir? -Ümumiyyətlə, bəhs etdiyiniz şəxs Ermənistandakı müxalifətçi Respublika Partiyasının mətbuat katibidir. Müxalif kəsimdən olan birinin belə açıqlama verməsi təəccüb doğurmur. Çünki Respublika Partiyası Ermənistanın eks prezidenti Serj Sarkisyana məxsus olan partiyadır. Bu partiya daim Paşinyanın siyasətini tənqid etməklə yadda qalıb. O ki qaldı həmin bəyanata, burada diqqətləri Paşinyanın uğursuz siyasətinə yönəltmək istəyir. 2020-ci ilin sentyabrındakı və ümumiyyətlə ondan əvvəlki çıxışlarında Paşinyan Ermənistanın işıqlı gələcəyindən, erməni millətinin tarixindən danışmış və digər patriotik ifadələrə yer vermişdi. Bu hadisələrdən sonra bilirik ki, ikinci Qarabağ müharibəsi başlandı və Ermənistanın ağ bayraq qaldırması ilə nəticələndi. Bu yaxınlarda Ermənistan parlamentində Paşinyanın bir çıxışı oldu. O, -" Elə bir sənədə imza atacam ki, məni sonradan xainlikdə itdiham edəcəklər" - dedi. Respublika partiyası bunu "Ermənistanın növbəti məğlubiyyəti" adlandırdı. Amma biz məsələyə obyektiv baxsaq, sözsüz ki, müxalif partiyanın belə fikirlər səsləndirməsi gözləniləndir. Digər tərəfdən, Paşinyandan fərqli olaraq istər Serj Sarkisyan, istərsə də Robert Koçaryan Ermənistanda daha çox revanşist ritorikaya malikdirlər və sözsüz ki, bu ritorika ilə Ermənistanı daha da acınacaqlı ssenarilər gözləyir. İndiki halda Paşinyan sülh təklifinə və regionda kommunikasiya xətlərinin açılmasına razılıq verərsə, bu eyni zamanda Ermənistan üçün də müsbət addım olar. Beləliklə, Ermənistan artıq iqtisadi blokadadan çıxıb qonşularla normal ticari - iqtisadi əlaqərə daxil olmuş olar. Sarkisyan və Koçaryan hakimiyyətdə olmuş olsa, belə bir ssenarinin baş vermə ehtimalı qat - qat aşağı olardı. Paşinyan özü də tam olaraq güvəniləcək biri deyil. Fürer kimi gah sağa, gah sola dönür. Amma mən düşünürəm ki, onlardan fərqli olaraq Paşinyan Azərbaycanın sülh təkliflərinə müsbət cavab verməyə daha çox maraqlıdır. Özü də parlamentdə dəfələrlə səsləndirib ki, rəsmi İrəvan Azərbaycanın sülh təklifi və 5 prinsiplə bir növ razıyıq.
Paşinyanın “Kapitulyasiya- 2” sənədini imzalaması nə dərcədə gözləniləndir? -Əgər siz Paşinyanın Azərbaycanla imzalayacağı sülh sazişini nəzərdə tutursuzsa, biz ona kapitulyasiya sənədi kimi baxmırıq. Biz İkinci Qarabağ savaşından sonrakı üçtərəfli bəyanata kapitulyasiya kimi baxırıq. Biz bu sənədin imzalanmasında maraqlıyıq ki, regiona sülh və əmin-amanlıq gəlsin. Bundan Ermənistan özü də müəyyən dividend əldə edəcək. O ki qaldı kapitulyasiyaya, Ermənistan artıq bir dəfə kapitulyasiya uğrayıb və nəticədə torpaqlar işğaldan azad olunub. Bu özü Ermənistanın diz çökdürülməsi deməkdir. Sülh sazişinin imzalanması ilə bağlı perspektivlərə gəldikdə bu kifayət qədər gərgin və vaxt tələb edən prosesdir. Qısa zamanda bunun baş verməsi inandırıcı görünmür.
Nə üçün belə qənaətə gəlirsiniz ki, sülh sazişinin qısa zamanda imzalanması inandırıcı deyil? - Birincisi ona görə ki, Ermənistanda cəmiyyətin hər kəsimini buna hazırlamaq vaxt tələb edəcək və bununla razılaşmayan revanşist qüvvələr var. Paşinyan hakimiyyəti hazırda bununla məşğuldur. Amma reallıq budur ki, Azərbaycan sülh prosesinin əsas dəstəkçisidir, təşəbbüskarıdır. Çünki bu proses reallaşarsa region daha da canlanar və inkişaf edər. Bu bizim təklif etdiyimiz bir layihədir, onu “Kapitulyasiya- 2” sənədi kimi adlandırmağımız bir o qədər münasib deyil.
Paşinyanın son çıxışında səsləndirdiyi cəsarətli fikirlər nəylə bağlıdır? O bu cəsarəti hansı qüvvələrdən alır? -Ümiumiyyətlə, Paşinyan fikirlərində heç vaxt sabit mövqe nümayiş etdirməyib. Məsələn xatırlayıram ki, Brüsseldə o prezident İlham Əliyevlə görüşəndə qısa zamanda nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı irəliləyişin əldə olunacağına, sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiya məsələlərinə və digər müsbət məsələlərə toxundu, bunların həllini tapacağına dair vədlər verdi. Amma sonra Rusiyaya getdi və yenidən fikrini dəyişdi. Moskvada Putinlə görüşəndən sonra, biz onun fikirlərində dəyişiklik gördük. Bu ondan irəli gəlir ki, Paşinyan özü sabit mövqeyə malik deyil. Həm Qərbin, həm Rusiyanın təzyiqi altında hərəkət edən biridir. Son zamanlar Paşinyanın dəsti- xəttində Qərbə meyillilik var. Onun Rusiyadan olan gözləntiləri özünü doğrultmadı. 13-14 sentyabr sərhəd toqquşmasından sonra Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Bu təşkilatın bölgəyə hərbi kontingent göndərməsini istəyirdi. Amma, bu baş vermədi. Həmin qurumun tərkibində olan Qazaxıstan, Qırğızıstan bu təklifə qarşı çıxdılar. Sözsüz ki, burada Paşinyan öz istiqamətini dəyişməli oldu. Hətta, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə qatılmayaraq BMT- yə getdi. Bu artıq Paşinyanın siyasi dəsti- xəttində növbəti dəyişikliyi göstərir. Paşinyan Fransa prezidenti Emanuel Makronla oktyabrın 6-sında Avropa İttifaqı xüsusi komissiyasının Ermənistana göndərilməsi ilə bağlı razılaşdılar. Azərbaycana da göndərmək istəyirdilər, biz razılaşmadıq. Paşinyanın ABŞ-da olan təmasları və Makronla olan münasibətləri onu deməyə əsas verir ki, onun özünə əsas arxa gördüyü məhz elə Qərbdir. Bununla bağlı ABŞ və Fransada olan erməni diasporunu eyni zamanda, erməniyönümlü siyasətçiləri misal çəkə bilərəm. Ermənistan hazırda Qərbə meyillidir və ABŞ və müttəfiqlərini özünə əsas dayaq kimi görür.
Bəs, Rusiya Ermənistanın nəzarətdən kənar addım atmasına necə reaksiya verəcək? -Rusiyanın necə reaksiya verməsini bir misalla izah edə bilərəm. ABŞ - ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda görüşlər keçirildi. Biz orda ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Cek Sallivanla və digər rəsmilərlə görüşdük. Bu görüşlərdə Azərbaycanın maraqlarına uyğun sənəd olan Vaşinqton sənədi gündəmə gəldi. Bu sənəddə “Dağlıq Qarabağ” ifadəsinə ümumiyyətlə yer verilməmişdir. Bu görüşlərdən dərhal sonra Putinin iştirakı ilə Paşinyan və İlham Əliyevin iştirak etdiyi Soçi görüşü keçirildi. Burada Putin ziddiyyətli bəyanatlar səsləndirdi. Bəyanatlardan biri də o oldu ki, heç bir halda bizim iştirakımız olmadan Ermənistan və Azərbaycan arasında sülh prosesi həyata keçirilə bilməz. Orada “Brüssel prosesini necə qiymətləndirirsiz?” sualına cavab olaraq Putin bildirdi ki, o prosesdə biz yoxuq və müsbət sonluq verə biləcəyinə inanmıram. Putin bu kimi görüşlərdən sonra dəfələrlə növbəti görüşün elanını verir və dövlət başçılarını da dəvət edərək bir növ dünyaya mesaj çatdırır ki, Cənubi Qafqazda mənim iştirakım olmadan hansısa məsələ həll oluna bilməz. Putin anlayır ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda Rusiyanın boşluğunu doldurmağa çalışır. Rusiya da hər vəchlə buna mane olmaq istəyir. Təbii ki, Rusiya üçün Cənubi Qafqazda əvvəlki kimi öz nüfuzunu sürdürməyin ən yaxşı yolu Ermənistan - Azərbaycan münaqişəsində iştirakını bir növ sabit saxlamaqdır. İddia edilə bilər ki, əgər Putin Rusiyası bu münaqişədə daimi iştirakçı olmaq istəyirsə, deməli münaqişənin bitməsində də maraqlı deyil. Çünki münaqişə olmazsa Rusiyaya ehtiyac da qalmaz. Bu da Cənubi Qafqazda Rusiyanın nüfuzunu aşağı salar.
Ermənistan - Türkiyə münasibətləri normallaşmaqdadır. Bu hazırda rəsmi İrəvanın regional xarici siyasətinə necə təsir edəcək? -Rəsmi İrəvanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq və kommunikasiya xətlərinin açılmasıdır. Amma, sözsüz ki, bəyanatlarda olanlarla fəaliyyətdə olanlar üst-üstə düşmür. Biz dəfələrlə Ermənistan tərəfinin dedikləri ilə etdikləri arasında yerlə göy qədər fərq olduğunu görmüşük. Türkiyə ilə münasibətlərin normallaşmasına gəldikdə, bu Ermənistan üçün hava, su qədər vacibdir. Bilirik ki, 1993- cü ildən Türkiyə Azərbaycana dəstək nümayiş etdirərək Birinci Qarabağ müharibəsi fonunda Ermənistanla sərhədləri bağladı. O vaxtdan Ermənistanın xarici ticari - iqtisadiyyatında böyük problemlər var və ölkə daxildən də problemlərlə üzləşib. Ölkədə ciddi inkişaf tempi yoxdur. Bunun da səbəbi ,sözsüz ki, Türkiyə kimi böyük sərhədə malik dövlətin onunla sərhədi bağlamasıdır. Bu baxımdan Ermənistan özü də anlayır ki, sərhədlərin açılması, münasibətlərin normallaşmasından maksimum şəkildə faydalanacaq. Amma, Ermənistanın daxilində də buna qarşı çıxan qüvvələr var. Qeyd etdiyim revanşist qüvvələr - istər "Daşnaksütun" partiyası, istərsə də Respublikaçılar olsun, onlar Türkiyəyə düşmən kimi baxır, ideoloji olaraq Ermənistanın tarixi düşməni olaraq görürlər. Sözdə "erməni soyqırımı"nı türklərin həyata keçirdiyini iddia edirlər. Bu kimi xəstə təxəyyül bu günədək Ermənistanın geridə qalmasının əsas səbəblərindən biri olub. Bu gündən sonra bu ritorikanı düzəltmək üçün Ermənistanın seçimi var. Düşünürəm ki, Paşinyanın bu baxımdan xalqı və müxalif kəsimləri buna razı salmalı olacaq. Digər tərəfdən də, Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasını istəməyən xarici qüvvələr də var. Onlardan biri də elə İrandır.
İran nəyə görə Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil? -Çünki İran ümumiyyətlə Türkiyənin Cənubi Qafqazda regional gücə çevrilməsini istəmir. Başa düşür ki, Türkiyənin məqsədi türk dünyasında həmrəylik yaratmaq, türk dünyası arasında əlaqələri genişləndirmək, nüfuz sahibi olmaqdır. İran bunu ona görə istəmir ki, onun tərkibində də 30 milyondan çox azərbaycanlı var və onlar da bu prosesdən təsirlənə bilərlər. Eyni zamanda, Ankaranın Cənubi Qafqazda möhkəmlənməsi Tehranın zəifləməsi deməkdir ki, cənub qonşumuz da bununla razılaşmaq istəməz.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Tehranın mövqeyi nədən ibarətdir? - Əvvəl də qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan sülh şəraitinin yaranmasında maraqlı olmayan regional qüvvələrdən biri də İrandır. Düşünmürəm ki, İran sözün əsl mənasında Azərbaycan Ermənistan arasındakı sülhdə maraqlı olsun. İran bu günə kimi bu düşmənlikdən maksimum istifadə edən dövlətlərdən biri olmuşdur. Ermənistanla Azərbaycanın arasında diplomatik münasibətlərin olmaması İranın geosiyasi əhəmiyyətini birə beş artıran faktordur. Ermənistan üçün İran hava - su qədər vacibdir. Çünki onun quru sərhədi yalnız Gürcüstan və İranladır. Azərbaycan üçün isə ona görə vacibdir ki, biz Naxçıvanla ən qısa kommunikasiya xəttini məhz İran üzərindən həyata keçiririk. Amma Ermənistan- Azərbaycan münasibətlərində normallaşma olsa, bu İranın geosiyasi əhəmiyyətini azaltmış olur. Buna görə İran heç vaxt regionda davamlı sülhdə maraqlı olmayıb.
Jalə Quliyeva, BDU Jurnalistika fakültəsinin tələbəsi
Facebook'da Paylaş