Azad kapitan!
Azad kapitan!Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün,yoxsa bu qan həpsi hədərmi? Azərbaycan torpağı-uğrunda mübarizə aparmış, şəhidlər vermiş igid, qəhrəman oğulların yaşadığı və yaşatdığı torpağdır. O torpaq ki, illərdir, hətta əsrlərdir hərbi-strateji, coğrafi mövqeyinə, bitməz-tükənməz sərvətinə görə düşmənlərin məkrli planlarıyla üzləşib. Azad Azərbaycanımız uğrunda şəhid olan, qəhrəman, mərd, igid oğullardan biri isə Zeynalovlar ailəsinin böyük övladı Azaddır.
Azad 1987-ci il yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində doğulmuşdur. Azadın özündən kiçik 1 bacısı və qardaşı vardır. Azad 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verir. 15 yaşlı Azadın həyatındakı bu addımında uğursuzluqda onunla birlikdə irəliləmişdi. Həmin vaxtlar kənddə taksi fəaliyyət göstərmədiyindən imtahana gecikmiş, lakin Azad bu stresə, çətinliyə baxmayaraq imtahana girmiş və uğur əldə etmişdir.
2005-ci ildə isə Bakıda Heydər Əliyev adına Hərbi Akademiyaya göndərilmişdi. 2009-cu il 22 iyunda “leytenant”hərbi rütbəsi almış, 2010-cu il 23 iyun tarixində “N” nömrəli hərbi hissənin mühafizə bölüyündə komandir vəzifəsinə təyin edilmişdir. 2013-cü ildə baş leytenant hərbi rütbəsi almışdır. Dörd il qüsursuz xidmətdən sonra, 2017-ci ildə kapitan hərbi rütbəsi verilmişdir. Azad kapitan!
Azad Zeynalov sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsinə yollanmış, həyatının çiçəklənən çağında xalqı, torpağı uğrunda şəhid olmuşdur. Ailəsi Azadla bağlı xatirələrini danışarkən ürəkləri kədərlə sızlasa da, duzlu-məzəli sözlərini xatırladıqca, üzlərində təbəssüm yaranır. Deyirlər ki, Azadın unuda bilməyəcəyimiz kəlmələrindən biri də qardaşı Hüseynə verdiyi sual idi: ”Gələcəkdə Aslan üçün nə edərsən?” Görəsən bu sualı verərkən nələr keçirirdi ağlından? Görəsən bilirdimi ki,3 il sonra canından çox sevdiyi Aslanı Hüseynə əmanət edəcək?
Anası Səkinə xanım həmişə deyir ki, Balam müharibəyə gedəndən mənim ürəyimə ağrı girmişdi, hiss edirdim ki, Azadım ordan gələ bilməyəcək, mən bir də onu bağrıma basa bilməyəcəm, bir də Azadımın dilindən “ana” kəlməsini eşitmiyəcəm.
2 oktyabrda oğlu Aslan və həyat yoldaşı Cəvahir xanıma görüntülü zəng etmişdi, danışıq müddətində Azad çox kövrək idi, bəlkə də hiss edirdi 10 gün sonra düşmən gülləsinə tuş gələcək.
6 oktyabrda Azad son zənglərindən birini etmişdi. O zəngdə heç vaxt görməyəcəyi, qucağına ala bilməyəcəyi, ata sevgisindən ömürlük məhrum olan, may ayında doğulacaq körpəsinin necə olduğunu soruşdu.
Azad oktyabrın 11-i Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgərini döyüş meydanından çıxararkən düşmən gülləsindən ağır yaralanmışdı. O, 14 gün reanimasiyada ölümlə mübarizə aparır. Sonda amansız ölüm Azada qalib gəlir. Oktyabrın 26-da kapitan Azad Zeynalov şəhidlik zirvəsinə ucalır.
Ruhun şad olsun kapitan Azad Zeynalov! Uğrunda canından keçdiyin torpaq artıq Azaddır.
Lamiyə CƏNNƏTZADƏ
Facebook'da Paylaş