Bu gün onların günüdür

5-10-2024, 09:11

Bu gün onların günüdür

İlk Müəllimim Əlayət Bayramov və sinif yoldaşım Əməkdar artist Rəhilə Bəndəliyeva
Bu gün onların günüdür

Bu gün müəllimlər günüdür. Dünyasını dəyişən müəllimlərimizi rəhmətlə anır, ruhları qarşısında baş əyirəm. Yaşayanlarına sağlam, uzun ömür arzulayıram. Gələn il 50 il olacaq ki, məktəb partasından ayrılmışam. Artıq sevimli müəllimlərimin çoxu dünyasını dəyişib. Hətta müəllim olan sinif yoldaşlarım əməkli olub. Amma müəllimlərim həmişəki müqəddəsliklərini saxlayıblar.
Əziz oxucular, bu müqəddəs varlıqlara ithaf etdiyim “Bitməyən dərs” yazımdan bir parçanı Müəllimlər günündə sizlərlə paylaşmaq istədim:
“Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.

Gığı məktəbindəki müəllimlərim
Sağımda Tofiq Hüseynov, solumda Sucəddin Məmmədov
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı…
Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik…

Müəllimim Mübariz Vəliyev
Əziz müəllimlər, bayramınız mübarək! Bəzən bəzi müəllimlər məcburiyyət ucbatından, cəmiyyətin deqredasiyası, sosial vəziyyətin ağırlığı səbəbindən peşələrinin şərəfini qorumaqda çətinlik çəkirlər. Mən şəxsən əminəm ki, məcbur edilməsə, heç bir müəllim o uca adın ləkələnməsinə yol verməz.
Əziz müəllimlər, öz müəllimlərim başda olmaqla, hamınızı təbrik edirəm! Cəmiyyətimizin sağlamlaşmasında üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilmək üçün sizə fürsət diləyirəm! Adınıza, şərəfinizə sayğılarla: Tamxil Ziyəddinoğlu

Universitet müəllimlərim




Facebook'da Paylaş