“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...

25-10-2022, 21:09

“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...


“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ....
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!

Cəbrayıl rayonunun Qumlaq icra nümayəndəliyinə daxil olan kəndləri bir araya gətirib mikroşəhər salmaq olar. Zəngəzura gedən dəmiryolu xətti üstündə Cəbrayıl rayonu ərazisindəki Qumlaq stansiyasının təməli qoyuldu. Hesab edirəm ki, Qumlaq icra nümayəndəliyinə daxil olan bütün kəndlərin bu əraziyə köçürülməsi və onların bazasında Qumlaq stansiyası əvəzinə XUDAFƏRİN adlı yeni mikroşəhər stansiyasının salınması çox düzgün olardı. Ermənilərin darmadağın etdikləri Xudafərin kəndinin xarabalıqlarını isə gələcək nəsl və turistlər üçün (burada yerləşən Xudafərin körpüləri də daxil) tarixi muzeyə çevirməliyik. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, ərazi əhəmiyyətli turizm komplekslərinin yaradılmasından ötrü əla şəraitə malik olub, tarixi-mədəni və təbiət abidələri ilə zəngindir.

Qeyd etmək lazımdır ki, Qumlaq icra nümayəndəliyinə daxil olan 5 kənd "Xudafərin" SES və "Qız Qalası" hidroqovşağının inşası səbəbi ilə əlaqədar Araz çayının altında qalacaq. Ona görə də həmin kəndlərin başqa əraziyə (təxminən Diridağ silsiləsinin arxa üzünə, Horadiz-Cəbrayıl-Ağalı dəmiryol xəttinin ətrafına) köçürülməsi zərurəti ortaya çıxır.
Fikrimizcə, ərazidə "XUDAFƏRİN" adlı şəhərin salınması, həm sosial-iqtisadi, həm də siyasi baxımdan faydalı ola bilər. Nəzərə alsaq ki, Qumlaq stansiyası həm tarixi Xudafərin körpülərinə yaxındır, həm də digər tərəfdən Şərqi Zəngəzurun (Azərbaycan Respublikasının ərazisi) Qərbi Zəngəzura (hazırda Ermənistan Respublikasının ərazisi) və Güney Azərbaycana (hazırda İran İslam Respublikasının ərazisi) çıxışı ilkin olaraq burdan başlanır. Şərqi Zəngəzurla Qarabağın orta xəttində belə bir şəhərin salınması iqtisadi cəhətdən də çox əlverişlidir. Bu təklif qəbul olunacağı təqdirdə işğaldan azad edilmiş yaxın bölgələrdə bərpa işləri ilə bağlı yeni yaradılacaq çoxsaylı infrastrukturların, sosial obyektlərin inşasında, enerji və kommunikasiya xətlərinin və kənd təsərrüfatı sahəsində aqrosənaye komplekslərinin yaradılması və inkişaf etdirilməsi üçün kifayət qədər məhsuldar qüvvələrə ehtiyac olacaq. Onların müxtəlif çeşidli əmək sahələrinə cəlb olunması, yaşayış yerləri ilə təmin edilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması yeni salınacaq "XUDAFƏRİN" Şəhər-Stansiyasının inkişafına zaman keçdikcə ciddi təsir göstərəcək.

Yuxarıda qeyd edtiyimiz kimi, biz bu inamdayıq ki, ərazinin ekoturizm potensialını da bura əlavə etsək, belə bir şəhərin tikintisi ölkəmizin gələcəyi üçün perspektiv imkanlara yol aça bilər.
Bütün hallarda dövlətimizə bu sahədə apardığı bərpa və quruculuq işlərində uğurlar arzulayırıq!

Sayğılarımla: Yusif DİRİLİ (Mahmudov)
Tarix üzrə fəlsəfə doktoru




Facebook'da Paylaş