Könüllü Vətənə qayıdan 274 Azərbaycan vətəndaşına yardım göstərilib

24-08-2022, 14:11

Könüllü Vətənə qayıdan 274 Azərbaycan vətəndaşına yardım göstərilib

Bu ilin birinci yarısında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 274 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

Təşkilatdan verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində ərzində BMqT-nin dəstəyi ilə 406 nəfər könüllü olaraq ölkəyə qayıdıb.

Qayıtmış şəxslər ən çox Moldovadan (153 nəfər), Almaniyadan (152 nəfər), Niderland Krallığından (58 nəfər), Polşadan (15 nəfər), Latviyadan (7 nəfər) və Avstriyadan (7 nəfər) olub.

KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq son altı ayda ümumilikdə 274 nəfər nağd yardımla təmin olunub, həmçinin bu şəxslərdən 194 nəfəri isə nağd yardımla yanaşı eyni zamanda əlavə qeyri-nağd yardım da əldə edib. Qeyri-nağd şəkildə yardım çərçivəsində 39 şəxsə müvəqqəti mənzil təminatı, 17 şəxsə kiçik biznesin qurulması, 137 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 3 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilmişdir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.




Facebook'da Paylaş