Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

8-08-2022, 15:00

Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

Azərbaycan Nazirlər Kabinetinin Qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Bu barədə Ordum.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərarlar Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib.

Yeni qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

Reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.




Facebook'da Paylaş