Repressiyadan qurtulmanın düsturu…
Repressiyadan qurtulmanın düsturu…Professor Bədirxan Əhmədli: “Repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmamışdır”Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərlə bağlı xeyli tədqiqatlar apardıq. Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli ilə söhbət etdik. Bədirxan müəllim çox maraqlı mətləblərə toxundu.
-Bədirxan müəllim, Azərbaycanın tarixində önəmli məqamlardan biri XX əsrdəmüxtəlif kateqoriyadan olan insanlara qarşı törədilmiş repressiya tarixinin tədqiqi məsələləridir. Sizin fikrinizcə, bu tədqiqat işlərini qənaətbəxş hesab etmək olarmı?-Repressiya XX əsrin ən dəhşətli siyasi aksiyalarından biridir; dövlət tərəfindən törədilmişdir və müəllifi də özüdür. Repressiyanı cəmiyyətdə insanlar, zümrələr bir-birinə qarşı törətməmişdir. Sovet dövləti öz insanlarına qarşı ölüm hökmü, yaxud ölümə bərabər sürgün hökmü vermişdir. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü.
Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar İ.V.Stalin və L. Beriyanın repressiya "sunamisi" bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Bu, birmənalı şəkildə belədir.
O ki qaldı, repressiyanın araşdırılmasına, təəssüf ki, bunu yetərli saymaq olmaz. Bizdə repressiya hələ bütün yönlərilə araşdırılmamışdır. Araşdırılan əsərlərdə isə çoxlu ziddiyyətli, bir-birini təkzib edən, yaxud faktlara söykənməyən, yalnız ehtimal edilən fikirlər söylənmişdir. Bəzən bir həqiqəti aşkara çıxarmaq üçün bir neçə fakta əsaslanmalısan. Bu cür faktlar isə ya yoxdur, ya da yetərli deyil. Ona görə də bu məsələdə hər hansı bir hökm vermək çətindir. Hər bir şəxsiyyətin istintaq işinı fərdi yanaşmaq lazımdır və onu tədqiq etmək lazımdır. Bu sahədə araşdırmalar çox azdır, ayrıca bu məsələni kompleks şəkildə araşdırmaq gərəkir.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır; bəzən mətbuatda dərc edilən hər hansı bir məqalə və ya çıxış sənətkarın əleyhinə istifadə olunur. Bu barədə mən məqalələrimdə yazmışam. Halbuki, müstəntiqlər şairin istintaqında bunlara istinad etməmişlər. Çıxışın özü də hər hansı bir sənətkatrın həbsi üçün söylənməmişdir, məqsədi də onu həbs etdirmək olmamışdır. Bütün bunlar onu göstərir ki, problemi siyasi, hüquqi, tarixi, ədəbi yönlərdən tədqiq etmək işin xeyrinə olardı. Repressiyaya həsr edilmiş elmi konfransa keçirməklə bu məsələ haqqında müəyyən dolğun təsəvvür yaratmaq mümkündür. İndiki halda repressiya bizdə pərakəndə halda tədqiq edilib.
-Repressiya ilə bağlı və yaxud zərər çəkmiş insanlar demək olar ki, dünyalarını dəyişiblər. Arxivlərdə olan sənədlərə bəzi tədqiqatçılar tərəfindən diqqət yetirilib, kitablar, məqalələr yazılıb. Bu sahədə geniş tədqiqatlar aparıb bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün nə etmək lazımdır?-İşin çətinliyi bir də orasındadır ki, bu məsələnin üzərindən təxminən bir əsr keçib. Şahidlər yoxdur. Repressiyanın olmasından sonra da uzun müddət hətta repressiya olunanlar belə bu işin mahiyyətini yaxından dərk etməyiblər, bunu özlərinə qarşı haqısızlıq hesab etsələr də, ayrı-ayrı adamları günahlandırıblar. Hətta sürgündə olduqda belə Stalinə çoxlu məktublar yazıblar, özlərinin günahkar olmadıqlarını sübuta yetirməyə çalışıblar. Onların bu məktublarından aydın olur ki, bu işdə Stalini günahlandırmırlar, onun bu işlərdən xəbəri olmadığını güman edirlər. Halbuki repressiya aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya getmişdir. Burada fərdləri günahlandırmaq işin ən sonuncu hissəsidir. İnsanları bir-birinin üzərinə salan sistem idi. Repressiyanın mexanizmi o qədər də sadə deyil, çox mürəkkəbdir. Bu mürəkkəbliyi açmaq tədqiqatçıların əsas vəzifəsidir.
- Belə tədqiqatların effektli olması üçün bir sıra dövlət qurumlarının, araşdırmalarla məşğul olan şəxslərin iştirakı ilə Komissiyanın yaradılmasına münasibətiniz necədir?-Bəli, dövlət tərəfindən komissiya yaranmalıdır. Bu komissiyaya tarixçilər, ədəbiyyatçılar cəlb olunmalıdır. Arxivlər açılmalıdır. Hələ də hətta tədqiqatçıların əli çatmayan sənədlər var ki, onların tədqiqata cəlb olunması elmi dövriyəyə fayda verə bilər.
-Repressiyaya məruz qalan və yaxud həmin şəxslərin həbs olunmasına bais olan insanlar haqqında bəzən replikalar dolaşır. Elmi mənbələrə istinad olunmayan belə replikalar cəmiyyətdə çaşqınlıq yaradır. Sizin bu barədə fikirləriniz necədir? -Təəssüf ki, bizdə belə bir fikir var ki, repressiyada sağ qurtulanlar günahkardırlar. Bu barədə məqalələrdə, sosial şəbəkələrdə tez-tez yazılır. Lakin onların faktları, arqumentləri çox zəifdir. Məsələn, bir nümunə deyim. Tanıdığım bir adam gəncliyində tələbə olarkən M. Müşfiqin repressiya olunmasında onun müasiri məşhur bir şairi günahlandırırdı. Sonralar o adam ədəbiyyatşünas oldu və M. Müşfiq haqqında sənədlərə əsaslanan bir monoqrafiya yazdı. Tədqiqatçı gəncliyində söylədiyi fikirlərdən daşınmışdı. Ona görə ki, faktlara əsaslanmışdı. Yəni bilmədən, yalnız ehtimal ilə hər hansı bir adamı günahlandırmaq çətindi, həm də elmin yolu deyil. 30-cu illər repressiyasını obyektiv araşdırmaq əvəzinə fakta əsaslanmayan, daha çox sağ qalanların mənəvi terroruna yönəlmiş ittiham və tənqidlərlə qarşılaşırıq. Bu yolverilməz haldır.
Tarixin müxtəlif dönəmlərində sovet cəza sistemindən ziyan çəkən, ədalətsizliyin qurbanı olaraq həyatlarını itirmiş şəxsiyyətlərin xatirəsini bu gün əbədiləşdirmək üçün nələri etmək lazımdır?
-Onların adalarını əbədiləşdirmək üçün ən yaxşı yol, elm, ədəbiyyat adamlarının əsərlərini nəşr etmək və onları tədqiqata cəlb etməkdir.
Araşdırma Qrupu
Facebook'da Paylaş